KÖŞƏ

Zahid Rza

Şərin məngənəsindəki lakeylər

08 may 2018 15:38
3567

Böyük fransız yazıçısı və filosofu Alber Kamyu “Taun” əsərində yazırdı: “Azadlıq gələndə təkcə yaxşılıqlar yox, həm də pisliklər azad olur. Həm də Şər daha çox azad olur”.

Ötən əsrin 90-cı illərindən  “Yurdçu” qılafındakı AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin, onların ətrafındakı təsir agentlərinin, vətənşüvənlərin fəaliyyət trayektoriyasına diqqət etdikdə dahi Kamyunun təxəyyülünə heyrət etməmək olmur. Hətta uzaqdan belə bu saxta “demokratlar”ın simasında şərlə xəyanətin sintezi açıq-aşkar görünür. Əgər nə vaxtsa Ə.Kərimlinin və onun ətrafındakıların siyasi hoqqabazlıq “biblioqrafiya”sı hazırlansa, bu marginalların xəyanətləri tam xronoloji ardıcıllıqla verilsə “Şərin təntənəsi” adlı “yaxşıca” bir şey əmələ gələr.

İyirmi ildən artıqdır ki, Ə.Kərimli və onun “cəbhədaşları” antiazərbaycan dairələrin, ermənipərəst qüvvələrin dəyirmanına su tökməklə məşğuldurlar. AXCP sədrinin və onun səbatsız insanlardan ibarət xəyanətkar dəstəsinin son  vaxtlarda sosial şəbəkələrdəki antimilli fəaliyyətləri bunu bir daha təsdiq edir. Birmənalı olaraq demək olar ki, bu gün Avropanın müxtəlif ölkələrində məskunlaşaraq ermənipərəst qüvvələrin patronajlığı ilə fəaliyyət göstərən bəzi beynəlxalq qurumların çirkli maliyyəsi ilə ələ alınan, adını azərbaycanlı qoyan  bəzi üzdəniraq vətənşüvənlər də öz xəyanətkar əməllərini ə.kərimlilərin, c.həsənlilərin, e.quliyevlərin antimilli əmələri ilə uzlaşdırırlar. Milli mənlik şüurundan, vətəndaşlıq borcuna sadiqlikdən mərhum olan belələri iaşə rahatlığı, şəxsi ambisiyaları naminə Azərbaycan əleyhdarları olan dairələrin, eləcə də bəzi xarici xidmət orqanlarının tələsinə düşərək asanlıqla onların əlaltılarına çevrilirlər.

Hələ1945-ci ildə ABŞ MKİ-nin rəhbəri olmuş A. Dalles deyirdi: “Müharibə qutaracaq, əvvəl-axır hər şey sakitləşəcək, düzələcək. Biz əlimizdə olan bütün resurslardan istifadə edərək onları insanların ələ salınmasına, səfeh yerinə qoyulmasına xərcləyəcəyik. Orada xaos yaratmaqla biz onların dəyərlərini əllərindən alıb, əvəzində saxta dəyərlər verəcəyik. Necə? Bizimlə eyni düşünənləri, köməkçilərimizi və müttəfiqlərimizi tapacağıq. Bir xalqın məhv edilməsi anbaan baş verəcək, özünüdərkin məhvi geri dönməz xarakter alacaq”.

Şübhəsiz, bütün bunları Ə.Kərimli kimilərin üzünə deyərək onları ifşa edənlər isə bu merkantillərin hücumuna, təhqirlərinə məruz qalır. Ə.Kərimli öz satılmış, xəyanətkar dəstəsinə, trollarına işarə verərək sosial şəbəklərdə üzdəniraq söyüş kampaniyası başladır. Belə vay-şüvənlik atrıq o marginalların dəyişməz şakərinə, xarakterinə çevrilib.

Məsələn, bir müddət əvvəl Ə.Kərimlinin iyirmi illik antimilli, satqınlıq və xəyanətlərlə dolu  fəaliyyətinə növbəti qiyməti vermiş keçmiş “cəbhəçi” Azər Əsgərov bildirmişdi ki, AXCP sədri sosial şəbəkələrdə, “facebook”da öz tərəfdarları vasitəsilə onu təhqir etdirərək aşağılayır. Özü də A.Əsgərov demişdi ki, o qız adları olan profillərdən təhqir və təhdid olunur.  Ona görə də keçmiş cəbhəçi, mülk sahibi A.Əsgərov bir müddət səbr etsə də, sonda Ə.Kərimliyə qarşı vulkan kimi püskürmüşdü. Nəticədə ətrafa yayılan “lava” Ə.Kərimlini yandırıb-yaxmışdı. A.Əsgərov axırda mətbuata açıqlama verərək ki, ona qarşı AXCP sədri tərəfindən başladılan kampaniyanın dayanmadığını bildirmişdi: “Hər gün təhqir eşitməkdən artıq təngə gəlmişəm. Bunlar Əli Kərimli və ətrafının öyrətdiyi səviyyəsiz insanlardır. Mən kişi kimi yerimi onlara verdim. Haqlı olaraq da onlardan bu hərəkətin cavabını gözləyirdim. Amma təəssüf ki, görmədim. Əvəzində nakişilik gördüm. Bu günə kimi 1 manat da kompensasiya almamışam. AXCP rəhbərliyi isə hələ də susur. Məni satqın adlandırırlar. Satılmış mən yox, Əli Kərimli, sənsən. Bununla arenada özünə imic qazanmaq istəyirsən. Mülkümün əvəzində külli miqdarda pul alaraq, məni və məsum cəbhəçiləri satan sənsən. Sənin kimi müxalifətlə döyüşə hazıram. Pulun müqabilində satılmaq sənin qanındadır. Rəydə təhqir yazanlara isə cavabım odur ki, lideriniz mənə cavab versin. Sizlərdən qul kimi istifadə edirlər”.

Artıq şərhə ehtiyac varmı?