KÖŞƏ

Zahid Rza

 “Milli Şura”nın köhnə sima(sız)lar problemi

08 sentyabr 2022 00:16
1770

Dağıdıcı müxalifət nümayəndələrindən AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın sədri Cəmil Həsənlinin, bu qurumun Koordinasiya Mərkəzi üzvləri Gültəkin Hacıbəylinin Tofiq Yaqublunun son dövrlərdə sosial şəbəkələrdəki antimilli çıxışlarını izləyərkən bu marginalların mənəvi deqradasiya və siyasi yaddaşsızlıq sindromu ilə üz-üzə qaldıqlarının bir daha şahidi oluruq. Əbəs yerə deməyiblər ki, məhdud yaddaşdakı məhdud məlumatlar təhliletmə, qərarvermə prosesini də məhdudlaşdırır. Belə ki, şəxsi ambisiyaları naminə bütün ali dəyərləri ayaqlar altına atan bu bağıqpozuq dəstənin üzvləri unudurlar ki, ötən əsrin 90-cı illərindən fərqli olaraq bu gün cəmiyyəti boş vədlər, çılğın çağırışlar, populizmlə siyasi avantüralara cəlb etmək mümkün deyil. Bu gün cəmiyyətimiz kifayət qədər yetkindir və bütün prosesləri analiz etmək qabiliyyətindədir.

Qədim yunan filosofu Heraklit deyirdi ki, dəyişməyən tək şey dəyişikliyin özüdür. Bu gün bütün dünya, eləcə də ölkəmiz sürətlə dəyişir. Ancaq 90-cı illərdən qalma nimdaş radikal müxalifətin lidercikləri-“klaviatura qəhrəmanları” dünyada və Azərbaycanda dəyişən reallıqlara ya uyğun reaksiya verə bilmir, ya da merkantil maraqlar naminə öz köhnə şakərlərindən əl çəkə bilmirlər.

Məsələ burasındadır ki, həqiqətlər ortaya çıxdığı üçün heç kim yalanlara inanmır. Bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və anti-Azərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. Vətən təəssübü çəkməkdən çox-çox uzaq olan bu xəyanətkar qrant parazitləri mənfur əməlləri ilə özlərinin anti-Azərbaycan dairələrin və erməni lobbisinin məkrli layihələrinin bir parçası olduqlarını nə qədər gizlətməyə çalışsalar da məqsədlərinə nail ola bilmirlər. Necə deyərlər, cidanı çuvalda gizlətmək olmaz.

Bu gün sosial şəbəkələrdəki iyrənc vəziyyət bir daha sübut edir ki, Azərbaycan əleyhdarı olan bəzi xarici xüsusi xidmət orqanları və ermənipərəst dairələr, “sapı özümüzdən olan baltalar”dan, xəyanətkar antimilli ünsürlərdən ibarət geniş bir  “nüfuz agenti” şəbəkəsi formalaşdırıblar. Satqın, avantürist, mənsəbpərəst, milli mənlik şüurundan məhrum olan belələri ölkəmizdə baş verən təbii fəlakət, fövqəladə hallar və qəzalar zamanı qarğa-quzğun kimi sosial şəbəkələrə tökülüşərək ağalarından aldıqları sifarişlər əsasında feyk xəbər və yorumlarla ictimai rəyi çaşdırmaqla, əhalini itaətsizliyə çağırmaqla ölkədə xaos və anarxiya yaratmaq üçün gecə-gündüz demədən, nəfəs dərmədən öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndirirlər.

Bütün bunlar bir daha təsdiq edir ki, dağıdıcı müxalifət düşərgəsinin başbilənləri-AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu, Gültəkin Hacıbəyli, eləcə də Avropanın müxtəlif ölkələrində, ABŞ-da mühacir statusu adı altında məskunlaşan Qənimət Zahid, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Sevinc Osmanqızı, psixi xəstə Vidadi İsgəndərli kimilərin sosial şəbəkələrdəki antimilli şüarları, çıxışları əslində bir başıpozuq dəstənin, merkantil şəbəkənin xaotik özfəaliyyəti yox, Azərbaycan əleyhdarlarının, erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir proses, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Bütün bunların kökündə isə müstəqil siyasət yürütməsinə, sabitlik adası olmasına anti-Azərbaycan dairələrin qısqanclıqla yanaşması dayanır.

Təbii ki, həmişə olduğu kimi, bu dəfə də anti-Azərbaycan dairələrin “sapı özümüzdən olan baltalar”la birlikdə ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyası iflasa uğradı. Ölkəmizdəki güclü xalq-güclü dövlət-güclü lider vəhdəti bundan sonra da həmin məkrli dairələrin respublikamızın əleyhinə yönələn bütün cəhdlərini darmadağın edəcək, xəyanətkar ünsürlər ifşa olunacaqlar. Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu merkantillərin ölkəmizin əleyhinə apardıqları çirkin təbliğat hər zaman xalq-iqtidar birliyinin sarsılmaz qayasına çırpılaraq darmadağın olur…