Yalnız kürən saçlı insanlarda çillərin olduğuna inanılır. Lakin bu belə deyil. Əslində hər kəsdə çillər ola bilər. Bəs görəsən çillərin yaranması hansı faktorlar ilə bağlıdır? Çillər ilə bağlı topladığımız maraqlı məlumatlar sizi çox təəccübləndirəcək.
Əvvəllər çillər “şeytanın işarəsi” sayılırdı. Orta əsrlərdə çil, ziyil və xalları olan xanımların cadugər olduğuna inanılırdı. Buna görə də onlar tez-tez edam olunurdular.
Tədqiqatçıların bir qismi çilləri anadangəlmə dəri ləkələrinin xüsusi forması kimi qiymətləndirir. Onlara əksərən kürən və sarışınlarda, daha az hallarda isə saçı şabalıdı rəngdə olanlarda rast gəlinir. Qaraşınlarda və dəri rəngi tünd olanlarda isə demək olar ki, çil müşahidə olunmur.
İki növ çillər mövcuddur. Bunlardan bir dəri tipinə görə günəşdən yaranan çillərdir. İnsanlarda üz, əllər və dərinin digər nahiyələrində görməyə adət etdiyimiz açıq qəhvəyi ləkələrə efelid deyilir. Fəsillərin dəyişməsi ilə onlar dəyişə bilir. Məsələn, qışda solur, yayda isə tündləşir.
Digəri isə bədəndə olan xəstəlikləri göstərir. Məsələn, qaraciyər və ya yaş ləkələri kimi tanınan lentiginlər var. Onlar dərinin daha çox melanosit hüceyrələrinin toplandığı yerlərdə görünürlər, buna görə də ilin vaxtından asılı olmayaraq yarana bilər.
Heç kim çillərlə doğulmur. Adətən çillər 4-6 yaşlı uşaqlarda əmələ gəlməyə başlayır, lakin cinsi inkişaf dövründə bu proses daha çox kəskinləşir.
Çillər genetikdirlər. Çillərin sayı adətən dərinizin hansı növ melanin istehsal edəcəyinə nəzarət edən MC1R geninin mövcudluğundan asılıdır: tünd qəhvəyi eumelanin və ya qırmızı-sarı feomelanin. MC1R geni aktiv olmayan insanlar daha çox feomelanin istehsal edir. Nəticədə həmin insanların saçı açıq, dəriləri isə çillərə meyilli olur.
Bunu da unutmayaq ki, çilləri olan insanların dəri xərçəngi olmaq ehtimalı daha çoxdur. Bu tip insanlar günəşdə çox qalmamalıdırlar. Onlara həm yayda, həm də qışda dərini SPF kremlərlə qorumaq tövsiyə olunur.
Çillər dəri üçün qoruyucu maneə rolunu oynayır.Onlar dərini zərərli UV şüalarından qoruyur.
Demək olar 80% kürəndə çillər olur.
Tünd saçlı və mavi gözlü bəzi insanlarda da çillər olur. Bu üç amilin bir insanda birləşməsinə "Pirs Brosnan geni" adlanan IRF4 geni məsuliyyət daşıyır.
Məhz məşhur aktyor Pirs Brosnanda bütün bu xüsusiyyətlər var. Ona görə də bu geni onun şərəfinə adlandırdılar.
Dəri çillərindən əziyyət çəkənlər onların artmasını qabaqlamaq üçün yaz və yay aylarında mütləq günəşdən qoruyucu krem çəkməli, xinin və salol tərkibli qoruyucu kirşandan istifadə etməli, günəş şüaları altında uzun müddət qalmamalıdırlar. Qida rasionunda C vitamini (askorbin turşusu) və PP vitamini (nikotin turşusu) ilə zəngin məhsullar artırılmalıdır. Orqanizm C vitaminini bir çox meyvə və tərəvəzlərdən alır, vitamin-mineral kompleksi isə daha çox toyuq və mal ətində, qarabaşaq yarması və qaraciyərdə olur.
Samirə Tağıyeva, “İki sahil”