11 mart 2022 12:33
994

Azərbaycanda qaz istehlakı azalıb, yığım səviyyəsi kəskin artıb

Bu ilin fevral ayında "Azəriqaz" İstehsalat Birliyi 980 mln. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 1,34% çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu ilin yanvarında ötən ilin fevral ayı ilə müqayisədə 13,3 mln. kubmetr çox qaz qəbul edilib.

Hesabat dövründə qaz paylayıcı şəbəkəyə verilən qazın 772 mln. kubmetri (66 mln. kubmetr azalma) əhali, 208 mln. kubmetri (79 mln. kubmetr artım) isə qeyri-əhali abonent qrupunun payına düşüb.

R. Əliyev onu da qeyd edib ki, hesabat dövründə ümumi qazpaylayıcı şəbəkəsi üzrə ümumi qaz itkiləri 7,2% təşkil edib, bu da illik müqayisədə 2,7 faiz bəndi azdır.

Bununla yanaşı, fevral ayında istifadə edilmiş qaz üzrə ödəniş səviyyəsi 103,5% təşkil edib (əhali – 92%, qeyri-əhali – 115%), bu da illik müqayisədə 28 faiz bəndi çoxdur.

İB rəsmisinin sözlərinə görə, yanvarda "Azəriqaz" üzrə 4 868 yeni abonent qeydə alınıb, onlardan 4 557 əhali, 311-i isə qeyri-əhali abonentlərinin payına düşüb.