05 mart 2022 15:52
1324

"Azəriqaz" qazlaşdırmanın sürətləndirilməsi üçün alternativ variantlar irəli sürüb

Vətəndaşların məişət firavanlığı və təbii qazdan təhlükəsiz istifadə SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin (İB) əsas iş prinsipidir. Bundan başqa «Azəriqaz» İB qazlaşdırılması Dövlət Proqramında yer almayan yeni yaşayış massivlərinin və kəndlərin qazlaşdırılması üçün alternativ variantlar irəli sürüb. Bəs bu alternativlər nədən ibarətdir?

«Azəriqaz» İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "İki sahil"ə bildirib ki, istər Bakıda, istərsə də rayonlarda qazlaşdırmaya dair dövlət planına düşməyən məhəllələrin sakinləri öz şəxsi vəsaitləri hesabına qazlaşdırmanı sürətləndirə bilərlər: «Bunun üçün ilk növbədə mülkiyyəti təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsi tələb olunur. Bundan sonra  məhəllə sakinləri «Azəriqaz» İB-nin «ASAN kommunal» xidmətlərindəki nümayəndəliyinə müraciət edib layihələndirmə işlərinə icazə almalıdırlar. Daha sonra isə qazlaşdırma işləri ilə məşğul olan və müvafiq lisenziyalara malik ixtisaslaşmış podratçı təşkilatlarla razılaşmaq və müqavilə bağlamaq lazımdır. Qaz çəkilişləri ilə məşğul olan podratçı təşkilatlara nağd ödənişlər etmək qeyri-qanunidir.»

Onun sözlərinə görə, yalnız bu proseslər tam başa çatandan sonra sakinlərin vəsaitləri hesabına məhəllələrin qazlaşdırılmasına başlamaq olar: « Belə çəkilişlər qanuni hesab olunur və sakinlərin məişət firvanlığını təmin edir. Çəkiliş başa çatandan sonra istismara qəbul prosesini «Azəriqaz» İB-nin müvafiq qurumları həyata keçirir»

Teymur Cəfərov  2022-ci ildə kapital qoyuluşu proqramına uyğun olaraq müxətlif bölgələrdə 68 yaşayış məntəqəsinin və 55 yeni yaşayış massivinin qazlaşdırılmasının nəzərdə tutulduğunu bildirib: «Hal-hazırda qazlaşdırılma işləri geniş vüsətlə davam etdirilir. 2021-ci ilə qədər qazlaşdırılma işləri dövlət sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilirdi. Həmin dövrdən başlayaraq kapital qoyuluşu proqramına uyğun olaraq qazlaşdırılma işlərinin «Azəriqaz» İB-nin daxili maliyyə resursları hesabına həyata keçirilməsinə başlanılmışdır.»

 Şöbə müdiri onu da vurğulayıb ki, yeni abonentlərdə yeni nəsil «ağıllı» qaz sayğaclarının quraşdırlmasına da start verilib. Bu sayğacların gələcəkdə İOT texnologiyasına qoşulmaqla avtomatlaşdırılmış müasir nəzarət və uçot sisteminin yaradılması mümkün olacaqdır ki, bunun nəticəsində qaz uçotu məsələlərində abonentlərin rahatlığı və məmnuniyyəti tam şəkildə təmin olunacaq.

«Azəriqaz» İB-nin fəaliyyət istiqamətindəki digər yeniliklər isə «Qaz təchizatı haqqında» Qanunun təsdiqlənməsi ilə reallaşıb. Belə ki, qanundakı dəyişikliklərə görə, qazdan qeyri-qanuni istifadəyə görə cərimələrin miqdarı artırılıb. Digər məsələ isə «Azəriqaz»ın səlahiyyət və vəzifələrinin artırılması ilə bağlıdır. Belə ki,  2017- ci ildən qazdan təhlükəsiz istifadəyə dair tədbirləri Föqəladə Hallar Nazirliyinin müvafiq qurumları həyata keçirirdisə yeni dəyişikliyə görə artıq bu vəzifə yenidən «Azəriqaz»a həvalə olunur. Qanunun yeni variantında göstərilir ki, Birliyin səlahiyyətli əməkdaşları xüsusi mülkiyyətdə yerləşən istənilən qaz kəmərini (xəttini) və qurğusunu yoxlamaq üçün 5 gün əvvəl abonenti xəbərdar edir. Əgər abonent əməkdaşlara vəzifə səlahiyyətlərini icra etməyə mane olursa onun qaz təchizatı dayandırılır.

Elçin Zaman, "İki sahil"