10 aprel 2018 01:01
1392

Musiqi sahəsində nailiyyətlərimiz çox sevindiricidir

Azərbaycanın musiqi  mədəniyyətinin son illərdə keçdiyi inkişaf yolu, incəsənətimizin, xüsusilə də muğam sənətinin  təbliğatı istiqamətində görülən işlər haqqında “İki sahil” qəzetinin suallarını Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “Qorqud” (keçmiş “İrs”)  folklor ansamblının bədii rəhbəri, respublikanın əməkdar artisti Nuriyyə Hüseynova cavablandırıb.

Əməkdar artist  Azərbaycanda muğama diqqət və qayğının  uzun illərdir dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini bildirib: “Azərbaycanda bir çox sahələr kimi, mədəniyyət və incəsənət sahəsi də, dövlətimizin yüksək diqqət və qayğı göstərdiyi  istiqamətlərdəndir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə muğam həmişə xüsusi diqqətdə saxlanılır. Bildiyiniz kimi, Azərbaycan muğamı artıq çoxdan UNESCO-nun maddi-mədəni irs siyahısında öz layiqli yerini tutub. Dövlətimizin incəsənət sahəsinə xüsusi diqqət göstərməsi  mədəniyyət xadimlərinin və xalqımızın təqdirini qazanıb. Heydər Əliyev Fondu tərəfindən Azərbaycan incəsənətinin təkcə ölkəmizdə deyil, xaricdə də yüksək səviyyədə təbliğatının aparılması ölkəmizi dünyada həm də mədəni mərkəz kimi tanıdır. Musiqi sahəsində nailiyyətlərimiz çox sevindiricidir. Azərbaycan muğamının dünyada təbliği, ölkəmizdə muğamın inkişafına göstərilən qayğı, vaxtaşırı muğam festivallarının keçirilməsi, gənc muğam ifaçılarının sənətə cəlb olunması, Bakıda Beynəlxalq Muğam müsabiqələrinin təşkili dövlətin son 15 ildə mədəniyyət sahəsində qazandığı nailiyyətlərdəndir”.

Nuriyyə Hüseynova bədii rəhbəri olduğu “Qorqud” folklor ansamblının fəaliyyətindən də söz açıb: “Xatırladım ki, AMEA Folklor İnstitutunun elmi şurasının 2017-ci il martın 31-də keçirilmiş iclasında “İrs” folklor ansamblının adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunaraq ansamblın  “Qorqud” adlandırılması qərara alınıb.

“Qorqud” ansamblı folklorumuzun dünyada tanıdılması və təbliği istiqamətində böyük uğurlar qazanıb, Rusiya, Ukrayna, Avstraliya, İtaliya, İsveç, Fransa, Türkiyə, İran və digər ölkələrdə keçirilən beynəlxalq festivallardan Vətənə medallar və fəxri diplomlarla qayıdıb. Ansamblımızın fəaliyyətində əsas məqsəd yaddaşlarda yaşayan qədim el havalarını, xalq musiqisi örnəklərini, aşıq yaradıcılığı nümunələrini, xalq oyunları və meydan tamaşalarını toplamaq, rekonstruksiya etmək və gələcək nəsillərə çatdırmaqdır.

“Qorqud” həm də qədim, artıq unudulmaqda olan xalq çalğı alətlərinin də bərpası istiqamətində mühüm işlər həyata keçirir. Fəaliyyəti övründə ansambl “Almanı alma, gəlin”, “Əylən, gəlin”, “Ruhani”, “Azaflı dübeytisi” folklor nümunələrini, “Kosa-Kosa”, “Nəva”nı, “Toyuq aparan”,  “Qaravəlli” və s. meydan tamaşalarının bərpasını həyata keçirib. Bundan sonrakı fəaliyyətimizdə də bir sıra layihələri gerçəkləşdirməyi düşünürük”.

Sevinc Mürvətqızı