KÖŞƏ

Zahid Rza

Şuşa siyasi-mədəni tədbirlər məkanına çevrilir

19 aprel 2022 01:15
1226

Dünya Azərbaycanlılarının V qurultayı mədəniyyət paytaxtımızda keçiriləcək

Qırx dörd günlük Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində 28 illik işğaldan sonra azad olunmuş əzəli və əbədi yurdumuz Şuşa yenidən öz azadlığına qovuşdu. Qarabağın tacı olan Şuşanın azad edilməsi tarixi Qələbəmizin zirvəsi oldu. 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

2020-ci il 8 noyabr -Şuşanın düşmən tapdağından azad edilməsi Azərbaycan xalqının tarixinə “Zəfər Günü” kimi daxil oldu. Prezident İlham Əliyev 2021-ci il mayın 7-də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzaladı. Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği baxımından bu Sərəncamın müstəsna əhəmiyyəti vardır.

Dövlət başçısı, həmçinin Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır”.

Azərbaycanın mədəniyyət paytaxtı, dilbər guşəmiz Şuşada genişmiqyaslı işlər həyata keçirilir. Bu tarixi diyar abadlaşdırılır, yenidən qurulur, şəhərdə lazımi ifrastruktur layihələri icra edilir. Artıq Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı bərpa olunub. 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa iyirmi doqquz ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Prezident İlham Əliyev həmin günləri ölkəmizin tarixində əlamətdar günlər kimi dəyərləndirdi. Ölkəmizin başçısı uzun illərdən sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirmişdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Dövlət başçısı çıxışında qeyd etmişdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq.

2022-ci il martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının keçirilməsi bunun əyani təsdiqidir.

Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən növbədənkənar iclasında qəbul olunub.

İndi Şuşada siyasi-mədəni tədbirlər biri-birini əvəz edir. Bu yaxınlarda bu gözəl diyarımız daha bir möhtəşəm tədbirə ev sahibliyi edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Dünya Azərbaycanlılarının V qurultayının Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Qarabağın tacı, xalqımız üçün müqəddəs və əziz məkan olan, Türk dünyasının mədəniyyət paytaxtı əziz Şuşamızın mədəni-siyasi tədbirlər məkanına çevrilməsi hamımıza qürur və sevinc yaşadır.