04 aprel 2023 00:57
1375

Sağlamlıq üçün 10 ən faydalı ədviyyat

Elə adam yoxdur ki, yemək bişirərkən ədviyyatdan istifadə etməsin. Hər mətbəxdə minimum da olsa istifadə olunur. Ədviyyatlar yeməyin dadının müəyyən hissəsini təşkil edir.

Əksər insanlar hansı ədviyyatlardan istifadə etdiklərinə fikir vermirlər. Onlar üçün yalnız yeməyin dadı bundan asılıdır, lakin bilməliyik ki, ədivyyatlar insan sağlamlığına mənfi və ya müsbət təsir göstərir. Əgər həqiqətən sağlamlığınıza əhəmiyyət verirsinizsə, Monosodium qlutamat və digər ləzzət artırıcıları mətbəxinizdə olmasa yaxşıdır. Zərərli maddələrin olmadığı təbii ədviyyatlara üstünlük vermək lazımdır.

Belə faydalı seçim də əslində böyükdür. Sadəcə, insanlar çox vaxt yemək bişirərkən yeni bir şey sınamağa qorxurlar. Sağlamlıq üçün ən faydalı ədviyyatlar haqqında aşağıda sizə məlumat verəcəyik, bunları mütləq pəhrizinizə daxil etməlisiniz.

Paprika

Paprika bibərin yandırmayan sortlarının qurudulmuş qabıqlarını üyütməklə əldə edilir. Bu ədviyyatın bir neçə növü var: sərt, şirin, zərif və s. Paprika macarların, almanların, ispanların, meksikalıların milli mətbəxinin vacib tərkib hissəsidir.

Təəccüblü deyil ki, bu ədviyyat çox faydalıdır, çünki qan dövranına və həzmə müsbət təsir göstərir. Pankreas problemləri və revmatizmdə kömək edə bilər. Paprika rekord miqdarda C vitamini (sitrus meyvələrindən bir neçə dəfə çox) ehtiva etməsi ilə məşhurdur.

Ədviyyat yeməyə dad və xoş rəng verir. İstənilən növ ətə, tərəvəzə, şorbaya və müxtəlif souslara əlavə etmək olar.

Reyhan

Reyhan birillik ot bitkisidir. Aşpazlar ondan həm təzə, həm də qurudulmuş şəkildə istifadə edirlər. Çeşidindən asılı olaraq, ətri və dadı fərqli ola bilər. Artıq çəkili insanların pəhrizinə mütləq reyhan əlavə edilməlidir, çünki bu bitki maddələr mübadiləsini sürətləndirir və yağ yandırıcı təsir göstərir. O, venoz qan axınını yaxşılaşdırır, yuxusuzluqla mübarizə aparır, immuniteti artırır. Karminativ və sidikqovucu kimi fəaliyyət göstərir.

Təzə reyhan xüsusilə qiymətlidir. Şorbalara, salatlara, ət yeməklərinə, konservləşdirilmiş tərəvəzlərə əlavə edilə bilər. Qurudulmuş şəkildə adətən pastalar və kolbasaların hazırlanmasında istifadə olunur. Orta Asiya ölkələrində heç bir çay mərasimi reyhansız keçə bilməz.

Darçın

Darçın ən məşhur ədviyyatlardan biridir. Dəfnə fəsiləsinə aid olan ağacların qabığından əldə edilir. Zərif şirin isitmə dadı və aromasına malikdir.

Sağlamlığa böyük faydaları var. Əla antibakterial, antiviral və hemostatik vasitədir. İmmunitet sistemini gücləndirir, yüksək xolesterinlə mübarizə aparır. Həkimlər Parkinson və Alzheimer xəstəliklərində darçın istifadə etməyi məsləhət görürlər.

Darçın adətən qənnadı məmulatlarının dadını yaxşılaşdırmaq üçün istifadə olunur.

Keşniş

Keşniş bütün dünyada çox məşhurdur. İki formada istifadə olunur: toxum və göyərti. Çox vaxt digər ədviyyatlarla qarışdırılır. Ədviyyatlı ətir və zəngin üzvi dada malikdir.

Keşniş əhəmiyyətli maddələrin qiymətli mənbəyidir. Tərkibində vitaminlər, antioksidantlar, minerallar var. Keşnişin əsas funksiyası immunitet sistemini gücləndirməkdir. Onun istifadəsi qan təzyiqini normallaşdırır və ürək-damar sisteminin fəaliyyətinə faydalı təsir göstərir. İştahı stimullaşdırır və normal həzmə kömək edir.

