26 iyun 2022 00:01
1023

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür!

Bu gün bayramı qalib ölkə, qəhrəman xalq kimi qeyd edirik

Rəşadətli Azərbaycan Ordusu çoxəsrlik tariximizin Zəfər səhifəsini yazmaqla milli qürurumuzu özümüzə qaytardı

“Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 10 dekabr tarixində Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında böyük qürur hissi ilə səsləndirdiyi bu fikirlər Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunun və Qələbəyə hazırlığının təqdimatı oldu.

Bu gün Azərbaycan Silahlı Qüvvələri Gününü bayram əhval-ruhiyyəsində qeyd edirik. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü bərpa etdiyi, milli qürurumuzu özümüzə qaytardığı üçün qürurludur. Bütün bu uğurların təməlində düzgün qurulan və gələcəyə hesablanmış siyasət dayanır. Baxmayaraq ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkədəki hakimiyyətsizlik bütün sahələrə öz mənfi təsirini göstərmişdi. Ordu quruculuğu sahəsində uğursuzluqlar isə torpaqlarımızın işğalına səbəb olmuşdu. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ümummilli Lider hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Ulu Öndərin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Silahlı Qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji istiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Sözügedən qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Buna müvafiq olaraq büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin imkanları da genişlənir. Prezident İlham Əliyev çıxışlarında daim bu əminliyi ifadə edirdi ki, biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Silahlı Qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır.

Dövlət başçısı Azərbaycanın möhkəm təmələ əsaslanan uğurları fonunda bu inamı da ifadə edirdi ki, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür-Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Azərbaycan ədaləti bərpa edəcək. Böyük qətiyyətlə və inamla səsləndirilən bu fikirlər Azərbaycanın diplomatik mübarizədə qazandığı uğurlarla yanaşı, iqtisadi imkanlarımızın genişlənməsi fonunda ordumuzun qüdrətinin və gücünün artmasına əsaslanırdı.

Qeyd etdiyimiz kimi, Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşamaqla qeyd edirik. Hər bir bayram tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. 26 İyun- Silahlı Qüvvələr Günündə 104 yaşlı ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq Böyük Qayıdışa yol açıb.

2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. «Şuşasız bizim işimiz yarımçıq olar» söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla ulu öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam-intizam qələbənin başlıca amilləri olmaqla Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə də, icra mexanizmi «unudulan» qətnamələrin yerinə yetirilməsini reallaşdırdı. «Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətinə salıbdır. BMT-dən başqa, bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir…Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, «Dağlıq Qarabağ ordusu»nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir» söyləyən Prezident İlham Əliyev bildirirdi ki, biz haqq, ədalət, torpaqlarımız uğrunda mübarizə aparırıq.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hücum əmrinə hər zaman hazır olduqlarını bildirən Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad etmək qüdrətində olduğunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində C.Naxçıvanski adına hərbi liseyin əsası yaradılmışdı. Azərbaycanın müstəqil gələcəyini düşünən Ümummilli Lider ordumuzun gənclərimizin sayəsində formalaşacağını önə çəkərək, belə bir məktəbin yaradılmasını zəruri hesab etmişdi. Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin ulu öndər Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar. Son illərdə imkan və potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda nümayiş etdirirlər.

 Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir. Bu gün Azərbaycanda nizami ordu vardır. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi.

Reallıq budur ki, son illərdə artan maddi imkanlarımız hesabına ordunun maddi-texniki bazası möhkəmlənmiş, hərbçilərin yaşayış və məişət məsələlərinə, sosial müdafiəsinə diqqət artırılmışdır. Azərbaycan gəncliyinin hamisi kimi yeni nəslin nümayəndələrinin fiziki cəhətdən sağlam, müasir dünyagörüşlü, beynəlxalq tələblərə uyğun idarəetmə bacarığına yiyələnmələrinə diqqətlə yanaşan, Azərbaycan gəncliyinin inkişafına xidmət edən Dövlət Proqramının qəbulu ilə ölkə əhalisinin 40 faizini təşkil edən gənclərin sosial müdafiəsinin möhkəmləndirilməsi üçün geniş imkanlar yaradan cənab İlham Əliyev Ali Baş Komandan kimi gənclərin hərbi xidmət zamanı göstərdikləri nizam-intizam və hazırlıqlarından məmnun qalır: «Mən çox şadam ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Mən çox şadam ki, orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır.»

Qeyd olunanlar fonunda bu ümumiləşdirməni apara bilərik ki, müstəqilliyin qorunmasını onun əldə olunmasından daha çətin olduğunu bildirən ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz müstəqil dövlət kimi yaşaya və inkişaf edə bilərik. Azərbaycanın 2011-ci ildə 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına iki illik sədrliyi öz üzərinə götürməsi, pandemiya dövründə dünyaya birlik, həmrəylik çağırışı edərək videoformat şəklində Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və buna yüksək səviyyədə nail olması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan mövqeyinin göstəricisidir. Bunlar ölkəmizin qazandığı uğurlara, eyni zamanda, ədalətli mövqeyinə əsaslanır.
Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi şərtləndirdi. Təsadüfi deyil ki, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi adlandırılır. İşğaldan azad edilən Azərbaycan torpaqlarında törətdikləri barbarlıqları, vəhşilikləri, mülki əhaliyə qarşı həyata keçirdikləri qəddarlığı görən dünya ictimaiyyəti də təsdiqləyir ki, başqalarına nifrət hissi Ermənistanda olduğu kimi heç bir dövlətdə, millətdə yoxdur. «Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqları işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur» sözləri ilə işğalçının aqibətinin mütləq məğlubiyyətlə nəticələnəcəyini bildirən Prezident İlham Əliyev Ermənistanın timsalında faşizmin bütün dünya üçün qorxulu bəla olduğunu göstərir, separatizmi, dini radikalizmi, etnik təmizləmə siyasətini dəstəkləyən qüvvələri haqqa, ədalətə çağırır.

Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. Azərbaycan Rusiya və Ermənistanla üçtərəfli Bəyanatı imzalamaqla tolerant ölkə kimi imicini qorudu, multikultural dəyərlərin bəşəri gücə malik olduğunu göstərdi. «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi.

Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da daim bildirir ki, biz bu Qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı bu torpaqlarda ucaldıldı: «Bu, onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq. Halbuki bir çoxları, xüsusilə bu məsələ ilə məşğul olan vasitəçilər dəfələrlə demişdilər ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz sübut etdik ki, münaqişənin hərbi həlli var. Əks-təqdirdə, bu nə hərb, nə sülh vəziyyəti bundan sonra da 30 il davam edə bilərdi. Biz buna nə qədər dözə bilərdik? Biz nə qədər səbir göstərə bilərdik? Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqının səbri tükənib və əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz onları oradan qovacağıq, onlar rədd olmalıdırlar bizim torpaqlarımızdan!»

Azərbaycan xalqı Zəfəri 30 ilə yaxın müddətdə gözləyirdi. O gün gəlib çatdı. Torpaqlarımız azadlığına qovuşdu. 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirdi. Bu dəmir yumruq düşmənin belini qırdı. Bu gün biz qalib ölkə, qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq.

Zəfər dolu Silahlı Qüvvələr Günün mübarək, Azərbaycan! Eşq olsun Müzəffər Ali Baş Komandana! Eşq olsun Azərbaycan əsgərinə!

Yeganə Əliyeva, «İki sahil»