KÖŞƏ

Elçin Zaman

Sülh və dayanıqlı inkişaf naminə

06 iyul 2022 00:09
5746

Ötən həftə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin  Bakı konfransında 40-dan çox ölkənin parlamenti və 9 beynəlxalq parlament təşkilatı təmsil olundu. Bununla da paytaxtımız daha bir beynəlxalq və nüfuzlu tədbirə ev sahibliyi etdi. Mövzusu «Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi» olan konfrans  vacib müzakirələrlə yadda qaldı.

Ümumiyyətlə,  Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi 2019-cu ildən  indiyədək  Prezident İlham Əliyevin təşəbbüsü ilə  bu beynəlxalq qurum  tərəfindən mühüm tədbirlər həyata keçirilib. Xüsusən Prezident İlham Əliyevin təşəbbüsləri ilə Qoşulmama Hərəkatının  pandemiya ilə mübarizə tədbirləri qlobal səviyyədə təqdir olunub və böyük razılıqla qarşılanıb. Bu tədbirlər pandemiya ilə mübarizədə beynəlxalq  həmrəyliyin, o cümlədən COVID-19 əleyhinə peyvəndlərə əlçatanlığın təmin edilməsində böyük rol oynayıb.

2021-ci ilin dekabr ayında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində assambleyanın plenar iclasında Hərəkatın sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə qurum üzvləri adından irəli sürülmüş «COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi» adlı qətnamə BMT-yə üzv dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib. Bu, onu göstərir ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi səmərəli olmaqla, qurumun fəaliyyətinin daha da canlandırılmasına, onun qlobal proseslərdə iştirakına böyük töhfələr verib. Azərbaycanın  Hərəkata sədrliyinin bir il uzadılması da qlobal miqyasda ölkəmizə göstərilən etimadın bariz nümunəsidir. Bu faktlar əminlik yaradır ki, Azərbaycan sədrlik edən dövlət kimi bundan sonra da artan nüfuzu və  iqtisadi gücü sayəsində Qoşulmama Hərəkatının fəaliyyətini daha humanist və daha qlobal problemlərin həllinə yönəltsin.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı bildirib: «Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik.»

Konfransda çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin bu mərasimdə Hərəkatın qlobal səviyyədə gedən proseslərdəki rolu barədə fikirləri  təşkilatın fəaliyyət istiqamətlərinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.  Vurğulamaq lazımdır ki, ötən il  Azərbaycanın təşəbbüsü əsasında qurumun üzv dövlətlərini təmsil edən gənclərin iştirakı ilə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi təsis olunub. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu- Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış mühüm addımlardır.

Ölkəmizin Hərəkata uğurla sədrlik etməsinin başqa bir nümunəsi təşkilatın Parlament Şəbəkəsinin yaradılmasıdır. Qoşulmama Hərəkatının  prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin noyabr ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışında Azərbaycanın bu təşəbbüsünün dəstəklənməsinə görə üzv dövlətlərə minnətdarlığını bildirib: «Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq».