Neneslər
Rusiyanın Sibir bölgəsində yaşayan neneslər maralçılıqla məşğul olurlar. Maralçılıq onların həm də həyat tərzidir. Neneslər arasında maral ətini çiy yemək çox populyardır. Hal-hazırda onların sayı təxminən 45 min nəfərdir.
Ladakxi
Hindistan ərazisində yaşayan ladakxilərin sayları 57 mindən çox deyil.
Mursi qəbiləsi
Efiopiyanın cənub-qərbində yaşayır. Sayları təxminən 7,5 mindir. Sivilizasiyadan uzaq yaşayan bu qədim qəbilənin sakinləri oğlan uşağının doğulmasını savaşçıların dünyaya gəlişi kimi qəbul edirlər. Onların adətlərinə görə, evlənməyə hazırlaşan kişilər seçdikləri qadın ilə maraqlanan digər kişilər ilə savaşmaq məcburiyyətində olurlar. Qalib olan şəxs həmin qadınla evlənir . Bu, azmış kimi, toydan sonra nə qədər cəsarətli olduğunu sübut etmək üçün həmin bəy qonşunun inəklərinidə oğurlamalıdır.
Aqori
Aqori adlı bu qəbilə Hindistanın Varanasi bölgəsində yaşayır. 10-cu əsrdən bu günə kimi gəlib çıxan qəbilə hindu tanrısı olan “Şiva”ya sitayiş edir. Zaman keçdikcə sayları azalan Aqori qəbiləsi insanın reinkarnasiyaya, yəni insanın yenidən doğulmasına inanırlar. Dünyadan tamamilə uzaq düşən Aqori qəbiləsi rituallarını və dini ifadələrini sirr kimi gizli saxlayırlar. Aqori qəbiləsinin ən qorxunc adətlərindən biri isə öz ölülərini yemələridir. Yedikləri ölülərin qalan hissələrini isə yandıraraq külə çevirirlər.
Daha sonra külü bədənlərinə sürtürlər. Bunun səbəbi isə ölüm qorxusunun ən böyük qorxu olduğunu və beləcə ölüləri yeyərək, bu qorxunu özlərindən uzaqlaşdıracaqlarını düşünürlər.
Buşmenlər
Cənubi Afrikada yaşayan və vaxtilə buranın əsas əhalisini təşkil edən bu qədim qəbilə hal-hazırda yer üzündən silinmə riskini yaşayır. Sayı 100 min olan bu qədim xalqlar əsasən Anqolada, Cənubi Afrika Respublikasında, Namibiyada, Mozambikdə, Lesoto və Botsvanada yaşayırlar. Onların əsas dili koysan dilir. Buşmenlər mahir ovçudurlar.
Huli
Papua və Yeni Qvineyanın dağlıq ərazilərində yaşayan hulilərin hal-hazırda sayları 150 mindir. Bu qəbilənin kişiləri düşmənlərini qorxutmaq üçün üzlərini sarı, qırmızı və ağ rəng ilə boyayırlar, başlarına isə öz saçlarından hazırladıqları parikləri qoyurlar.
Samburu
Yer üzündən silinmək təhlükəsini samburu qəbiləsi də yaşayır. Keniyanın şimalındakı dağlıq ərazilərdə məskunlaşan Samburu qəbiləsi maldarlıqla məşğul olurlar. Bu insanların qəribə adətləri var. Onlar güclü qalmaq və pis ruhlardan qorunmaq üçün heyvanların qanını içirlər. Hal-hazırda onların sayı 160 mindir.
Çukçalar
Çukçalar əsasən Rusiya Federasiyasının ərazisində yaşayırlar. Sayları 15 mindən çox deyil. Sovet folklorunda bəstəboy, sadəlövh maral saxlayan kimi təqdim olunan çukçalar haqqında söylənənlər həqiqətə uyğun deyil. Əslində çukçalar Uzaq Şimalın Alyaskadan Kamçatkaya qədər böyük tayfaları özlərinə tabe etdirmiş ən güclü və döyüşkən xalq olub.Çukçalar ölümdən qorxmurdular, əsir düşdükdə belə özlərini öldürürdülər. Tarixdən məlum olduğu kimi, rusların çukçalar ilə müharibəsi 150 il davam etmişdi və ruslar onlara qalib gəlmişdilər. Rusların hakimiyyəti zamanı Çukotkada yaşayan çukçalar daxili işlərdə tam müstəqilliyini qoruyub saxlamışdılar. Bu mərd xalqın sonuncu müharibəsi 1947-ci ildə eskimoslar ilə olmuşdur və onlar qalib gəlmişdilər. Uzun illər soyuq ərazilərdə yaşayan çukçalar çox qonaqpərvərdilər. Hətta o qədər qonaqpərvərdilər ki, hörmətli qonaq evlərinə gələndə öz həyat yoldaşlarını belə bir gecəlik təklif edə bilərlər. Bu, xüsusi hörmət əlaməti sayılır. Azsaylı olmaları çukçaların həm də bir-birinin həyat yoldaşını dəyişməyə və qrup şəklində evlənməyə vadar edir. Bizə onların bu hərəkəti qəribə gəlsə də, çukçalar üçün bu, icmanın bütövlüyünü qorumaq üçün atılan bir addımdır. Çox maraqlıdır ki, köçəri çukçalar oturaq həyat sürən çukçalar ilə ünsiyyət qurmurlar və onları özlərindən aşağı pillədə görürlər. Öz unikallığını saxlayan bu qədim xalqın sayı tədricən azalmaqdadır.
Vaorani
Ekvadorun şərqində, Yasuni milli parkı ərazisində dünyanın azsaylı və qapalı xalqı vaorani yaşayır. 1968-ci ildə protestant missionerlərlə əlaqəyə girən bu qədim xalq, meşələrə gedərək xarici aləmlə əlaqəni tamamilə kəsdilər. Qəbilə barədə demək olar ki, heç nə məlum deyil. Deyilənlərə görə, onlar əsasən ovçuluq və yığıcılıq ilə məşğul olurlar. Qeyd edək ki, dünyanı cənginə almış koronavirus təkcə 17 yaşlı hamilə qadında aşkar olunmuşdu. Hal-hazırda bu qəbilədə yaşayan insanların sayı təxminən 4 mindir.
Kokopa
Getdikcə sayı azalan xalqlardan biri də kokopadır. Hal-hazırda Meksika və ABŞ-ın Arizona ştatında məskunlaşan bu xalq ovçuluq və maldarlıq ilə məşğul olur. Sayları cəmi 300 nəfərdir.
Samirə Tağıyeva, “İki sahil”