07 aprel 2018 16:34
4336

Azərbaycan dünya üçün açıq, demokratik, bütün azadlıqların təmin olunduğu ölkədir

Dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsi ölkəmizdə həyata keçirilən iqtisadi və siyasi islahatların vəhdətliyi fonunda əldə olunan uğurların bir daha dünyaya təqdimatı oldu

Demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil,  ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Dövlətimizin başçısı İlham Əliyev bu reallığı hər zaman önə çəkir ki, dünyada elə ölkələr var ki, iqtisadi inkişafı yüksəkdir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, əksinə demokratik inkişafı ilə seçilir, iqtisadi inkişafı aşağı səviyyədədir. Lakin ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyi hərtərəfli inkişafı təmin etməklə yanaşı, Azərbaycanın inkişaf modelinin digər ölkələrə nümunəsində stimulverici amilə çevrilib.

Ölkə Prezidenti İlham Əliyev  bu günlərdə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bu kimi məqamlara əsaslı şəkildə diqqət yönəltmişdir. Dövlətimizin başçısı “Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə  siyasi islahatlar üçün daha nə etmək lazımdır” sualına cavabında bildirmişdir ki, şübhəsiz, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir və mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik: “Hərçənd, əlbəttə ki, əlavə səylər tələb edən məsələlər də var və biz bu istiqamətdə işləyirik. Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk. Hesab edirik ki, müstəqilliyin iyirmi altı ili ərzində bizim tariximiz, Azərbaycanın gənc müstəqil dövlət kimi təşəkkülü, ölkəmizin coğrafi yerləşməsi və bizim regionda mövcud olan və yarana biləcək risklər nəzərə alınmaqla mümkün olan maksimum işlər görülüb.” Cənab İlham Əliyev bunun davamı olaraq bildirmişdir ki, bizim hələ inkişaf etdirməli olduğumuz istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etmək istərdim: “Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam. Ona görə ki, Azərbaycanda sosial-iqtisadi inkişaf, infrastrukturun inkişafı baxımından çox iş görülür və bəzən ictimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır. Bundan əlavə, əlbəttə, biz Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.” 

26 ildən artıq  müstəqillik tarixinə malik olan ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev  insan hüquq və azadlıqlarının  qorunması və  yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atır.  “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlaq şəraitində  yaşadığı və bütün azadlıqlardan  istifadə etdiyi cəmiyyət qururuq” söyləyən  Prezident İlham Əliyev eyni zamanda bu fikri də  önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə  demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə  qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin  28 dekabr 2006-cı il  tarixli sərəncamı  ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nı  təsdiq edilməsi, bunun davamı olaraq ölkə Prezidentinin  27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan  Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın uğurlu icrası,  18 iyun 2007-ci il tarixli Sərəncamla İnsan Hüquqları Gününün təsis edilməsi  bu reallığın təsdiqidir ki, insan amili dövlət siyasətinin əsasında dayanır. 

1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza  bu günə qədər üç  dəfə  əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan amilinə verilən dəyəri ortaya qoyur. 2002,  2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsverməsində müzakirəyə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquqlarının qorunmasına xidmət edir. 2009-cu  il referendumunda “Dövlətin ali məqsədi”  maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək rifah halının təmin edilməsidir. 2016-cı il referendumunda təqdir olunan əlavə və dəyişikliklərdən biri vitse-prezidentlik institutunun yaradılması, eyni zamanda prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması oldu. Bu da ölkəmizin idarəetmə sistemində təkmilləşməyə xüsusi diqqət yetirdiyini  təsdiqlədi. Demokratik inkişafın əsas elementlərindən olan azad mətbuatın inkişafına yönələn addımlar da davamlılığı ilə diqqət çəkir.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və onların son on beş  ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  nəticəsi olaraq bu gün ölkəmizdə  söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər.  Azərbaycan  KİV-lərin sayına görə  MDB və Şərqi Avropa  ölkələri arasında  lider mövqedə dayanır. Ölkəmizdə 4 minə yaxın  kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Xeyli sayda  jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol  oynayır. Ölkəmizdə internet azaddır, heç bir məhdudiyyət yoxdur. 2005-ci ildə “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalanıb.  Həmin ildə mətbuatın 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident Təqaüdünə layiq görülməsi də atılan addımlar sırasındandır.  Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə  “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi də diqqət və qayğının bariz nümunələrindəndir.   Konsepsiyaya uyğun olaraq ölkə Prezidenti  İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Azərbaycan milli mətbuatının 135 və 140 illik yubileyləri də dövlət başçısının biri-birindən əhəmiyyətli Sərəncamları ilə yadda qaldı. Belə ki, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi,  bir qrup jurnalistin fəxri adlar və “Tərəqqi” medalı ilə  təltif edilməsi barədə Sərəncamlar imzalamaqla yanaşı, dünyada analoqu olmayan bir addımı da atdı. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı  Sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. 2010-cu il dövlət  büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna  5 milyon manat vəsait ayrıldı.  2013-cü ildə  Milli Mətbuatımızın 138 illik yubileyində  jurnalistlər üçün 156 mənzilli  yaşayış binasının istifadəyə verilməsi, eyni zamanda “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident sərəncamı imzalandı. 2017-ci ildə növbəti  255 mənzilli  bina istifadəyə verildi və üçüncü binanın tikintisi ilə bağlı Prezident Sənəcamı imzalandı.

Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi də son 15 ildə diqqətdə olan məsələlər sırasındandır.  “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi.  Vətəndaş cəmiyyəti quruculuğu prosesində  QHT-lərin rolunu yüksək dəyərləndirən cənab İlham Əliyev 2005-ci ildə imzaladığı  Sərəncamla  30 faizdən artıq  maliyyəsini xaricdən alan QHT-lərin seçkiləri izləmələrinə qoyulan  qadağanı  aradan götürdü. Vətəndaşların sərbəst toplaşma azadlığının təminatı da dövlət siyasətinin əsasında dayanır. Bununla bağlı qəbul olunan qanun da dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşdirilir.

Ölkədəki ab-havanın nümayişi olan seçkilərin  yüksək səviyyədə, demokratik, azad və  şəffaf keçirilməsi üçün  mühüm addımlar atıldı.  Dünyada ilk təcrübələr olan barmağın gözəgörünməyən mürəkkəbə boyanması,  seçki məntəqələrində veb-kameraların quraşdırılması, “exit-poll”un keçirilməsi mütərəqqi addımlar  sırasındandır. Seçki Məcəlləsinə mütəmadi  olaraq  əlavə və dəyişikliklərin edlməsi də bu diqqətdən  irəli gəlir. Son 15 ildə 2005, 2010 və 2015-ci illərdə parlament, 2004, 2009, 2014-cü illərdə bələdiyyə, 2008, 2013-cü illərdə prezident seçkiləri keçirilib. Hər bir seçki  ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa çatıb. Xalq-iqtidar birliyinin sarsılmazlığı, xalqın həyata keçirilən siyasətə dəstəyi cənab İlham Əliyevin 2008 və 2013-cü illərdə qələbəsini yenidən təkrarlamasını şərtləndirib. Xalqımız tam əmindir ki, 2018-ci il prezident seçkiləri də Yeni Azərbaycan Partyasının namizədi, ölkə Prezidenti  İlham Əliyevin qələbəsi ilə tarixə yazılacaq.

Qeyd etdiklərimiz ölkəmizin demokratik inkişaf sahəsində əldə etdiyi uğurların çox az bir hissəsidir. Siyasi islahatlarla paralel iqtisadi islahatların da həyata keçirildiyini nəzərə alsaq, bu gün Azərbaycanın son 15 ildə əldə etdiyi uğurları bir yazı çərçivəsində əhatə etməyin qeyri-mümkünlüyü aydın görünər.

Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər həyata keçirilən uğurlu siyasətin nəticəsidir.

Ölkəmizin son 15 ildə əldə etdiyi sosial-iqtisadi uğurlar göz qabağındadır. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması dünyanı bürüyən maliyyə və iqtisadi böhranından uğurla çıxmasını şərtləndirdi. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsasında dayanır.  Regionların potensial imkanlarından səmərəli istifadə etmək üçün həyata keçirilən regional inkişaf proqramları da bu məqsədə xidmət edir. Son 15 ildə bir milyon 900 mindən artıq yeni iş yeri yaradılıb. Bu işsizlik, o cümlədən məşğulluq probleminin həllində əsas amildir. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əmək haqlarının, pensiyaların artırılması, aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsi sosial müdafiənin gücləndirilməsinin prioritetliyini təsdiqləyən amillərdir.

Təbii ki, son 15 ildə əldə olunan sosial-iqtisadi göstəricilərin miqyası genişdir. Qeyd edilən müsahibədə də ilk sualda bu məqam xüsusi qeyd olunur: “Sizinlə  Azərbaycanda  prezident seçkilərinə  bir neçə gün  qalmış görüşürük. Bu beş ilə yaxın müddət çox tez keçdi. Düşünürəm ki, Sizin üçün bu illər bəlkə də bir an kimi keçdi. Amma hər halda, bu son beş ilin Sizin üçün, ölkəniz üçün nə ilə əlamətdar olduğunu bir neçə kəlmə ilə deyərdiniz, hərçənd, bunu bir neçə kəlmə ilə ifadə etmək yəqin ki, çətindir.”

Ölkə Prezidenti İlham Əliyev bu sual çərçivəsində  son beş ilin iqtisadi uğurlarını belə ümumiləşdirmişdir: “Bu illər ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib. Nəzərdə tutduqlarımızın hamısı yerinə yetirilib. Bizim nailiyyətlərimiz beynəlxalq strukturlar tərəfindən də qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Elə həmin Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə biz inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tuturuq. Bizdən irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var. Yəni mən düşünürəm ki, Davos Dünya Forumunun verdiyi bu qiymət bizim nəyə nail olduğumuzu hər şeydən yaxşı nümayiş etdirir. Biz iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olmuşuq, yüz minlərlə yeni iş yeri yaradılıb, Azərbaycanda işsizlik təxminən beş faiz səviyyəsindədir. Yoxsulluğu da xeyli azalda bilmişik. Bu gün yoxsulluq göstəricisi 5,4 faiz həddindədir. Bütün bunlar bizim son illərdə həyata keçirdiyimiz və sanballı səmərə vermiş sosial-iqtisadi siyasətin nəticəsidir.”

Hər sahədə uğurlarımız bu reallığın təsdiqidir ki, davamlı inkişaf dövlət siyasətinin əsasını təşkil edir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda müxtəlif sahələri əhatə edən Strateji Yol xəritələri hədəflərə yüksək səviyyədə nail olmaq üçün stimuldur. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək hədəfimiz bu günümüzün reallıqlarına əsaslanır. 11 aprel prezident seçkiləri əldə olunan uğurlarımızın qiymətləndirilməsi, xalq-iqtidar birliyinin təsdiqi kimi dəyərləndirilməklə yanaşı, eyni zamanda, Azərbaycanın demokratik inkişafında  yeni mərhələ olacaq.

Yeganə Əliyeva, “İki sahil”