KÖŞƏ

Elçin Zaman

Revanşistlərə sərt xəbərdarlıq

29 iyun 2022 00:35
5672

İyunun 26-da Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Səfər zamanı bir sıra yeni müəssisələrin təməli qoyulmaqla bərabər, bəzi obyektlər də istifadəyə verilib.

Bütün bunları Azərbaycan dövlətinin gücünün və sarsılmaz iradəsinin dünyaya və Ermənistandakı revanşist qüvvələrə nümayişi də hesab etmək olar. Məhz ölkəmizin başçısı Kəlbəcərdəki çıxışında səfərinin 26 iyun Azərbaycan Silahlı Qüvvələri Gününə düşməsinin təsadüfi olmadığını bildirdi. Vurğuladı ki, əsas məqsədi bayramı hərbçilərlə bir yerdə qeyd etmək və onların döyüş əhval -ruhiyyələri ilə yaxından tanış olmaqdır.

Prezident İlham Əliyev səfər zamanı Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, «İstisu» mineral su istehsalı zavodunun təməlini qoydu. Ölkəmizin başçısı daha sonra 34 hektar ərazidə salınması nəzərdə tutulan «İstisu» İstirahət-Müalicə Kompleksinin təməlini qoyarkən bu müəssisədə 300 nəfərədək işçinin çalışacağını bildirdi . Xüsusilə gələcək illərdə Kəlbəcərə turist axınının olacağı mesajını da verdi. Eyni zamanda, aparılan digər quruculuq işlərinin icrası ilə yaxından tanış oldu.

Səfər çərçivəsində çətin relyef şəraitində inşa edilən tunellərin tikintisi ilə tanış olan Prezident İlham Əliyev həm mülki əhali və hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən bu yolların çox mühüm olmasından bəhs etdi. Əlavə olaraq ölkəmizin başçısı Laçın və Kəlbəcər rayonlarına gediş-gəlişin rahatlığı və turizm zonası olaraq bu ərazilərin inkişaf etdirilməsi üçün Laçın rayonunda inşa edilən yeni hava limanının əhəmiyyətini qeyd etdi. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev özü Qarabağda və Şərqi Zəngəzurda görülən işlərə ciddi nəzarət edir. Bu isə bir daha təsdiq edir ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən abad və gözəl bölgələrindən birinə çevriləcəkdir.

Ölkəmizin başçısı bu səfərində Ermənistandakı revanşist qüvvələrə çox sərt mesajlar verdi. Xüsusilə Kəlbəcərdə müharibədən sonra sayca ikinci komando hərbi hissənin açılışı düşmənə göz dağı oldu. Komando hərbi hissənin Füzulidən sonra Kəlbəcərdə yaradılması bir daha göstərdi ki, Azərbaycanın ərazilərinin müdafiəsi tamamilə yeni və daha səmərəli şəkildə təşkil olunur. İndiki Azərbaycan Ordusu artıq Ermənistan silahlı qüvvələrinin 90-cı illərdə məğlub etdiyi ordu deyil. Prezident İlham Əliyev məhz ordumuzun qüdrətinə güvənərək bildirdi ki, əgər ermənilər özlərinin revanşist iddialarından əl çəkməsələr və Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaratsalar bu, ilk növbədə onların özləri üçün ağır nəticələrə gətirib çıxaracaq.

Ermənistanın baş naziri Nikol Paşinyan da açıq şəkildə etiraf edib ki, alternativ yolu çəkilişi başa çatdıqdan sonra Laçın şəhəri və dəhlizi Azərbaycana təhvil veriləcəkdir. Onun bu fikri Ermənistanda, həmçinin Xankəndidə çaşqınlıq yaradıb. Hətta bu, Xankəndidəki və ətraf kəndlərdəki ermənilərin köç əhval -ruhiyyəsini daha da yüksəldib.

Bəli, məhz Şərqi Zəngəzurun və Qarabağın hərbi-strateji müdafiəsinin indi son dərəcə vacib hesab edildiyi göz önündədir. Xüsusilə ölkəmizin başçısının qalib Azərbaycan Ordusunun keyfiyyətcə yeni quruculuq mərhələsinə qədəm qoyduğunu deməsi regionda söz sahibinə çevrilməyimizin daha bir təsdiqidir və bu, ordumuza güvəni artıran mühüm amildir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, yenilməz ruh, möhkəm fiziki hazırlıq, Vətənə bağlılıq, müasir döyüş texnologiyalarına yüksək səviyyədə bələd olmaq Azərbaycan Ordusunun əsas meyarlarıdır və belə bir ordu ilə qarşıya qoyulan ən çətin tapşırıqları həll etmək mümkündür.