Dünyanın hər yerindən müxtəlif rekordlar toplayan “Ginnesin Rekordlar Kitabı” illər keçdikcə daha da yenilənir. Bu ilin fərqli və maraqlı rekordlarını təqdim edirik.
Su altında ən uzunmüddətli öpüşmə
Cənubi afrikalı qadın və kanadalı kişi suyun altında ən uzunmüddətli öpüşməyə görə “Ginnesin Rekordlar Kitabı”na düşüblər. Rekordun müəllifləri 40 yaşlı Bet Nil və onun 33 yaşlı nişanlısı Mayls Kloutier olub. Onlar Maldiv adalarında bu rekorda imza atıblar. Belə ki, sualtı öpüş dörd dəqiqə altı saniyə davam edib. Qeyd edək ki, Bet Nil və Mayls Kloutier cütlüyü müsahibələrində yeni rekorda imza atmaq üçün üç gün məşq etdiklərini açıqlayıblar.
Cütlük daha öncə ən uzunmüddətli öpüşən Maykl Fukarino və Eliza Lazzainanın 2010-cu ildə əldə etdikləri rekordu təzələyib. Adları çəkilən cütlük isə suyun altında üç dəqiqədən çox öpüşə bilmişdi.
İlon Mask şəxsi vəsaitlərini itirdiyinə görə rekord vurdu
“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, amerikalı milyarder İlon Mask itirdiyi şəxsi vəsaitlərinin miqdarına görə dünya rekordunu qıraraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.
İlon Mask 2021-ci ilin noyabrında dünyanın ən varlı şəxsi olub və sərvəti 340 milyard dollara çatıb. “Forbes” milyarderin o dövrdən etibarən təqribən 182 milyard dollar itirdiyini bildirir. Bəzi mənbələr Maskın, əslində itkilərinin 200 milyard dollara çatdığını iddia edirlər.
Buna baxmayaraq, Mask dünyanın ən varlı ikinci şəxsi olaraq qalır.
İlon Maskdan əvvəl isə sözügedən rekordun sahibi “Softbank”ın təsisçisi, yaponiyalı sahibkar Masaesi Son idi. Belə ki, o, 2000-ci ildə 58,6 milyard dollar itirib.
Dünyanın ən böyük iti
“Ginnesin Rekordlar Kitabı”na düşən Zevs adlı dünyanın ən böyük itinin hündürlüyü 1,04 sm, uzunluğu 86 sm-dir. O, Amerikanın Texas ştatında saxlanılır.
Məlumatda bildirilib ki, nəhəng itin hündürlüyü pəncəsi üstə qalxdıqda 2,3 metrə çatır.
Son 54 ilin ən soyuq günü
Çinin şimalında yerləşən Xeylunszyan vilayətinin Mohe şəhərində son 54 ilin ən soyuq günü qeydə alınıb.
Belə ki, havanın temperaturu mənfi 53 dərəcəyə qədər enib.
Mohe şəhəri Rusiya ilə sərhəddə yerləşir və bu bölgədə 1969-cu ildən bəri mənfi 53 dərəcə temperatur qeydə alınmayıb.
Çinin ən soyuq bölgəsi olaraq qeyd olunan və ölkənin “şimal qütbü” kimi tanınan Mohedə qış mövsümü səkkiz ay davam edir.
Mohe Çinin qış turizm mərkəzlərindən biridir.
Ən yaşlı köpək
30 il 244 gün Portuqaliyada yaşayan Bobi adlı köpək “dünyanın ən yaşlı iti” olaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Bobinin sahiblərindən biri olan 8 yaşlı Leonel Kosta evlərində çoxlu heyvanların olduğunu söyləyərək itinin evdə hazırlanan yeməklərlə qidalandığını bildirib. Daha öncə “Ginnesin Rekordlar Kitabı”na düşən “ən yaşlı it” 1939-cu ildə ölən 29 il 5 ay yaşı olan avstraliyalı çoban iti idi.
Dünyanın ən böyük qurbağası
Dünyanın ən böyük qamışlıq qurbağası Avstraliyanın Konvey Milli Parkında tapılıb.
Parkın işçiləri yolu təmizləyərkən təsadüfən nəhəng amfibiyaya rast gəliblər. Heyvana Toadzilla adı verilib. Onun çəkisi 2,7 kq, uzunluğu isə 25 sm-dən çoxdur.
Qurbağa Kvinslend Dövlət Muzeyinə hədiyyə olunub.
Əlavə edək ki, bundan əvvəl “Ginnesin Rekordlar Kitabı”na düşən ən böyük qurbağa 1991-ci ildə tapılan çəkisi 2,67 kq olan amfibiya idi.
Samirə Tağıyeva, “İki sahil”