27 yanvar 2023 23:44
416

Etimad mühitinin qorunması Azərbaycanın əsas çağırışıdır

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müharibə, müharibədən sonrakı reallıqları qəbul etdirmək siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər

Səfirliyimizə terror hücumu molla rejiminin uzun illərdən bəri xalqımıza, dövlətçiliyimizə qarşı apardığı ideoloji, mənəvi, informatik və silahlı terror siyasətinin ən iyrənc nümunəsidir. Azərbaycan səfirliyinə hücum dünyanın müxtəlif ölkələrində, öz tarixi vətənlərində yaşayan Azərbaycan xalqına, bütün türk və müsəlman dünyasına, sivil bəşəriyyətə hücumdur.

“Bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. Hesab edirəm ki, müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Bunun çox böyük əhəmiyyəti var. Çünki İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı əsassız ittihamlar səsləndirilirdi. Bu əsassız ittihamların heç birinin real təsdiqi olmadı və müharibədən sonrakı dövr bunu bir daha göstərdi. Ona görə, müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək, hesab edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər.» Dövlət başçısı İlham Əliyev bu fikirləri ilə ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətin uğurlarını açıqlayır, Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməz olduğunu bildirir.

Ermənistan və havadarları niyə narahatdır?

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanması barədə ciddi addımlar atmır. Regionda davamlı sabitliyin, təhlükəsizliyin, sülhün təmin olunmasına xidmət edən bu mühüm addımın Ermənistanla yanaşı, ona gizli və aşkar dəstək verən dövlətləri də narahat etməsi sual doğurmaya bilməz. Bu gün Fransanın, eyni zamanda, qonşu İranın ölkəmizə qarşı qərəzli mövqeyi, nəinki ölkə daxilində, beynəlxalq səviyyədə geniş müzakirə edilir.

Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı «Fransanı nədir bu yola sövq edən» sualını cavablandırarkən bildirdi ki, burada bir neçə səbəb ola bilər. Birincisi, yəqin ki, müharibədə qalib gəlməyimiz orada bir çoxlarını çox qıcıqlandırdı.

Bu mühüm məqam bizi bir anlıq 30 illik işğal dövrünə nəzər salmağa çağırış edir. Fransa keçmiş ATƏT-in Minsk qrupunun həmsədri kimi hər vəchlə münaqişənin həlli prosesinin uzanmasına çalışırdı. Baxmayaraq ki, bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, münaqişənin sülh yolu ilə həllinin vacibliyi bildirilirdi, amma real addım atmaq zamanı gələndə Ermənistana dəstəyə daha çox üstünlük verilirdi. Fransa 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi, həmçinin tarixi Zəfərimizdən sonrakı dövrdə də eyni siyasəti həyata keçirdi və keçirir. Münaqişə tarixə qovuşduğu halda Fransa Qarabağın müstəqilliyinin tanınması məsələsini gündəmə gətirərək sülhün, təhlükəsizliyin tərəfində olmadığını açıq-aşkar büruzə verdi. Təkcə ötən il keçirilən Praqa görüşünü yada salmaq kifayətdir. Bu görüşə tərəf kimi qatılan, Ermənistana sanki «narahat olma yanındayam» çağırışı edən Fransa Prezidenti Emmanuel Makron görüşdə sülh təklifində əksini tapan prinsipləri qəbul etdiyini bildirdiyi halda çox keçmədi ki, erməni diasporunun nümayəndələri ilə görüşündə qeyri-ciddi bəyanatları ilə diqqətdə oldu. Azərbaycan Ermənistana qarşı hərbi təcavüzdə ittiham olundu. Təəccüblü yanaşma deyilmi? Bu baxımdan ki, 30 il münaqişənin həllinə vasitəçilik edən bir dövlət guya reallıqlardan xəbərsizdir. Xəbərsiz deyil, erməni sevgisi, ikili standartlara əsaslanan siyasət reallığı inkar etməyə sövq edir. Amma bu yalnış bəyanatlarla çıxış edən zaman 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi yada salsalar daha yaxşı olar. Ədalət, beynəlxalq hüquq öz sözünü dedi. Sübut olundu ki, maraqların arxasında bu prinsiplərin əriməsi uzun müddət davam edə bilməz. Bunun üçün səylər göstərmək, tarixi reallıqları, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, erməni yalanlarını əsaslı şəkildə ifşa etmək gərəkdir. Azərbaycan tarixi Zəfəri ilə bunları sübut etdi.

