30 noyabr 2022 16:35
758

Dünyanın ən maraqlı- 7 stadionu/FOTO

Qətərdə davam edən futbol üzrə Dünya Çempionatı həyəcanının yaşandığı anda bir çox futbol yarışlarına ev sahibliyi edən “Stadion 974” fərqli dizaynı ilə diqqət çəkib. İdman müxbiri Ryan Herman yazdığı kitabında dünyanın ən maraqlı stadionlarını bir-bir sadalayıb.

Dünya Çempionatında favorit göstərilən komandaların gözlənilməz məğlubiyyətləri ilə yanaşı stadionların görünüşü və memarlıq xüsusiyyətləri də maraq doğurub. Turnirdə istifadə edilən və böyük marağa səbəb olan stadionlardan biri də 974 konteynerdən tikilmiş 40 min nəfərlik “Stadion 974”dür. Çempionatada bir sıra oyunlara ev sahibliyi edən “Stadion 974”həttta turnir bitdikdən sonra sökülməyə uyğun olacaq şəkildə tikilib. “Stadion 974” bu xüsusiyyəti ilə digərlərindən fərqlənir.

Belə bir mühitdə Ryan Hermanın (Remarkable Football Grounds) “Möhtəşəm Futbol Meydançaları” kitabı idman həvəskarları və memarlıqla maraqlananlar üçün mühüm mənbəyə çevrilib.

“Mmabatho” stadionu

Dünyanın ən maraqlı stadionları dedikdə ilk ağıla gələnlərdən biri də Cənubi Afrikadakı “Mmabatho” stadionudur. Stadion təkcə tribunaları ilə deyil, həm də onun tikintisi zamanı baş verənlərlə əlamətdar tarixə malikdir. 1981-ci ildə  tikilmiş 59.000 yerlik “Mmabatho” stadionu litvalı yəhudi ailəsində doğulan və daha sonra İsrailə köçən israilli iş adamı Şabtai Kalmanoviçin şirkəti tərəfindən tikilib. Stadionun layihəsini dizayner İsrael Qudoviç hazırlayıb. Kalmanoviç 2009-cu ildə Rusiyanın paytaxtı Moskvada öz avtomobilində sui-qəsd nəticəsində qətlə yetirilib.

“Timsah Park”

Ryan Hermanın kitabında türk futbolsevərlərin də çox tanıdığı bir stadion yer alıb. “Bursaspor”un oyunlarını keçirdiyi stadion “Timsah Park”adlanır. 2011-ci ildə təməli qoyulan və 2015-ci ildə rəsmi açılışı olan stadion əvvəlcə "Timsah Arena" adlandırılsa da, sonradan "Timsah Park" olaraq dəyişdirilib. Stadionun xarici görünüşü “Bursaspor”un simvoluna çevrilmiş timsahı xatırladır. Timsah və “Bursaspor”un bütünləşməsinin uzun bir tarixi var. "Bursaspor"un simvolu olan timsah 1992-ci ildə klubda idarəçilik edən Lemi Keskinin izlədiyi sənədli film əsasında tapılıb. Timsahın öküz yeyərkən görüntülərini izləyən Keskin apardığı danışıqlar nəticəsində simvolu "yaşıl mirvari"dən "timsah"a çevirib.

Toy edilən stadion

Maraqlı stadion formalarından biri də Asiya ölkəsi Butanda yerləşir. “Çanglimithang” stadionu dəniz səviyyəsindən 2330 metr hündürlükdə yerləşir. Stadionun hündür ərazidə olması futbol çevrələrində xeyli mübahisələrə səbəb olub. Hündürlüyün bədəndə oksigen udulmasına təsir etdiyini bildirən futbolsevərlər, meydan sahiblərinin stadion şərtlərinə öyrəşdikləri üçün rəqiblərinə qarşı hər zaman üstün olduğunu deyirlər. “Changlimithang” stadionu futbol matçlarından başqa bir çox idman tədbirlərinə də ev sahibliyi edir. Hətta xalq tərəfindən icarəyə götürülə, toy və şənlik məqsədləri üçün istifadə edilə bilər.

Bu stadion xizək mərkəzinin içindədir

2018-ci ildə Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında istifadə edilən Alpensia Xizəklə Tullanma Mərkəzi də öz xüsusiyyətləri ilə seçilir. Nəhəng tullanma pandusların sonundakı ərazinin futbol meydançası sayılması görənləri heyrətə gətirir. Stadionun tutumu 13 min insanı əhatə edir.

Tribunaları qaya parçaları olan stadion

Dünyanın daha bir uzaq yeri olan Qrenlandiya haqqında danışarkən bir çox insanın ağlına həddindən artıq soyuq və eskimoslar gəlsə də, ölkə dünyanın ən qəribə stadionlarından birinə sahibdir. 1960-cı ildə Qrenlandiyanın Tasiilaq qəsəbəsində tikilmiş stadion həm də vulkanik aktivliyə malik regionun ən düz ərazisi kimi tanınır. 500 nəfərlik tamaşaçı tutumuna malik olduğu bildirilən stadionda matçları izləyən azarkeşlər meydançanın ətrafındakı qayalardan tribuna kimi istifadə edirlər.

“Estadio Municipal de Aveiro”

Portuqaliyanın ən böyük stadionlarından biri olan və sanki bloklarla tikilmiş kimi görünən “Estadio Municipal de Aveiro” başqa bir diqqətçəkən görünüşə malikdir. Portuqaliyalı memar Tomas Taveira tərəfindən “Avro- 2004” turniri üçün tikilən stadion 32.830 tamaşaçı tutumu və rəngarəng dizaynı ilə ziyarətçiləri heyran edir.

Vüsal Cahanov, “İki sahil”