15 may 2018 14:35
1278

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı beynəlxalq mövqelərimizi daha da möhkəmləndirəcək

Avropa ilə Asiyanın arasında körpü rolunu oynayan, regional və qlobal layihələrin müəllifi və uğurlu icraçısı olmaqla  bölgədə  yeni əməkdaşlıq platforması yaradan Azərbaycan geosiyasi mövqeyini möhkəmləndirməklə yanaşı, region ölkələrinin, eləcə də İpək Yolu üzərində Asiya və Avropanı birləşdirən bütün ölkələrin nəqliyyat-tranzit əməkdaşlığının inkişafına böyük töhfələr verməkdədir.

Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb” kimi regional və qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edən respublikamızı qonşu ölkələrlə birləşdirən bütün magistral yollar müasirləşdirilib, ölkəmizin tranzit potensialı artırılıb, beynəlxalq daşımaları təmin edən müasir infrastruktur yaradılıb, ölkəmizdə altı beynəlxalq hava limanı inşa edilib, təyyarə parkı yenilənib, dəmir yolu infrastrukturunun fəal modernləşdirilməsi prosesi uğurla davam etdirilir.

2017-ci il yanvarın 19-da Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasındakı  çıxışında  Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin “İpək Yolu”nun bərpasına xidmət etdiyini, bu dəmir yolu vasitəsilə İpək Yolunu qısa vaxtda qət etməyin mümkün olacağını diqqətə çatdıraraq Bakıda Xəzər regionunda ən böyük dəniz limanının tikildiyini bildirmişdi: “Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynayıb. Ümid edirik ki, cari ildə Gürcüstanda və Türkiyədəki tərəfdaşlarımızla birlikdə biz bu üç ölkədə Bakı, Tbilisi və Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamlayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu layihədən faydalanmaq imkanı verəcək. Bu layihə Çindən Avropaya gedən marşrutun müddətini mövcud olan 30-35 gündən 14 günə qədər azaldacaq. Bu ən qısa marşrut olacaq, lakin əlbəttə ki, ən ucuz marşrut olmayacaq. Bu marşrutu kommersiya baxımından da çox cəlbedici etmək, tarifləri eyni səviyyəyə gətirmək üçün indi biz tərəfdaşlarımızla işləyirik. Hələ ki bu istiqamətdə hadisələr çox müsbət inkişaf edir və bu layihə tamamlanan kimi biz yüklərin böyük hərəkətindən faydalanacağıq”.

Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də dünən  istifadəyə verilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri “Şərq-Qərb” nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcək, dəhlizlərin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yayarlanmağa şərait yaradacaqdır.

Prezident İlham Əliyevin iştirakı ilə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı bunun əyani sübutudur. Ölkə başçısı bildirib ki, bu layihələr Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artıracaq: “Bu layihələrin həyata keçirilməsi təkcə bizə iqtisadi mənfəət gətirməyəcək. Halbuki biz nəqliyyat potensialımızdan çox böyük səmərə ilə istifadə edərək, öz iqtisadi vəziyyətimizi daha da yaxşılaşdıracağıq. Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək. Onsuz da dünyada bizə böyük hörmət, rəğbət var. Azərbaycan çox etibarlı tərəfdaş, çox qabiliyyətli ölkə kimi tanınır. Bizim artan iqtisadi gücümüz imkan verir ki, belə tarixi layihələri icra edək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən önəmli layihələrdən biridir və bu gün bizim tariximizdə yaddaqalan və önəmli gün kimi qalacaqdır”.

Qeyd edək ki, 117 hektar ərazini əhatə edən, 12 yanalma körpüsünə malik, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edən Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb, 2 mövcud portal kranın isə modernləşdirilərək quraşdırılması işləri davam edir.

“Yaşıl liman” konsepsiyasının tələblərinə uyğun olaraq kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib. Burada əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sistemi və digər İnformasiya Texnologiya komponentləri tətbiq olunub, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sistemi qurulub, müasir kameralar quraşdırılıb, sərhəd və gömrük nəzarəti zonalarının ayrılması məqsədilə 1 idxal və 2 ixrac sahəsindən ibarət zonalar yaradılıb. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək.

“Şimal-Cənub”, “Şərq-Qərb” dəhlizləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi üçün zəngin tranzit potensialı yaradır. Bu istiqamətlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə şərq istiqamətində nəql edilməsini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq.

Artıq Azərbaycan Avrasiya məkanında beynəlxalq ticarət qovşağına çevrilir. Ayrı-ayrı ölkələrin Azərbaycanın iştirakçısı olduğu iri nəqliyyat-kommunikasiya layihələrinə marağı gündən-günə artır.

2018-ci il martın 28-29-da İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı regional layihələr, eləcə də “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin icrası barədə geniş müzakirələrin aparılması Cənub qonşumuzun  Fars körfəzini Fin körfəzi, Skandinaviya ölkələri ilə birləşdirəcək bu nəhəng layihəyə ciddi maraq göstərməsinin bariz nümunəsidir.  Ekspertlər  qeyd edirlər ki, “Cənub-Şimal” marşrutu ilə Avropa bazarlarına daha asan çıxış əldə edəcək İran bu layihənin sürətləndirilməsində çox maraqlıdır. Artıq fevral ayında Azərbaycandan taxta yüklü vaqonlar İran Astarasına keçib. Hazırda Tehran-Astara dəmir yolu xətti üzərində sürətlə iş gedir. İran prezidenti Həsən Ruhaninin Azərbaycana son rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi haqqında” saziş imzalanıb. Sazişə əsasən, Azərbaycan İrana 500 milyon dollar həcmində kredit ayırıb.

Bu layihənin işə düşməsi Rusiyadan İrana və əks istiqamətdə böyük həcmli yükdaşıma imkanları deməkdir. Söhbət Fars körfəzindən yüklərin dəmir yolu vasitəsilə Moskvaya qədər daşınmasını təmin edəcək. 

Təkcə Hindistan “Şimal-Cənub”la ilk mərhələdə 6 milyon ton yük daşıyacaq. Hindistandan başqa, Asiyanın güclü iqtisadiyyata malik ölkələrindən olan, ən yaxın  müttəfiqlərimizdən biri Pakistan da “Şimal-Cənub” nəqliyyat dəhlizinə qoşulmağa hazırlaşır. Təxminən 204 milyard dollarlıq ixrac potensialına malik olan Vyetnamın da bu nəhəng nəqliyyat dəhlizinə marağı getdikcə artır.

Qətiyyətlə demək olar ki,  bu gün irimiqyaslı layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisini artıracaq, ixrac potensialını gücləndirəcək, əhalinin məşğulluq və həyat səviyyəsinin yüksəlməsinə, respublikamızın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə,  tərəfdaş ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərinin gücləndirilməsinə böyük töhfələr verəcək.

Zahid Rza, “İki sahil”