Təbii qaz itkiləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,6 milyon kubmetr azalıb
Martın 11-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyevin moderatorluğu ilə media və QHT nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
Baş direktor Birliyin 2022-ci ilin yanvar- fevral ayları üçün göstəriciləri barədə məlumat verərək bildirib ki, martın 1-dək abonentlərin sayı daha 10 775 nəfər artaraq ümumilikdə 2 milyon 452 min 924 nəfərə çatıb.
2022-ci ilin iki ayı ərzində əhali qrupu üzrə abonentlərin 80,4 faizi aşağı qaz limiti tarifini (1 200 kubmetrədək) keçməyib. Martın 1-nə olan məlumata görə, «Azəriqaz» İB üzrə istismarda olan sayğacların sayı 2 415 503 ədəddir ki, bunların 63 faizi mexaniki, 37 faizi isə smart-kart tiplidir.
Qazın itki faizi barədə məlumat verən Ruslan Əliyev qeyd edib ki, bu istiqamətdə uğurlar mövcuddur. Belə ki, yanvar və fevral aylarında qazpaylayıcı şəbəkələr üzrə ümumi qaz itkiləri 6,8 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 2,6 faiz, yəni 44,6 milyon kubmetr az itki deməkdir.
Yanvar- fevral aylarında respublika üzrə 95, 5 kilometr yeni qaz xətti çəkilib. Bu çəkilişlərin 16, 6 metri Bakı şəhərində və Abşeron rayonunda həyata keçirilib. Həmçinin iki ay ərzində 14, 5 kilometr qaz xətti əsaslı təmir olunub.
Ruslan Əliyev yanvar-fevral aylarında intizamsız əməkdaşların cəzalandırılması barədə də məlumat verib. Onun sözlərinə görə, bu dövrdə 186 mühəndis-texniki işçi və 517 fəhlə işlərində verdikləri nöqsanlara görə, müvafiq formalarda cəzalandırılıblar.
«Qaz təchizatı haqqında» qanun layihəsi barədə məlumat verən Ruslan Əliyev bildirib ki, qaz təchizatı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbidir: «Eyni zamanda, qazdan istifadə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş sanksiyaya dəyişiklik edilməsinin obyektiv səbəbləri var. Belə ki, bu dəyişikliklərə səbəb təbii qazdan qanunsuz istifadə (qaz kəmərinə özbaşına qoşulma və ya qaz sayğacının yararsız hala salınması) ilə əlaqədar dəyən ziyanı müəyyənləşdirən normaların qanunvericilikdə olmamasıdır. Nəticə etibarilə dövlət əmlakını talayanlar cəzasız qalırlar. Təbii ki, «Azəriqaz» İB-yə külli-miqdarda maddi ziyanın vurulması isə onun investisiya yatırmaq imkanlarını xeyli azaldır»
Elçin Zaman, "İki sahil"