KÖŞƏ

Zahid Rza

Sosial islahatlar:  Uğurlarımız beynəlxalq səviyyədə yüksək dəyərləndirilir

20 aprel 2022 01:58
1332

Azərbaycanda vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi aparılan siyasətin ana xəttini təşkil edir. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması sosial ödənişlərin ardıcıl şəkildə artırılmasında da öz təsdiqini tapır. 2003-2018-ci illərdə ümumi daxili məhsulun 3,2 dəfə artması nəticəsində əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, əməkhaqları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdı. 2018-ci ildən sonrakı köklü sosial islahatlar bu sahədə inqilabi irəliləyişlərə nail olunması ilə nəticələnib. Pandemiyanın məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün genişmiqyaslı dəstək proqramları icra olundu. 2022-ci ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün də illik əlavə 2,1 milyard manat ayrıldı.

Ölkədə uğurla davam etdirilən sosial islahatların mühüm bir istiqaməti də dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi, rəqəmsal müstəvidə əhali üçün proaktiv xidmətlər şəbəkəsinin, avtomatlaşdırılmış sistemlərə əsaslanan müasir, çevik və şəffaf, optimal idarəçiliyin yaradılmasıdır. Son 4 ildə ölkədə əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların geniş tətbiqi təmin edilib. Mühüm innovativ uğurlardan biri olan, dövlət başçısının 2018-ci il sentyabrın 5-də verdiyi Fərmana əsasən yaradılan “e-sosilş.az” portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s.) çıxış və 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 173 xidmətdən 110-u e-platforma üzərindən, o cümlədən 46-ı proaktiv qaydada göstərilir. Bu il isə daha 50-dən çox e-xidməti istifadəyə veriləcək. Təkcə ötən il “e-sosilş.az” portalına 9 milyon 452 min, nazirliyin e-xidmətlərinə 15 milyon 212 min müraciət qeydə alınıb. Son üç ildə nazirliyin 30-dək e-arayış xidməti yaradılıb, ötən il həmin xidmətlər vasitəsilə 570 minə yaxın e-arayış verilib. Hazırda nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən son bir ildə informasiya bazalarına sorğu sayı 139 milyon olub.

Respublikamızda sosial sahədə innovativ yeniliklərdən biri kimi 2019-cu ilin əvvəlindən pensiyaların, sonralar müavinət və təqaüdlərin e-qaydada, proaktiv təyinatı mexanizmləri qurulub. Ötən dövrdə 390 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı vətəndaşların müraciətinə və sənəd təqdim etməsinə ehtiyac qalmadan, e-qaydada, proaktiv şəkildə aparılıb. Əmək münasibətlərinin rəsmi qeydiyyatı “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən aparılır. Son illərdə qurulan “Məşğulluq” altsistemi isə məşğulluq xidmətlərinin real vaxt rejimində çeviklik, əlçatanlıq və effektivliyini təmin edir. “Əmək münasibətləri və məşğulluq” altsistemi, e-DOST platforması, “BACAR” virtual informasiya resursu, “Elektron əmək birjası və yarmarkası” sistemi, “İctimai işlər portalı” və s. də hazırlanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial sahədə aparılan islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülüb. 2022-ci ilin fevralında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri fərmanına layiq görülən DOST Agentliyi isə bu günlərdə daha bir nüfuzlu mükafatı - Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanıb.

Həmçinin 2019-cu ildə Azərbaycanın dörd sosial layihəsi (özünüməşğulluq proqramı, ünvanlı sosial yardım və əlillik təyinatı üzrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması tədbirləri) Beynəlxalq Sosial Təminat Assosiasiyasının ən yaxşı təcrübələr kimi xüsusi mükafat və təltiflərinə layiq görülüb.

Beləliklə, dörd il əvvəl başlanılan uğurlu sosial islahatlar davamlı xarakter alıb, əhalinin maddi vəziyyətinin, həyat şəraitinin yaxşılaşmasına, rifah halının yüksəlməsinə səbəb olub, ölkəmizin sosial dövlət kimi qazandığı mühüm uğurlarda öz əməli təsdiqini tapıb.