KÖŞƏ

Zahid Rza

Şər yuvası

10 mart 2022 23:14
1487

Erməni qriqorian kilsəsinin yüz illər boyu əsas məqsədi dini-etnik zəmində münaqişələr yaratmaq, erməni terrorizmini dəstəkləmək, türk-müsəlman əhalisini etnik təmizləməyə və deportasiyaya məruz qoymaq olmuşdur. Bu şər yuvası daim xarici havadarlarının köməyi ilə qeyri-müsəlmanlara qarşı dini-etnik düşmənçiliyin yaranmasında xüsusi canfəşanlıq göstərib. Son iki yüz il ərzində erməni qriqorian kilsəsinin və katalikoslarının təlimat və göstərişləri ilə azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən böyük terror aktları törədilmiş, uşaqlar və qadınlar da daxil olmaqla mülki əhali kütləvi qətliam və soyqırımına məruz qalmış, yaşayış məskənlərimiz, mədəni və dini abidələrimiz məhv edilmiş, məscidlərimiz yandırılmış, təhqir olunmuşdur.

Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan qırx dörd günlük müharibə zamanı erməni qriqorian kilsəsinin nümayəndələri, xüsusilə katolikos II Qaregin Ermənistan silahlı qüvvələrinin müharibə zamanı dinc əhaliyə qarşı qadağan olunmuş silah-sursatlardan istifadə olunanda nəinki səsini çıxartmayıb, əksinə qeyri-humanist, dini, etnik və irqi ayrı-seçkilik mövqeyi nümayiş etdirərək bu cəlladların insanlıq əleyhinə yönəlik fəaliyyətinə rəvac verib. Şübhəsiz, bu silah-sursatlar Azərbaycanın münaqişə zonasından uzaq ərazilərində, şəhər və kəndlərdə yaşayan dinc sakinlərin ölümünə səbəb olub. Erməni katolikosu Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin tarixi, mədəni və dini abidələri dağıtmasına, meşələri məhv etməsinə, həmçinin su mənbələrini zəhərləmələrinə bir din xadimi kimi də etiraz etməyib. Əksinə, II Qaregin öz sələflərinin yolunu davam etdirərək münaqişənin başladığı ilk vaxtlardan, eləcə də indi onu dini müstəviyə çəkmək, xristian-müsəlman savaşı kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxır, dini-etnik ekstremist mövqe tutaraq erməniləri Azərbaycanla müharibədə iştirak etməyə çağırır. Bu da təsadüfi deyil. Belə ki, erməni kilsəsi yarandığı vaxtdan bu günə qədər dini siyasi alətə çevirərək, din pərdəsi altında terrorla məşğul olaraq ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinə rəhbərlik edib. Erməni qriqorian kilsəsi hətta bir sıra erməni terror təşkilatlarının yaradılmasının baş memarı rolunu oynayıb.

Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycanda yüz illər boyunca ayrı-ayrı dinlərin nümayəndələri dinc şəraitdə yaşayıblar. Ölkəmizdə tolerantlıq bir keyfiyyət olmaqla yanaşı, həm də həyat tərzidir. Azərbaycan dini, etnik, mədəni, siyasi, elmi sahələrdə tolerantlıq baxımından dünya üçün nümunədir. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin təhlükəsizliyi, dini etiqad azadlığı təmin edilir, dini əqidəsindən asılı olmayaraq, dövlət hər bir vətəndaşına eyni dərəcədə diqqət və qayğı göstərir, insanlarımız bir-birinə tolerant yanaşırlar. Azərbaycan bu aspektdən dünyanın bir çox dövlət və cəmiyyətlərinə nümunə ola biləcək bir ölkədir. Əzəli diyarımız Qarabağın tarixi-mədəni irsi, bu ərazilərdə islami və xristian dinlərinin yanaşı inkişaf etməsi, məscidlərlə bərabər, xeyli sayda alban məbədlərinin də olması Azərbaycanda multikulturalizm ənənələrinin necə dərin qatlara söykəndiyinin bariz nümunəsidir. İnsanlıqdan uzaq olan erməni faşistləri bu əksinə olaraq 30 illik işğal zamanı həmin dini abidələri, məscid və məbədləri dağıdıb, qədim Alban irsinə ziyan vuraraq onları özününküləşdirmək, xristian dini abidələrinin mənşəyini belə dəyişdirmək üçün ən çirkin vasitələrdən istifadə ediblər. Xüsusilə qədim alban xristian abidələrini mənimsəməklə onlara xas olan detal və yazıları qazıb erməni element və yazılarını əlavə ediblər.

Monoetnik dövlət olan Ermənistandan fərqli olaraq Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar dövlət tərəfindən qorunur və inşa edilir. Ölkəmizdə hətta katolik kilsəsi inşa edilib. Bundan başqa, Bakıda erməni kilsəsi dövlət səviyyəsində qorunur. Ermənilər tarixən torpaq işğalı ilə yanaşı, mənəvi təcavüzə əl ataraq  bizim dini abidələrimizi də təhqir ediblər. Bu vəhşilər məscidlərə, ziyarətgahlara qarşı amansız rəftar sərgiləyərək dini-mədəni abidələrimizə, bütövlükdə İslam mədəniyyətinə qarşı əsl vandal kimi davranıblar.