07 aprel 2018 15:39
3143

“Şərqi-Rus” qəzeti və Naxçıvan ədəbi mühiti

XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan ziyalıları mətbuata olan ehtiyacın artdığını görərək ana dilində qəzet və ya jurnallar çıxarmaq üçün dəfələrlə hökumət dairələrinə müraciət etdilər. Lakin  çar hökuməti Azərbaycan mətbuatının da inkişafına mane olurdu.Ona görə də Azərbaycan əhalisi Yaxın Şərq ölkələrində çıxan mətbuat orqanlarını mütaliə edirdi.

Lakin çar hökuməti müsəlman vətəndaşların yad təsirlərin altında qalmasına da göz yuma bilməzdi, ona görə də  bu sahədə bəzi güzəştlərə getmək məcburiyyətində qaldı. Belə bir dözülməz şəraitdə çarizmin irəli sürdüyü maneələri aşmaq cəhdi böyük XX əsrin ilk illərində maarifçimiz M.Şahtaxtlıya nəsib oldu. O, Parisdən qayıdaraq 1902-ci il aprelin 2-də Rusiyanın Mətbuat işləri üzrə baş idarəsinə xahişnamə ilə müraciət etdi. Böyük çətinliklərlə qəzetin Tiflisdə nəşrinə icazə ala bildi.Böyük maarif fədaisi burada “Məhəmməd ağa Şahtaxtinski mətbəəsi” adlı bir mətbəə təşkil etdi. Əsrin əvvəllərində xalqın milli-mənəvi inkişafı uğrunda hərəkat başlamışdı. Bu gəlişmələrdən ruhlanan böyük ədib yazırdı: “Güman edirəm ki, bütün müsəlman ziyalıları, həmçinin ümumiyyətlə, zəhmətkeş, tərəqqiyə can atan kiçik xalqımızın inkişafının insanpərvər dostları məni müdafiə edəcək və bu işin mədəni əhəmiyyətini layiqincə anlaya biləcəklər”.

1903-cü il martın 30-da xalqımızın mədəniyyəti tarixində, mətbuatımızın tarixində əlamətdar bir hadisə baş verdi: həmin gün ziyalılarımızın çoxdan bəri həsrətlə gözlədikləri əsrin ilk milli mətbuat nümunəsi meydana çıxdı. “Şərqi-Rus” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi xəbəri  böyük əks-səda verdi.

“Şərqi-Rus” qəzeti çarizmin istismarı şəraitində dövrün mütərəqqi ziyalılarını öz ətrafına toplayaraq  zülm altında əzilən xalqların xoşbəxt həyat arzularının tərcümanına çevrildi. “Şərqi-Rus” 1905-ci il yanvarın 15-dək nəşr olunmuşdur.  M.Şahtaxtlı Peterburqa getməsi ilə əlaqədar 1904-cü ilin 23 noyabrından inanıb etibar etdiyi C.Məmmədquluzadəni öz yerinə müvəqqəti redaktor təyin etmiş, görkəmli ədibimiz  qəzet bağlanana qədər bu vəzifəni icra etmişdir.

Bu qəzetin mədəniyyət və ədəbiyyatımız tarixində çox böyük xidmətləri olmuşdur. Belə ki, M.Ə.Rəsulzadənin xalqa müraciəti,Ömər Faiq Nemanzadənin ilk alovlu publisistik əsərləri, F.Köçərlinin ədəbi əsərləri, C.Məmmədquluzadənin ilk mətbu əsəri “Poçt qutusu” hekayəsi bu qəzetdə  nəşr olunmuşdu. M.S.Ordubadinin, M.Ələkbər Sabirin,Abdulla Surun,Əliqulu Qəmküsarın ilk mətbu əsərləri yenə bu qəzetdə işıq üzü görmüşdü. C.Məmmədquluzadənin bir jurnalist kimi yetişməsində “Şərqi-Rus” ilk yaradıcılıq məktəbi rolunu oynamışdır. “Xatiratım”da o, bu hadisəyə belə qiymət verir: “Möhtərəm ədibimiz M.Şahtaxtlı  öz qəzetinin idarəsinə cəlb etməklə məni qəzet dünyasına daxil etdi” .

“Şərqi-Rus” iki ildən az bir müddət çap olunmasına baxmayaraq, Azərbaycan ictimai fikir tarixində, milli mətbuatımızın tarixində böyük bir hadisə idi. Böyük naşir “Şərqi-Rus”un fəaliyyəti ilə XX əsr Azərbaycan milli mətbuatına yol açdı. Eyni zamanda “Molla Nəsrəddin” jurnalının baş məşqinə çevrildi .