Balansı pozulan Fransa

Dövlət başçısı İlham Əliyev Fransanı bu yola sövq edən amillər sırasında bu mühüm məqamı da xüsusi qeyd etdi ki, ikinci səbəb Fransanın hökumət nümayəndələri ilə bağlıdır. Çünki birincisi, biz yada salmalıyıq, Fransa keçmiş Minsk qrupunun həmsədri necə oldu: «Mən bunu çox yaxşı bilirəm, çünki atam mənə danışmışdı. O vaxt Fransa Prezidenti Jak Şirak buna çox israr edirdi. Heydər Əliyev isə buna etiraz edirdi, dəfələrlə etiraz edirdi. Sonralar hətta Jak Şirak mənə dəfələrlə bu əhvalatı danışırdı, atama da böyük hörmətlə yanaşırdı və bildirirdi, Heydər Əliyev mənə deyirdi ki, mən şəxsən sizə qarşı yox, mən Fransanın orada həmsədr olmasına qarşıyam, çünki sizdə ermənilər çox böyük təsirə malikdirlər və sizin siyasətinizə təsir edəcəklər. Şirak isə mənə deyirdi, onu inandırırdım ki, biz həmişə neytral olacağıq, ancaq ondan sonra Heydər Əliyev ona razılıq verdi. Doğrudan da elə idi. Onların neytral olması doğrudan da təbii idi, yoxsa, ona görə neytral idilər ki, məsələ öz həllini tapmırdı, onu mən deyə bilmərəm.»

Prezident İlham Əliyev qeyd etdi ki, Fransa indiki hökumətə qədər həmişə balansı saxlamağa çalışırdı. Amma sonra bu balans pozuldu. Hətta müharibəyə qədər bu balans pozuldu: «Yəni, balans pozula bilər, o zaman siz həmsədrlikdən çıxın. Yəni, mən ovaxtkı dövrü deyirəm. Çıxın, yəni, bir yerdə olun, bir-birinizə qohum-əqrəba deyin. Mən etiraz etmirəm, amma çıxın buradan, siz vasitəçi ola bilməzsiniz. Amma onlar həm vasitəçi olmaq istəyirdilər, - bəlkə indi də olmaq istəyirlər, - həm də ki, necə deyərlər, istiqanlı münasibətləri də gücləndirirlər. Ona görə mən hesab edirəm ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir.» Belə bir əminlik də ifadə olundu ki, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək.

Azərbaycan 30 illik işğal dövründə bütün səylərini beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, qətnamələrin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsinə yönəltdi. Amma ikili standartlara əsaslanan siyasət hər addımda özünü büruzə verdi. Bəzən qətnamələrin 1-2 saat ərzində icrasını gördüyümüz halda Azərbaycan 30 il gözlədi. Sonda yaşananlar dünyaya bəllidir. Ermənistana «dur!» demək istəməyən əksər dünya gücləri, beynəlxalq təşkilatlar Azərbaycanın gücünün, qüdrətinin şahidinə çevrildi. Ən əsası ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğu təsdiqləndi.

