24 aprel 2018 23:02
3830

Azərbaycan F1-ə üçüncü dəfə ev sahibliyi edir

Azərbaycan Formula-1 Qran-Prisinə üçüncü dəfə ev sahibliyi edir

Aprelin 27-dən etibarən Azərbaycan növbəti beynəlxalq əhəmiyyətli yarış olan Formula-1 Qran-Prisinə üçüncü dəfə ev sahibliyi edəcək. Paytaxtımız 2018 FİA Formula-1 dünya çempionatının 4-cü mərhələsi olan Azərbaycan Qran-Prisinə yüksək səviyyədə hazırlaşıb. 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula-1 Qran-Prisi dünyada 100 milyonlarla həvəskar tərəfindən izlənilən bir yarışdır. Bu Qran-Pri ümumilikdə 22 ölkədə keçirilir və adıçəkilən yarışı təşkil etmək hər bir ölkə üçün böyük uğurdur.

Formula-1 Qran-Prisi olduqca populyar olan idman oyunudur. Adıçəkilən yarışın paytaxtımızda təşkil olunması Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Bu Qran-Prinin Azərbaycanda təşkil olunması, ilk növbədə, ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzunun göstəricisidir və dövlətimizə olan böyük etimadla bağlıdır. Adıçəkilən yarışın Bakıda keçirilməsi ilk növbədə ölkəmizi dünyaya tanıtmaq üçün əlverişli fürsətdir. Həmçinin adıçəkilən yarışlar Azərbaycanın iqtisadiyyatına xeyir verəcək bir amildir. Çünki Formula-1 Qran-Prisinə baxmaq üçün ölkəmizə xaricdən çoxlu sayda qonaqlar gəlirlər. Yarışlar ölkəmizin mədəniyyətini dünyaya təqdim etmək baxımından da əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının mühüm sahəsi olan turizmin inkişafına da mühüm töhfə verəcək.

Məlum olduğu kimi, Azərbaycan dünyada beynəlxalq idman yarışlarının keçirildiyi uğurlu məkan kimi tanınır. 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və s. kimi beynəlxalq əhəmiyyətli yarışların ölkəmizdə yüksək səviyyədə təşkili bunu bir daha təsdiq edir. 2018 Formula-1 Azərbaycan Qran Prisi dünya mediasının da diqqət mərkəzindədir. Aparıcı idman kanallarında, informasiya portallarında Bakıda keçiriləcək Formula-1 Qran-Prisi haqqında bir sıra reportajlar və məqalələr yayımlanmaqdadır.

Bu yarışın hər hansı bir ölkədə keçirilməsi hərtərəfli yoxlanışdan və həmin ölkənin yarışın tələblərinə cavab verməsi müəyyən edildikdən sonra mümkün olur. Azərbaycanın bu siyahıya düşməsi ölkəmizin həm dövlətçiliyində, həm də inkişafında qazandığı nailiyyətlərin nəticəsidir. Bu yarışları Fransa 10 ilə yaxın idi ki, keçirmirdi. Ötən il isə müraciət edərək yenidən bu yarışları Parisdə təşkil etmək istəyini ortaya qoyub. Ötən il Azərbaycan yüksək təşkilatçılıq qabiliyyəti və maraqlı bir yarış ortaya qoydu. 500 milyona qədər insan bu yarışları televiziyalar vasitəsilə izlədi. Eyni zamanda internetdə də milyonlarla insan bu yarışın videogörüntülərinə baxır.

Formula-1 Qran-Prisi bir tərəfdən əyləncəli tədbirdir, digər tərəfdən isə keçirildiyi ölkənin dünyada təbliğində böyük rol oynayır. Yarışlar ərəfəsində internet resurslarında Formula-1 Qran-Prisi keçirilən ölkə ilə bağlı axtarışların sayı milyonları keçir. Həmçinin bu yarışların respublikamızda keçirilməsi dünyanın həm Azərbaycanın tarixi, həm də mədəniyyəti ilə tanış olmasına, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri daha dərindən başa düşməsinə imkan yaradır. Həmçinin ölkəmizin sivil, inkişaf edən bir ölkə olması qənaətinə gəlməsindən xəbər verir. Təşkilatçılar da Azərbaycanın yarışların təşkilinə diqqətindən çox razılıq edirlər. Son iki ilin təcrübəsi nəzərə alınaraq bu il yarışa hazırlıq işləri daha qısa zamanda və yüksək səviyyədə ortaya qoyuldu. Heç şübhəsiz ki, aprelin 27-də başlayacaq yarışlar bütün dünya tərəfindən böyük maraqla izlənəcəkdir.

Cavid Əkbərov, “İki sahil”