Digər ölkələrlə müqayisədə Yaponiyada qadın rolu çoxşaxəlidir. Bu yazıda yapon qadınlarının maraqlı həyatı tərzi ilə bağlı məlumatları təqdim edirik.
Bir yapon qadınının qidalanma rejimi
Yaponlar qidalanmalarına çox diqqət edirlər. Onlar yeməyi yalnız dad almaq üçün deyil, bədənlərinin vitamin ehtiyacını qarşılamaq üçün yeyirlər. Onlar dəri və fiziki görünüşlərinin gözəlliklərini yediklərinə borcludurlar.
Yapon qadınları yemək yeyərkən qidanı yavaş-yavaş çeynəməkləri sayəsində mədə beyinə "doydum" siqnalını göndərir. Bu səbəbdən də tez doyurlar.
Sərt geyim qaydası
Yaponiyada olduqca sərt geyim qaydası var. Burada qadınlar işə mütləq forma geyinməlidirlər. Həmin iş forması, bir qayda olaraq qara gödəkcə, ağ köynək, ətək və kiçik dabanlı ayaqqabıdan ibarətdir.
İşdə eynək taxmaq olmaz!
Son vaxtlar isə xidmət sektoru ilə əlaqəli olan təşkilatlar( məsələn,restoran və otel biznesi,kosmetologiya,gözəllik salonları) yapon qadınlarının işə eynəklə gəlmələri qadağan edilib.
Qadağanın səbəbi odur ki, şirkət rəhbərlərinin düşüncələrinə görə, bir qız eynəksiz daha cəlbedici görünür. Bu isə öz növbəsində şirkətin nüfuzuna və işin keyfiyyətinə müsbət təsir göstərir.
Xüsusi taksilər
Yaponiyada ictimai nəqliyyatda qadınların kişilər tərəfindən zorakılığa məruz qalması nadir hal deyil. Bu tip halları yaponlar "chikan" adlandırırlar. Kişilərə qarşı qadınlar tərəfindən şikayətlərin sayı artmağa başladığı üçün hökumət hərəkətə keçərək, Yaponiya metrosunda yalnız qadınlar üçün xüsusi vaqonlar ayırıb. Bu cür vaqonlar adətən qatarın sonunda yerləşir və kişilərin ora girməsi qəti qadağandır. Qadağaları pozan kişilər cərimələnir.
Hökumət gecə işləyən və bu səbəbdən evə gec qayıdan qadınlara da qayğı göstərir. Belə çətin vəziyyətə düşən qadınlar üçün xüsusi taksilər çalışmaqdadır. Həmin taksilərin sürücüləri də məhz qadınlar olur.
Xanımlar üçün xüsusi xidmət yerləri
Yaponiyada, həmçinin qadınlar üçün xidmət göstərən kafelər və hətta kitabxanalar var. Bu ölkənin bir çox mağazalarında belə qadınlara xüsusi güzəştlər olur. Məsələn, tibbi xidmət və mağazalarda satılan bəzi əşyalar kişilər üçün daha bahalıdır. Bundan əlavə, bir çox dövlət qurumlarında qadın günləri keçirilir. Həmin günlər qadınlar üçün böyük endirimlər olur.
Qadın ailə büdcəsini idarə edir
Yaponiyada işsiz qalan qadının haqlarını qorumaq üçün qəribə struktur yaradılıb. Burada bir çox ailələrdə qadın ailə büdcəsini idarə edir. Yaponiyada bəzən kişi aldığı maaşı heç görmür, çünki onun əməkhaqqı dərhal arvadının bank hesabına köçürülür.
Tənha xanımları nəzərə alırlar
Yaponiyada tək başına uşaqlarını böyüdən qadınlar üçün də tərtib olunan xüsusi qanunlar var. Məsələn, bir qadın ərinin ölümü səbəbilə tək qalırsa belə xanıma dövlət tərəfindən mütləq kömək göstərilir.
Lakin boşanan qadınlar və ya uşağının atasının kim olduğu bilinməyənləri burada ağır sınaqlar gözləyir. Belə hallarda, tək qalan ana heç bir zaman normal iş tapa bilməz və onun uşağı böyük sıxıntılar içində böyümüş olur. Buna baxmayaraq, bu qadınlar belə şikayət edərək dövlət subsidiyalarını almağa cəhd edə bilərlər. Həmin ödənişlər az olsa da , yaşamaq mümkündür.
Burada qadın kişidən üstün olmamalıdır
Yaponiyada qızlar oğlanlardan daha ağıllı, güclü və ya daha sürətli ola bilməzlər. Burada qadın kişidən üstün olsa belə, onu heç bir zaman bildirməməlidir. Yaponiyada bir kişi ilə münasibətdə olan qadın onun qeydinə qalmalı, demək olar ki, kişiyə təslim olmalıdır. Ayrıca, burada qızlar yüksək səslə danışmamalı, təkəbbürlə və ya nəzakətsiz bir şəkildə ünsiyyət qurmamalı və heç bir şəkildə liderlik mövqelərini göstərməməlidirlər. Burada, həmçinin görünüşü və ya hərəkətləri ilə bir kişinin diqqətini özünə çəkmək çox ayıbdır. Yaponiyada ümumiyyətlə, bəyəndiyiniz bir gəncə hər hansı bir diqqət əlaməti göstərmək ayıbdır. Bu ölkədə,həmçinin evli olmayan cütlüyün küçədə qucaqlaşıb öpüşməyi qadağandır.
Xanımlara iş tapmaq çətindir
Yaponiyada qadınlara iş tapmaq çətindir. Burada ən yaxşı vakansiyalar yalnız kişi namizədləri üçün nəzərə tutulur. Çox maraqlı faktlardan biri də odur ki, bu ölkədə eyni vəzifədə çalışan kişi və qadın arasında çox böyük ayrı-seçkilik var. Çünki onlar eyni vəzifədə çalışsalarda, kişi qadından üstün sayılır və onun maaşı daha çox olur.
Samirə Tağıyeva, “İki sahil”