27 yanvar 2023 16:56
404

Kamilə Əliyeva: Təəssüf ki, İran hər zaman Azərbaycana qarşı qeyri-səmimi münasibət bəsləyib

Molla rejimi əslində İslam dininə də hörmətsizlik nümayiş etdirir

“Beynəlxalq Konvensiyaya görə ölkələrin digər dövlətlərdəki səfirliklərinin yerləşdiyi ərazi onun ərazisi hesab edilir və həmin dövlət səfirliyin qorunmasına məsuliyyət daşıyır.”

Bu fikri Milli Məclisin deputatı Kamilə Əliyeva “İki sahil”ə açıqlamasında bildirdi.

K.Əliyeva qeyd etdi ki, İranda Azərbaycan səfirliyinə edilən silahlı hücum, səfirliyin mühafizəçilərindən birinin ölümü və 2 nəfərin yaralanması   Azərbaycanın ərazi bütövlüyünə  təhdid sayılır: “Vaxtilə Qərb dövlətləri İrana hərbi müdaxilə üçün ölkəmizin hava məkanından istifadə etməsi ilə bağlı Azərbaycan İranı dost, qardaş dövlət adlandıraraq buna razılıq verməmişdir. Budurmu İrandakı molla rejiminin Azərbaycan dövlətinə minnətdarlığı? Azərbaycanın İranı özünə dost və qardaş dövlət hesab etməsi ilə bağlı çox misallar çəkmək olar. Təəssüf ki, İran hər zaman Azərbaycana qarşı qeyri səmimi münasibət bəsləmişdir.”

Deputat həmçinin bildirdi ki, baş vermiş bu hadisə son vaxtlar İranın siyasi dairələrində, kütləvi informasiya vasitələrində anti-Azərbaycan təbliğatının nəticəsidir: “Səfirliyimizə edilən bu hücum bir daha İran rejiminin Azərbaycan dövlətinə olan münasibətinin göstəricisidir. Əksər İslam dövlətlərinə düşmənçilik edən Ermənistanı özünə qardaş hesab edən İran əslində İslam dininə də hörmətsizlik nümayiş etdirir.”