Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun yeni ACE (Mərkəzi-Şərqi Azəri) platformasının tikintisi sona yaxınlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov "Facebook" səhifəsində bildirib.
"SOCAR-ın AZFEN və "Bos Şelf" şirkətləri nəhəng platformanın üst hissəsini və dayaq blokunu inşa etməkdədir", - paylaşımda bildirilir.
O qeyd edib ki, bu platforma ölkənin neft hasilatının sabitləşməsinə mühüm töhfə verəcək.
"BP-Azərbaycan" şirkətinin (layihə operatoru) öncə verdiyi xəbərə görə, ACE layihəsi çərçivəsində ötən ilin sonuna işlər ümumilikdə 65% tamamlanıb.
Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.
Qeyd edək ki, ötən il AÇG-də 23 mln. ton neft hasil edilib ki, bu da illik müqayisədə 2,54% azdır. AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%.