SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəfin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə neftçi qadınlara təbriki
Əziz neftçi xanımlar!
Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Qürurverici haldır ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli liderliyi ilə inkişaf yolunda gələcəyə inamla addımlayır, bütün dünyada nüfuzunu ildən-ilə artırır.
Məmnuniyyət hissi ilə qeyd edirəm ki, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlara qadınların misilsiz töhfələri olmuşdur. Azərbaycan qadını istedad və zəkası, mübariz ruhu və şərəfli əməyi ilə daim Vətənə xidmət etmişdir. Respublikamızda bir an belə ara verməyən quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi, bu gün də yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəallıq nümayiş etdirərək Azərbaycanın tərəqqisinin təmin edilməsində mühüm rol oynayırlar.
Şübhəsiz, ölkəmizin dinamik inkişafının təməl daşı olan neft-qaz sənayemizin yüksəlişində, həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələrinin uğurunda neftçi qadınların fədakar əməyi xüsusi qeyd olunmalıdır. Əminəm ki, enerji strategiyamızın müvəffəqiyyətlə reallaşdırılması, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin və xalqımızın rifah halının daha da yüksəldilməsi naminə bundan sonra da var qüvvənizlə çalışacaq və ölkəmizin inkişaf salnaməsinə parlaq səhifələr yazacaqsınız.
Əziz neftçi xanımlar!
Sizi bir daha 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və firavan həyat arzulayıram.
Hörmətlə,
Rövşən Nəcəf,
SOCAR-ın birinci vitse-prezidenti,
prezident vəzifəsini müvəqqəti icra edən