KÖŞƏ

Zahid Rza

Uğurlu nəticə o zaman olur ki,..

30 aprel 2022 01:38
1139

Azərbaycanda dövlət idarəçiliyinin optimallaşdırılması, şəffaflaşdırılması, onun operativliyinin və səmərəliliyinin yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların mühüm tərkib hissəsidir. Bu islahatların tərkib hissəsi olaraq müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb.

Prezident İlham Əliyevin siyasi, iqtisadi və sosial sahələrdə, dövlət idarəçiliyində və məhkəmə-hüquq sahəsində həyata keçirdiyi islahatlar milli iqtisadiyyatın güclənməsinin və müasirləşməsinin təmin edilməsinə, xalqımızın rifahının yaxşılaşdırılmasına və dövlətimizin   potensialının daha da gücləndirilməsinə yönəlib. Bu dövlət orqanlarında çevikliyin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna xidmət edir. İslahatların uğurla reallaşdırılması sayəsində dövlət orqanlarının fəaliyyətindəki operativlik, məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması, vətəndaşların problemlərinin yerində həll olunması, ictimai rəyə həssas yanaşma ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Son illərdə həyata keçirilən islahatlar paketinin mühüm tərkib hissəsi kimi Milli Məclisdə, Prezident Administrasiyasında və Nazirlər Kabinetində həyata keçirilən struktur dəyişiklikləri öz müsbət nəticələrini verir.

Respublikamızın böyük şəhərlərinin idarəçiliyi ilə bağlı daha səmərəli və optimal mexanizmlərin tətbiqi nəticəsində dövlət büdcəsinə qənaət edilməsinə, idarəetmə sistemindəki çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılmasına, əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı qərarların icrasının səmərəliliyinin daha da artmasına ciddi təkan verir.

Ölkəmizin başçısı demək olar ki, bütün müşavirələrdə, toplantılarda, ictimaiyyətin nümayəndələri ilə görüşlərində nailiyyətlərlə bərabər, problemlərdən də bəhs edir, idarəetmədəki nöqsanları dilə gətirir, məmurları xalq qarşısında açıq şəkildə tənqid edir, onlara öz məsuliyyətlərini xatırladır. Cənab İlham Əliyev daim vurğulayır ki, harada müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada uğurlu nəticələr əldə olunacaq.

Prezident İlham Əliyevin mərkəzi və yerli icra orqanlarında yuva salan bəzi məmurları sərt tənqid edərək onların qanunsuz əməlləri nəticəsində baş verən bütün neqativ hallara son qoyulmasını tələb etməsi bunun bariz nümunəsidir: “Biz bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəcəyik. Artan subsidiyalar bunu bir daha göstərir. Bizim niyyətimiz, siyasətimiz dəyişməz olaraq qalır. Ancaq bununla bərabər, kənd təsərrüfatı ilə məşğul olan hər bir adam öz məsuliyyətini də dərk etməlidir. Təhlil aparılarkən biz bir şeyə də rast gəldik-suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır”.

Bu gün ölkə başçısının siyasi iradəsi, yüksək prinsipiallığı və qətiyyəti ilə həyata keçirilən islahatlar sayəsində dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Bütün bunlar göstərir ki, qarşıdan gələn dövrdə də islahatlar kursunun davam etdirilməsi əhalinin rifah halının yaxşılaşdırılmasına, vətəndaşlar arasında maddi nemətlərin ədalətli bölgüsünün təmin olunmasına, layiqli sosial, iqtisadi, mədəni həyat təminatları əldə etmək üçün hər kəsə bərabər imkanlar yaradılmasına və respublikamızın sosial rifah dövləti mərtəbəsinə yüksəlməsinə böyük töhfələr verəcək.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?