Bu ilin yanvar-fevral ayında əhali qrupu üzrə abonentlərin 80,4% aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qeyd olunan limiti keçməyən abonentlərin sayı 1 941 339 təşkil edib.
R. Əliyevin sözlərinə görə, 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 19,6% və ya 474 164 abonent keçib.
Martın 1-nə olan məlumata görə, "Azəriqaz" üzrə istismarda olan sayğacların sayı 2 415 503 ədəddir, bunların 63%-i sonradan ödənişli (mexaniki), 37% smart-kart tipli cihazlardır.
Xatırladaq ki, ötən ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edildi. Qərara əsasən əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırıldı. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanıldı. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.