O zaman Azərbaycanda mətbuat işində çalışan olduğu üçün M.Şahtaxtlı əvvəl həftədə üç dəfə ,sonra həftədə beş gün nəşr olunan qəzet üçün ədəbi işçi ,mətbəə işçisi problemi ilə üzləşmişdi.Bu iş üçün o,öz həmyerlilərinin gücündən istifadə etməyə üstünlük verirdi. Qəzet öz səhifələrində Naxçıvan hadisələrinə geniş yer verdiyi kimi,ədəbi mühitə də qayğı göstərir,nəzm və nəsr yazanları həvəsləndirirdi Təsadüfi deyildir ki,yuxarıda da qeyd etdiyimiz kimi böyük satira ustası C.Məmmədquluzadənin mətbuat dünyasına gətirən yol “Şəri-Rus”dan başlayırdı.O,Mirzə Cəlildən əlavə digər  Naxçıvan ziyalıları ilə məktublaşır,əlaqə saxlayır,onları qəzetin redaksiyasına cəlb etmək istəyirdi. Bu baxımdan,o dövrün görkəmli Naxçıvan ziyalılarından M.T.Sidqini,Qurbanəli Şərifzadəni də xüsusilə qeyd etmək olar..

Pedaqoji fəaliyyətlə yanaşı publisistika, jurnalistik fəaliyyətlə də məşğul olan M.T.Sidqi Baxçasarayda nəşr olunan “Tərcüman”, Kəlkəttədə nəşr olunan “Həblülmətin”, Qahirədə nəşr olunan “Sürəyya”, Bakıda nəşr olunan “Kaspi” qəzetləri ilə yaxından əlaqə saxlamış, həmin mətbuat orqanlarında çıxış etmiş, əsl mənada qəzetçi kimi tanınmışdı .  Ona görə də ana dilində “Şərqi-Rus” qəzetinin nəşri xəbəri böyük maarif xadimini ürəkdən sevindirmişdi. Qəzetin nəşrə başlamasından əvvəl Şahtaxtılı ona rəsmi məktub yazmış, redaksiyada daimi işləmək üçün Tiflisə dəvət etmişdi. M.Sidqi qəzetin nə vaxt işıq üzü görəcəyini, bunun milli tərəqqi yolunda mühüm bir hadisə olacağını “Şərqi-Rus”un redaktoruna yazdığı məktubda önəmlə vurğulayırdı: “Az müddətdən sonra “Şərqi-Rus” qəzeti millətin gənclərinin qaranlıq ürəklərində nur saçacaq və bilik və mərifət çırağı cəhalət çölündən səadət-xoşbəxtlik sarayına aparacaqdır. Sizin adınız da tarixdə əbədi olaraq həkk olunacaqdır”.

Görkəmli publisist milli dildə, ana dilində qəzetin nəşri xəbərini böyük sevinclə qarşıladığını bəyan edərək göstərirdi ki, həqiqətən bu xoş xəbər bütün elm və mədəniyyət xadimlərinə, xüsusilə bu vilayətin bütün elm sahiblərinə yeni bir ruh və sevinc bəxş etmişdir. İnsana elə gəlirdi ki, guya Şərqdə yeni günəş doğdu və ulduzlar parladı.

M.Sidqi əziz dostunun Tiflisə qəzet redakiyasında işləməyə dəvətini ailə vəziyyəti ilə əlaqədar qəbul etməmiş, ancaq Naxçıvanda yaşayıb qəzetin abunə işlərinə kömək etmiş, qəzetdə sanballı məqalələrlə iştirak etmişdir. Bunu Sidqinin M.Şahtaxtılıya yazdığı məktublarda da müşahidə edirik.

“Şərqi-Rus”un nəşri bu maarif fədaisini çox sevindirmişdi. O, redaktoru bu münasibətlə ürəkdən təbrik etmiş, bundan sonra Azərbaycan dilində milli qəzetin nəşrinin millətin alim və ədibləri ilə avam və cahilləri arasında vasitə olub nəşri-maarifə davam edəcəyinə ümidvar olduğunu bildirmişdi.Maarifçi ədibin  qəzetdə nəşr nəşr etdirdiyi bir neçə məqalə,xüsusilə “Təəssüf,yenə  də təəssüf” və “Qazetə,yaxud qəzet nədir” məqalələri diqqəti cəlb edir. Sonuncu məqalə xüsusilə diqqətəlayiqdir. Xalqın maariflənməsi işində mətbuatın mühüm əhəmiyyət daşıdığını yaxşı başa düşən müəllif bu məqalədə yazırdı ki, bütün dünya qəzetin əhəmiyyətini və mahiyyətini dərk etdiyi halda, İran və Qafqaz müsəlmanlarının əksəriyyəti hələ də onu şeytan əməli sayır: “Xülasə, uzun bir mərəkə...və illa yerdə qalan əhalinin hamısı qəzetədən rugərdan olub və bəlkə qazet kəlməsindən tənəffür edirlər. Bu günə müsəlmanlar arasında ərəbi olsun, farsi olsun, türki olsun, adına ki, qazet dedin iş tamamdır. Ondan sonra hər nə desən məhəlli-etina və layiqi-təvəccöh deyildir” (33, s. 164).

