KÖŞƏ

Elçin Zaman

Ölünündə qıdığı gələr?!

08 iyul 2022 00:59
8502

Paşinyanın Şeyx Nəsrullahlığı

Minsk qrupunun dirçəldilməsi istiqamətindəki bütün çağırışlar sadəcə blefdir 

İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizdən sonra ATƏT-in Minsk qrupunun bölgədəki fəaliyyətinə ehtiyac qalmayıb. Çünki müzəffər Azərbaycan Ordusu 44 günlük Qarabağ savaşında 30 il  işğal altında olan torpaqlarımızı azad edərək məsələyə birdəfəlik son qoyub. Məhz buna görədir ki, Minsk qrupunun həmsədr ölkələri də artıq Azərbaycan dövlətinin bölgədə yaratdığı yeni reallıqla barışmaq məburiyyətində qalıblar. Bir müddət əvvəl Rusiya tərəfi bəyan edib ki, ABŞ və Fransa onlarla Minsk qrupu çərçivəsində əlaqələri dayandırıblar. Bu isə o deməkdir ki, Moskva Minsk qrupundan imtina edib. Hətta Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində özünün xüsusi nümayəndəsini təyin edib. Bu isə Moskvanın Minsk qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyinin göstərcisidir. Eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Azərbaycan və Ermənistan rəhbərləri ilə Brüsseldə keçirdiyi görüşlərdə Minsk qrupunun vasitəçilik fəaliyyətini davam etdirməsi mövzusuna toxunmağı lazım bilməyib. O cümlədən Fransa da bu məsələdə israrlı deyil. Bu isə bir daha təsdiq edir ki, Minsk qrupu artıq tarixin arxivinə gömülüb.

Lakin bütün bunlara baxmayaraq son günlər Ermənistan Minsk qrupunu «diriltməyə» çalışır. Hətta görünən odur ki, bəzi beynəlxalq güclərin də bu istiqamətdə istəkləri mövcuddur. Belə ki, ötən ay regionda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid «Azadlıq» radiosunun Ermənistan xidmətinə müsahibəsində bildirmişdir ki, ölkəsi Minsk qrupunun işinin yenidən davam etdirilməsinə tərəfdardır: «ABŞ Dağlıq Qarabağ məsələsində vacib rol oynayan Minsk qrupunun həmsədrlərindən biridir. Biz əvvəlki kimi bu prosesə sadiqik. Hesab edirəm ki, bu, region üçün vacib məqamdır və biz sülhə nail olmaqda Ermənistana kömək üçün mümkün olanı edəcəyik.»

Lakin hansı ölkənin hansı istəkdə olmasından asılı olmayaraq Prezident İlham Əliyevin bu məsələdə mövqeyi açıq və konkretdir. Ölkəmizin başçısı iyunun 16-da  «Qlobal dünya nizamına təhdidlər» mövzusunda keçirilən 9-cu Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib: «Bəllidir, Rusiya da reallığı qəbul edir. Amma göründüyü kimi, Ermənistan bu məsələdə özünə tərəfdarlar toplayır, sanki Bakı və Moskva əleyhinə «həmsədrlər koalisiyası» yaratmaq üçün fəaliyyətə keçib.»

Dövlət başçısı qeyd edib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsin başlayandan sonra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını hamı anlayır: «Biz artıq bu mesajları almışıq ki, Minsk qrupunun həmsədr institutu fəaliyyət göstərməyəcək. Artıq onların pensiya vaxtıdır. Beləliklə, mən öz mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur.»

Buradan aydın görünür ki, bu dəfə Prezident İlham Əliyevin  mövqeyi əvvəlkindən daha sərtdir. Dövlət başçısı konkret ad çəkməyi lazım bilməsə də aydındır ki, Minsk qrupunu diriltmək istəyənlərə ciddi mesajlar verib. Təbii ki, Ermənistanın və havadarlarının ölmüş bir təşkilatı diriltməkdə məqsədləri Azərbaycan ərazisində süni surətdə erməni avtonomiyası yaratmağa hesablanıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan Ordusunun 44 günlük tarixi Zəfərindən sonra Qarabağda və Şərqi Zəngəzurda yaratdığı böyük mövqe üstünlükləri Ermənistanı bir daha Azərbaycana silahlı hücuma məcbur edə bilməz. Artıq bu ölkədə hər hansı hərbi və siyasi  güc yoxdur. Ona görə də Ermənistan rəhbərliyi bu gün sadəcə siyasi dəllallıqla, geosiyasi manipulyasiyalarla məşğuldurlar. Hətta bu işğalçı ölkənin havadarları da yaxşı anlayırlar ki, Minsk qrupunun  dirçəldilməsi istiqamətindəki bütün çağırışlar sadəcə, blefdir.