Zirə

Zirə ikiillik çətir bitkisinin toxumudur. O qurudulur və yemək üçün istifadə olunur. Zirənin kəskin, acı ədviyyatlı dadı və şüyüdəoxşar iyi var.

Zirə mədə üçün ən əlverişli ədviyyatlardan biridir. Ağrıları azaldır və həzmə müsbət təsir edir, iştahı artırır. Daha çox özündə dəmir ehtiva edir. Anemiya üçün pəhrizə əlavə edilməlidir. Soyuqdəymə və şəkər xəstəliyinə kömək edir.

Zirə konservasiyada geniş istifadə olunur. Tərəvəz, ət yeməklərini mükəmməl şəkildə tamamlayır, onlara qeyri-adi ədviyyatlı dad verir.

Oreqano

İtalyanlar bu ədviyyatı çox sevirlər. Oreqano yeməklərə kəskin və ədviyyatlı bir dad verir. Təzə və qurudulmuş şəkildə istifadə olunur.

Oreqano həzm sisteminə faydalı təsir göstərir. Yuxusuzluq və tənəffüs problemləri üçün faydalıdır. Parazitlərdən qurtulmağa kömək edir, lakin bunun üçün həlim hazırlamaq və ya çaya əlavə etmək lazımdır. Yeri gəlmişkən, bu içki bədəni tonlaşdırır və sakitləşdirir, həm də çox xoş dad verir.

Bu ədviyyat ət və balıq qovurmaq üçün də idealdır. Salatlara və souslara əlavə olunur.

Razyana

Razyana ilk növbədə həzmə müsbət təsir göstərir: spazmı aradan qaldırır, bağırsaq hərəkətliliyini artırır, iştahı yaxşılaşdırır. Əsasən, karminativ kimi istifadə olunur, endokrin və sinir sistemlərinin işini normallaşdırır.

Zəncəfil

Zəncəfil acılı dadı olan aromatik ədviyyatdır. Bu bitki hind və Çin mətbəxində əvəzolunmazdır. Təzə və ya emal olunmuş halda istifadə olunur. Zəncəfil yeməklərə kəskin, yandırıcı bir dad verir.

Vitaminlər, minerallar və efir yağları ilə zəngindir. O, ürəkbulanma üçün ən yaxşı vasitə kimi məşhurdur, qida zəhərlənməsinə kömək edir. Maddələr mübadiləsini sürətləndirir, qaz əmələ gəlməsi ilə mübarizə aparır. Qanı durulaşdırır və qan laxtalanmasına meyilli insanlar üçün faydalıdır. Afrodiziak kimi də istifadə olunur.

Sarımsaq

Sarımsağın təqdimatına ehtiyac yoxdur, ən azı Azərbaycanda hər kəs onun faydasını bilir. Dünyada ən çox yayılmış ədviyyat sayıla bilər. Təzə və qurudulmuş halda istifadə olunur. Dadı kəskindir, lakin sarımsağın növündən asılı olaraq fərqlənir.

Antiviral təsiri ilə tanınır. İmmunitet sisteminin qoruyucu funksiyalarını gücləndirir. Faydalı xüsusiyyətlərini uzun-uzun sadalamaq olar. Yüksək qan təzyiqi və xolesterolu olanlara istifadə etmək tövsiyə olunur. Qan dövranı sistemini gücləndirir, qan laxtalanma riskini azaldır. Onu müntəzəm istifadə edən insanlar dərmanlara çox “qənaət” edirlər.

Sarımsaq xəmir və desertlər istisna olmaqla, əksər yeməklərin hazırlanmasında istifadə olunur.

Zərdəçal

Zərdəçal zəncəfil ailəsindən bir bitkinin köklərini üyütməklə əldə edilən parlaq sarı tozdur. Yüngül kəskin dadı var.

Zərdəçal xroniki iltihaba qarşı təsir göstərə bilər. Oynaqların şişkinliyini azaldır. Periodontit, ishal, diabet kimi xəstəliklərdən əziyyət çəkənlərə çox faydalıdır - ədviyyat, əlbəttə ki, xəstəliklərdən xilas etmir, lakin simptomları azalda bilər. Qaraciyərə faydalı təsir göstərir.

Zərdəçal ət yeməklərinə yaxşı uyğunlaşır. Şorbalara, tərəvəzlərə, souslara əlavə edilir, həm də boya kimi istifadə olunur.

Nubar Süleymanova, “İki sahil”