04 mart 2022 15:28
982

“Azəriqaz” rəhbərliyi sahibkarların problemlərinə həssaslıqla yanaşır FOTO

Məsafədən idarə olunan ağıllı sayğaclar üzərində işlər gedir

Martın 4-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

Tədbirdə sahibkarlarla keçirilən davamlı görüşlərə və onların problemlərinin həllinə dair verilən sualı cavablandıran İB-nin Problemlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, bizim rəhbərlik istixana sahibi olan sahibkarlara hər zaman həssas yanaşıb. Təəssüf ki, bəziləri bundan sui-isitfadə edərək borclarını ödəməkdən yayınmağa çalışırlar: «Birliyin əməkdaşları sahibkarla görüşəndə soruşurlar ki, borcunun hissə-hissə ödənilməsi üçün nə qədər müddət lazımdır? Sahibkar da tutalım 5 aya ödəyəcəyini  deyir. Lakin növbəti görüşdə yenidən 5 ay möhlət istəyir. Təəssüf ki, bu kimi hallar az da olsa var».

Azərbaycanda qurulacaq yeni növ ağıllı sayğaclar barədə məlumat verən Eldəniz Vəliyev bildirib ki, hazırda SOCAR bu istiqamətdə xüsusi proqram üzərində işləyir: «Proqrama əsasən, abonentlər sayğaclarının şəklini çəkib «Azəriqaz» İstehsalat Birliyinin abunə bazasına göndərəcək. Bundan sonra sərfiyyat və borc barədə abonentə onlayn məlumat veriləcək. Hətta bu proqram vasitəsilə onlayn ödənişlər olacaq. Yəni, sayğacların üzərində şəffaf qutular quraşdırılacaq ki, bununla da həm qurum əməkdaşlarının, həm də  abonentlərin sayğaca müdaxiləsi mümkün olmayacaq. Bu sayğaclarda sərfiyyatın dayandırılmasını məsafədən də idarə etmək olacaq və onların quraşdırılmasına görə ödəniş tələb olunmayacaq.»

«Qazlaşdırmaya dair dövlət proqramlarında adı olmayan kəndlərin istina hal kimi qazlaşdırılması mümkündürmü» sualını cavablandıran İbrahim Kərbalayev bildirib ki, hər hansı rayonun kəndi üçün ayrılan dövlət vəsaitinin müəyyən hissəsinin bir başqa kənddə görüləcək işlərə sərf edilməsi mümkün deyil: «Kəndlər və yeni yaşayış massivləri dövlət proqramına uyğun olaraq siyahı üzrə qazlaşdırılır və burada siyahı, tarix öz əksini tapıb.»

Tədbirdə «Azəriqaz» İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Məhiyəddinov bildirib ki, hazırda Şuşa şəhərinin qazlaşdırılması ilə bağlı ilkin layihələndirmə işlərinə başlanılıb: «Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birinci mərhələdə çəkiləcək qaz xətlərinin dəhlizinin razılaşdırılması ilə bağlı müraciət olunub. Qaz xətlərinin dəhlizi razılaşdırıldıqdan sonra layihələndirmə işləri yekunlaşacaq. Müvafiq investisiya vəsaiti ayrıldıqdan sonra Şuşa şəhərinin birinci mərhələdə paylayıcı küçə xətlərinin çəkilməsinə başlanılacaq.»

O,  həmçinin bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad olunan Ağdam şəhərinin də Baş planı hazırlanıb: «Artıq bu Plan yekun mərhələdədir və ona uyğun olaraq «Azəriqaz» İB növbəti aydan Ağdam şəhərinin paylayıcı qaz təchizatı sisteminin layihələndirilməsi işlərinə başlayacaq. Eyni qaydada layihələndirmə işləri başa çatdıqdan, müvafiq razılaşdırma işləri aparıldıqdan və maliyyə vəsaiti ayrıldıqdan sonra Ağdamda da tikinti-quraşdırılma işlərinə başlanılacaq».

Elçin Zaman, «İki sahil»