02 mart 2022 18:30
1442

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi beynəlxalq standartların tətbiqinə nəzarəti gücləndirir

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Beynəlxalq standartların tətbiqinə nəzarət şöbəsinin 2021-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn hesabat iclası keçirilib.

“İki sahil” xəbər verir ki, Beynəlxalq standartların tətbiqinə nəzarət şöbəsinin rəisi Ramil Nəzərov SOCAR-ın struktur bölmələrində fəaliyyətlərin ISO standartlarının tələblərinə uyğunlaşdırılması və müvafiq olaraq ISO standartları üzrə müəssisələrin sertifikatlaşdırılmasını təmin etmək istiqamətində fəaliyyət göstərən şöbədə il ərzində yerinə yetirilmiş işlər barədə hesabat məruzəsi ilə çıxış edib, statistik rəqəmləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, keçirilmiş auditlər zamanı aşkar edilən uyğunsuzluq faktları, ISO standartları üzrə keçirilən təlim kursları barədə iclas iştirakçılarına ətraflı məlumat verilib.

İclasa yekun vuran Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov İdarənin dünyada tanınmış sertifikatlaşdırma qurumlarından biri olan SGS şirkəti tərəfindən ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 standartları üzrə korporativ sertifikatlara layiq görülməsində beynəlxalq standartların tətbiqinə nəzarət şöbəsinin xüsusi əməyini qeyd edib. Bu nailiyyəti şöbə əməkdaşlarının uğurlu fəaliyyətinin növbəti təzahürü kimi qiymətləndirən F.Süleymanov gələcək hədəflərə çatmaq üçün Şöbə rəhbərliyi qarşısında konkret tapşırıqlar qoyub.

Orxan Vahidoğlu, "İki sahil"