KÖŞƏ

Elçin Zaman

Dosta sevinc, düşmənə gözdağı…

20 oktyabr 2022 00:12
4616

Oktyabrın 20-si Zəngilanın işğaldan azad olunduğu tarixi gündür.  Bu tarixi də dövlət və xalq olaraq böyük qürur hissi ilə qeyd edirik. Eyni zamanda, ayın 20-də sevincimiz ikiqat olacaq.. Çünki həmin gün Şərqi Zəngəzur iqtisadi rayonunda daha bir tarixi hadisə yaşanacaq. Belə ki, burada Zəngəzurun ilk hava qapısı olan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçiriləcək. Açılış Prezident İlham Əliyevin və qardaş Türkiyənin  Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə reallaşacaq. Bununla da cənab Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə işğaldan azad olunmuş torpaqlarımıza enəcək.

Qeyd edək ki, uçuş və enmə zolağının uzunluğu 3 min metr olan Zəngilan Beynəlxalq Hava Limanının tikinti işlərinə 2021-ci ilin may ayında başlanılıb. Hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malikdir. Rayonun coğrafi yerləşməsi və burada olan geniş imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bu hava limanı Şərqi Zəngəzurun gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq.  

 Bu, bir acı reallıqdır ki, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan  torpaqlarında törətdiyi cinayətlərin və vandallığın miqyası çox böyükdür. Belə ki, rəzil düşmən xalqımızın mədəniyyətinə, irsinə, respublikamızın təbiətinə qarşı tarixdə görünməmiş vəhşiliklər törədib. Təbii ki, Azərbaycan dövləti güclüdür və düşmənin onilliklər ərzində ölkəmizə, xalqımıza vurduğu maddi yaraların hamısını sağaldacaq. Məhz İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri Prezident İlham Əliyevin siyasi iradəsinin  və qətiyyətinin təsdiqidir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə başlamışdı. Düşməndən azad edilən Suqovuşan və Talış kəndlərinə gedən yolların çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Torpaqlarımızın geri alınmasından dərhal sonra müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri də Zəfər yolunun təməlinin qoyulması ilə yadda qaldı.

Ümumiyyətlə, son iki ildə işğaldan azad edilmiş ərazilərimizdə növbəti möhtəşəm layihələrin təməlinin qoyulması, həm də icra edilən layihələrin başa çatdırılması ilə əlamətdar oldu. Güləbird Su-Elektrik Stansiyasının, işğaldan azad edilmiş ərazilərdə 7 yarımstansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir Hacıbəylinin heykəlinin, « Xarıbülbül» və «Qarabağ» hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu,  Füzuli Beynəlxalq Hava Limanı kimi nəhəng və möhtəşəm layihələrin istifadəyə verilməsi müharibədən yeni çıxmış dövlətimizin gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Qısa dövrdə bu cür iri infrastrukturların yaradılması birmənalı olaraq bütün dünyada heyrət və maraq doğurur. Bütün bu layihələr dövlətimizin öz maddi imkanları ilə həyata vəsiqə almışdır.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam  yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 kilometrdən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. O cümlədən azad edilmiş torpaqlarımızda yeni dəmir yolu infrastrukturu da yaradılır. Ağdam-Bərdə dəmir yolu xətti də Ağdam və işğaldan azad edilmiş digər rayonlarda aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinə töhfə verəcək.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibələrində bildirib ki, 2021-2022- ci illərdə infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra edilir: «Biz işğaldan azad edilmiş ərazilərdə məktəblərin, xəstəxanaların təməllərini qoyduq. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Kəlbəcərin  Baş planları hazırdır. Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır».

Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bununla bitmir. Doğma yurdlarından köçkün düşmüş vətəndaşlarımızın öz evlərinə qayıtması üçün görülən işlər bütün sahələri əhatə edir. Hətta orada yeni iş yerlərinin yaradılması üçün də istehsalat müəssisələrinin- aqroparkların təməlləri qoyulur ki, onlar da yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Bir sözlə, 2022-ci il də Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpa və quruculuğuna görə tarixə mühüm mərhələ kimi düşəcək.