21 fevral 2022 17:16
1058

TTSİ-nin Kadr hazırlığının təşkili mərkəzində 60 mindən artıq dinləyici kurslarda iştirak edib

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) Kadr hazırlığının təşkili mərkəzinin (KHTM) 2021-ci ildəki fəaliyyətinin yekunları ilə əlaqədar onlayn hesabat iclası keçirilib.

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsindən “iki sahil”ə verilən məlumata görə, iclası giriş sözü ilə açan İdarə rəisi Fuad Süleymanov KHTM-nin aparıcı təlim mərkəzi kimi uzunmüddətli səmərəli fəaliyyətindən danışıb. Bu fəaliyyətin göstəricisi kimi, 60 mindən artıq dinləyicinin kurslarda iştirakını qeyd edən F. Süleymanov Mərkəzin SOCAR-ın kadr potensialının artırılmasına verdiyi töhfələri yüksək qiymətləndirib.

İclasda Kadr hazırlığının təşkili mərkəzinin müdir müavini Fərid Əzizov Mərkəzin 2021-ci ildəki fəaliyyətini əks etdirən hesabatı slayd vasitəsilə diqqətə çatdırıb. Qeyd edib ki, pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, ənənəvi dərslərin keçirilməsində fasilələr olmamış, 255 qrupda təşkil edilən kurslarda 1596 dinləyici iştirak etmişdir. Onlayn kurslar da paralel olaraq davam etdirilmiş, 240 qrupda keçirilən təlimlərə 4396 dinləyici qatılmışdır.

Dinləyicilərin 3377 nəfəri ƏMTT, 1952 nəfəri mühəndis-texniki işçilər üçün ixtisasartırma, 360 nəfəri fəhlə qrupları üçün ixtisasartırma, 28 nəfəri isə yenidən hazırlanma istiqamətində kursların iştirakçısı olmuşdur.

2021-ci ildə planlaşdırılmış işlərin yerinə yetirildiyini qeyd edən F.Əzizov 2022-ci il üçün qarşıya qoyulan hədəfləri də diqqətə çatdırıb.

Sonra hesabat ətrafında müzakirələr aparılıb.

İclasa yekun vuran İdarə rəisi Fuad Süleymanov Mərkəzin 2021-ci ildəki fəaliyyətini yüksək qiymətləndirərək qarşıda duran məqsəd və vəzifələrdən bəhs edib, müvafiq tapşırıqlar verib.