KÖŞƏ

Zahid Rza

UNESCO sükutu nə zaman pozacaq?!

05 iyul 2022 02:36
2593

Azərbaycanın əzəli torpağı olan Qarabağ xalqımızın tarixi-mədəni irsinin zəngin olduğu bir diyardır. Bu bölgənin hər yerində Azərbaycan xalqının silinməz izləri var. Erməni vandalları uzun müddət xalqımızın tarixi yaddaşını yox etmək, Azərbaycan mədəniyyətinin bütün izlərini silmək ən çirkin vasitələrə əl atıblar. Birinci Qarabağ müharibəsində  Qarabağda və Şərqi Zəngəzurda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları, yaşayış məntəqələri ilə yanaşı, tarixi-memarlıq abidələrini məhv etmələri də bunu əyani şəkildə sübut edir.

Təxminən 30 illik işğal dövründə  Azərbaycanın təbii və mədəni sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınırdı. Qırx dörd günlük Vətən müharibəsində  Azərbaycanın tarixi Qələbəsi sayəsində işğal edilmiş ərazilərdə bu prosesə son qoyuldu. Məsələn, Ermənistan tərəfindən Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrinin düşmən ölkəyə daşınılması faktı aşkarlanıb.

 İşğal olunmuş ərazilərdə insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. Ermənistanın xalqımıza məxsus abidələri dağıtması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı nitqində bildirib ki, Azərbaycanın tarixi və mədəni irsi işğal dövründə ermənilər tərəfindən məhv edilib. İşğaldan azad olunmuş ərazilərə səfər edən xarici siyasətçilər, parlamentlərin sədrləri və üzvləri, ekspertlər və sadə vətəndaşlar da var. Bu vəhşiliyin miqyasını öz gözləri ilə görürlər: “Məscidlərimizin təhqir olunmasını, mədəni abidələrimizə qarşı törədilən vəhşilikləri hamı görüb. Təəssüf ki, ermənilərin bu vəhşiliklərinə qarşı etinasızlıq nümayiş etdirilib”.

2022-ci il fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiya göndərilməsinə dair razılıq əldə olunmuşdur. Məsələ burasındadır ki, Azərbaycan tərəfinin erməni işğalı altında olan ərazilərdəki mədəni irsin qorunması üçün beynəlxalq faktaraşdırıcı missiyanın yaradılması istiqamətində dəfələrlə çağırışlar etməsinə baxmayaraq, təxminən 30 il beynəlxalq ictimaiyyət tərəfindən bu vəziyyətə biganə yanaşılıb. Bu müddətdə erməni tərəfinin razılığı olmadığına görə UNESCO-nun heç bir nümayəndə heyəti Qarabağda fəaliyyət göstərə bilməyib.

Bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi UNESCO-ya tərəf saxlamama kimi bir vəzifəsinin olduğunu xatırlatmaqla yanaşı, Qarabağda mədəni irsin qorunmasını siyasiləşdirməməyi tövsiyə edib.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bu günlərdə bildirib ki, UNESCO-nun təkcə Azərbaycana yox, həm də Ermənistana missiyaların göndərilməsinə dair razılıq əldə edilib. Lakin Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqeyə görə belə bir missiyanın səfəri bu günə qədər baş tutmayıb. Azərbaycan tərəfi dəfələrlə bu məsələni UNESCO müstəvisində qaldırıb: “Mən UNESCO-nun fəaliyyətsizliyi və mövqeyini qeyd etmək istəyirəm. Uzun illər boyu Azərbaycan torpaqlarının işğal altında olması nəticəsində orada olan tarixi mədəniyyət abidələrimizin qəsdən dağıdılması və bu haqda əldə etdiyimiz çoxsaylı fotofaktların UNESCO katibliyində müxtəlif forumlara təqdim etməyimizə baxmayaraq təşkilat faktiki olaraq bu əyani sübutlara göz yumub. İşğalçı tərəfə təzyiq və ya bəyanat səsləndirməyib. Təəssüflər olsun ki, bu, təşkilatın məsələni siyasiləşdirməsinə dəlalət edir”.

Bütün bunların fonunda belə bir sual yaranır: Görəsən beynəlxalq təşkilat kimi UNESCO sükutu pozaraq özünün mədəniyyətlərin qoruyucusu missiyasını yerinə yetirmək üçün nə zaman əməli fəaliyyətə başlayacaq?!

Zahid Rza, “İki sahil”