Bu, «Azəriqaz» İstehsalat Birliyinin ölkənin qazlaşdırılması istiqamətində səmərəli fəaliyyətinin göstəricisidir
Fevralın 25-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
Jurnalistlərin «Azəriqaz» İstehsalat Birliyi ilə «Azəristiliktəchizat» ASC arasında təbii qazdan istifadəyə görə yaranmış borc probleminə dair sualını Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev cavablandırıb. Bildirib ki, iki qurum arasında mövcud problem Nazirlər Kabineti səviyyəsində müzakirəyə çıxarılıb: «Xüsusilə Azərbyacan Respublikasının Baş naziri Əli Əsədovun göstərişi ilə «Azəristiliktəchizat» ASC-yə dotasiya ayrılıb. Bu dotasiya da «Azəristiliktəchizat»ın «Azəriqaz» İB-yə olan borcunun əhəmiyyətli hissəsini təmin etmişdir. Artıq «Azəristiliktəchizat» debitor borcla bağlı müəyyən ödənişlər də həyata keçirib. Hazırda «Azəriqaz» İB tərəfindən bütün işlək qazanxanalara təbii qazın verilməsi davam edir və bununla bağlı hər hansı bir məhdudiyyət yaşanmır».
Tədbirdə «Azəriqaz» İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, mexaniki sayğacların «smartkart» tipli sayğaclarla əvəzlənməsi kimi müraciətlərə «Azəriqaz» İB-in rəhbərliyi müştəri məmnuniyyəti qazanmaq üçün müsbət yanaşır. Onun sözlərinə görə, 2021-ci ildə SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinə «smartkart» tipli sayğacların bloka düşməsi, kartların itməsi ilə bağlı 150 minə yaxın müraciət daxil olub: «Bu müraciətlər gecə saat 2-də də, gündüz saatlarında da daxil olub. Yəni, belə hallar günün istənilən saatında baş verə bilir. Bu isə o deməkdir ki, «smartkart» tipli sayğac quraşdırılmasını arzulayan abunəçilər baş verəcək bu kimi halları da nəzərə almalıdırlar. Sonradan ödənişli mexanikli sayğaclarda isə belə hallar baş vermir. Bu sayğcların işləmə və yazma mexanizmləri eynidir. Fərq yalnız ondan ibarətdir ki, birində ödəniş əvvəlcədən, digərində isə sonradan edilir.»
Eldəniz Vəliyev xüsusi vurğulayıb ki, 2022-ci ilin yanvarın 1-nə olan məlumata görə, ölkə üzrə 2 442 030 abunəçi var: «Bu isə 2021-ci ildəki abunəçi sayının daha 83 033 nəfər artması deməkdir. Bu rəqəm göstərir ki, «Azəriqaz» İstehsalat Birliyi ölkənin qazlaşdırılması istiqamətində səmərəli fəaliyyət göstərib və bu fəaliyyət indi də uğurla davam edir.»
Elçin Zaman, "İki sahil"