27 fevral 2023 22:58
482

Robot balıqlar

Çinin cənub-qərbindəki Sixuan Universitetinin alimlərindən ibarət qrup dünyanın çirklənmiş okeanlarını təmizləməyə kömək edə biləcək mikroplastikləri "yeyən" robot balıqlar yaradıblar. Toxunduqda yumşaq və ölçüsü cəmi 1,3 santimetr (0,5 düym) olan bu robotlar artıq dayaz suda mikroplastikləri udur.

Robotu yaradan tədqiqatçılardan biri-Vanq Yuyan bildirib ki, komanda daha dərin sularda mikroplastikləri toplamağı və real vaxtda dənizin çirklənməsini təhlil etməyi bacaran robotları yaratmağı qarşısına məqsəd qoyub: "Biz belə yüngül miniatürləşdirilmiş robot hazırladıq. O, bir çox cəhətdən istifadə oluna bilər. Məsələn, biotibbi və ya təhlükəli əməliyyatlarda. Robot bəzi xəstəlikləri aradan qaldırmağa kömək etmək üçün bədəninizin bir hissəsini lokallaşdıra da bilər"

Qara robot balıq işıqla şüalanır. İşıq ona üzgəclərini çırpmağa və bədənini tərpətməyə kömək edir. Elm adamları balığın digər balıqlara və ya gəmilərə çırpılmaması üçün işıqdan istifadə edərək özünü idarə etdiyini bildirirlər.

Vanq robot balığın təsadüfən digər balıqlar tərəfindən yeyildiyi təqdirdə, poliuretandan hazırlandığından zərər vermədən həzm oluna biləcəyini söylədi. Balıq hətta zədələnsə belə, çirkləndiriciləri udur və özünü bərpa edə bilir. O, əksər süni yumşaq robotlardan daha sürətlidir.

"Biz əsasən mikroplastiklərin toplanması üzərində işləyirik. Bu, nümunə robotdur və ondan dəfələrlə istifadə etmək olar",-deyə Vanq Yuyan bildirib.

Nubar Süleymanova, “İki sahil”