İranda ölkəmizin əleyhinə aparılan anti-Azərbaycan kampaniyasının davamı terror hücumu oldu

Səfirliyimizə terror hücumu molla rejiminin uzun illərdən bəri xalqımıza, dövlətçiliyimizə qarşı apardığı ideoloji, mənəvi, informatik və silahlı terror siyasətinin ən iyrənc nümunəsidir. Azərbaycan səfirliyinə hücum dünyanın müxtəlif ölkələrində, öz tarixi vətənlərində yaşayan Azərbaycan xalqına, bütün türk və müsəlman dünyasına, sivil bəşəriyyətə hücumdur.

 

Azərbaycanın tarixi Zəfərini həzm etməyən ölkələrdən biri də qonşu İrandır. Yanvarın 27-də ölkəmizin İrandakı səfirliyində törədilən terror bütün məqamlara aydınlıq gətirdi.

Ölkə Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar “Twitter”də paylaşımında bildirdi ki, bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!” Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi «İnstagram» səhifəsində paylaşımında isə qeyd edir ki, Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!”.

Azərbaycan XİN-nin bəyanatında isə bu mühüm məqam xüsusi vurğulanır ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi. İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.  Bu qənaət xüsusi vurğulanır ki, son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılması diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdi.

Türkiyə Xarici İşlər Nazirliyinin qanlı hadisə ilə bağlı açıqlamasında isə qeyd edilir ki, keçmişdə oxşar hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının acısına dərindən şərik olur. Bu alçaq hücumda məsuliyyət daşıyanların dərhal tapılaraq ədalətə təslim edilməsi və belə halların təkrar olunmaması üçün zəruri bütün tədbirlərin alınması mühüm əhəmiyyət daşıyır. Qardaş Azərbaycan xalqı əsla tək deyildir. Azərbaycana dəstəyimiz hər zaman olduğu kimi, bundan sonra da fasiləsiz olaraq davam edəcəkdir.

Molla rejiminin terror siyasətinin iyrənc nümunəsi

Reallıq budur ki, baş verən terror molla rejiminin uzun illərdən bəri xalqımıza, dövlətçiliyimizə qarşı apardığı ideoloji, mənəvi, informatik və silahlı terror siyasətinin ən iyrənc nümunəsidir. Azərbaycan səfirliyinə hücum dünyanın müxtəlif ölkələrində, öz tarixi vətənlərində yaşayan 60 milyonluq Azərbaycan xalqına, bütün türk və müsəlman dünyasına, sivil bəşəriyyətə hücumdur. İranın erməni sevgisi hər addımda özünü qabarıq şəkildə büruzə verir. Xatırlasaq, işğalçı Ermənistan artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi, Türkiyəinin vasitəçiliyi məsələsi gündəmə gətiriləndə Ermənistan Türkiyənin deyil, İranın vasitəçiliyini dəstəklədiyini bildirirdi. Ermənistanın Türkiyəni Azərbaycana yaxın olmaqda ittiham edərək İrana üstünlük verməsi artıq geniş şərhə ehtiyac qoymadı. İran daim Ermənistanın yanında olub və bu gün də yanındadır. 30 illik işğal dövründə, həmçinin postmünaqişə zamanı Ermənistanın işğaldan azad edilmiş ərazilərimizdə törətdiyi dağıntılarda «qardaş» dəstəyini əsirgəməyən İran Azərbaycana münasibətinin hansı səviyyədə olduğunu nümayiş etdirib.

Azərbaycan daim xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişafına xüsusi diqqət göstərir. Ümumilikdə ölkəmizin xarici siyasəti çoxşaxəlidir. Bərabərhüquqlu, qarşılıqlı hörmətə və maraqlara əsaslanan siyasətimizin uğurları göz qabağındadır. Azərbaycan etimad mühitinin qorunmasını daim öndə saxlayır və bu çağırışı bütün dünyaya ünvanlayır. Dövlət başçısı İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində «Siz əməkdaşlığın mənasını nədə görürsünüz? Əməkdaşlığı çətinləşdirən nədir?» suallarını cavablandırarkən bildirmişdir ki, düşünürəm bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi. Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır: «Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub.»

Yeganə Əliyeva, "İki sahil"