Böyük təəsüf hissilə qeyd etməliyik ki, dövrünün açıqfikirli maarif fədaisi, görkəmli pedaqoq və publisist Məhəmməd Tağı Sidqi cəmi 49 il ömür sürmüşdür. Sidqinin qəflətən vəfat etməsi bütün ziyalıları yasa boğduğu kimi “Şərqi-Rus”un əməkdaşlarını da dərindən kədərləndirmişdi. Təsədüfi deyildir ki, burada Sidqinin ölümü ilə əlaqədar bir sıra yazılar, vida məqalələri çap olunmuşdu. Bunlar arasında Sidqinin “qardaşım”-deyə müraciət etdiyi böyük satira ustası Cəlil Məmmədquluzadənin qəzetin 30 yanvar 1904-cü ildə çap olunmuş məqaləsi xüsusilə diqqəti cəlb edir. Müəllif “Getdi cahandan həzrəti-Sidqi” adlandırdığı bu məqalədə böyük maarif fədaisinin Ordubadda, eləcə də Naxçıvan şəhərində təhsilin, yeni tədris üsulunun, üsuli-cədid məktəblərinin yayılması üçün, xalq arasında qəbul edilməsi üçün göstərdiyi fədakarlıqları ürək yanğısı ilə təsvir edir: “Naxçıvan şəhərində haman məktəbi həzrəti-Sidqi təsis edən zaman belə qaydalı müsəlman mədrəsəsi nəinki İrəvanda, bəlkə Qafqazın böyük müsəlman şəhərlərinin çoxunda yox idi. Həzrəti Sidqinin getməyinə etdiyimiz ah-naləmizin əsl səbəbi budur” .

Böyük satira ustası Sidqinin Ordubaddakı fəaliyyəti üzərində geniş şəkildə dayanır, onun Naxçıvan ziyalılarının israrlı dəvətini qəbul etməsindən bəhs edərək yazırdı: “Allah şahiddir ki, Sidqinin vətənimizə varid olmaqlığı şəhərimizin mədəniyyət və maarif tarixi üçün bir mühüm fəqərə oldu” (65).

C.Məmmədquluzadə yazır ki, mərhum nəşri-maarif və təməddün, dini-islama rəvac vermək, insaniyyət aləminə məhəbbət yolunda çalışırdı. Maarifin inkişafı baxımından M.Sidqinin dövrü ilə ondan on il əvvəl arasında yer ilə göy qədər fərq var idi.

Qeyd etmək lazımdır ki, o zaman Ordubadda yaşamış tarixi romanlar ustası M.S.Ordubadi də qiymətli dostunun, əqidə yoldaşının vəfatından çox kədərlənmişdi. “Şərqi-Rus”da nəşr etdirdiyi bir şeirdə qüdrətli ədib Sidqi ilə dostluğunu dilə gətirir,  böyük təəssüf və kədər hissilə Sidqinin vəfatının ümümxalq matəminə çevrildiyini göstərir:

Çıxıbdır  şəhərdən dişarə, cəmaat izdihamla,

Könül bir ləhzə fikr et, gör nə qeyrətli camaatdır.

Qılıb pişvaz nəşin xalq o  dəm və möhnəta guyan

Görən söylərdi bilqət yəqin ruzi-qiyamətdir

(34, s. 40).

Sidqinin yaxın dostlarından Əsəd ağa Kəngərlinin də bu ağır itki barədə qəzetdə məqaləsi çap olunmuşdu. “Sidqi mərhumun tərcümeyi-halı” başlığı ilə çap olunan həmin məqalədə müxbir dəfn mərasiminin ümuxalq matəminə çevrildiyini, dövlət adamlarının, ziyalıların, məktəb şagirdlərinin, xalq kütlələrinin bu izdihamda  fəal iştirak etdiyini təsirli bir dillə belə təsvir edir: “Cənazənin qabağınca “Məktəbi-tərbiyyə” şagirdləri 120-dən ziyadə barmaq boyda balalar əllərində siparə nəhayət xunavər və məlaləngiz sövt ilə kəlami-şərif oxuyaraq növhə edəndə məktəb balaları və camaat səs-səsə verib şövqlə ağlayıb məscidə bir şur, qülqülə saldılar indiyədək bir kəsin vəfatı əhaliyə belə təsir etməmişdi. İştə belə bir  vücudi-alimiqdarı biz qeyb etdik. Əgərçi özü bu aləmdən getdi, lakin mərifət və qeyrət toxumunu insaniyyət bağında əkib səmərəsi ələddavam yetişməkdədir və asari-ədəbiyyəsi ilə cərideyi-aləm səhifəsində adını səbt edib özünə bir mənəvi heykəl ucaltdı .

“Şərqi-Rus”un ədəbiyyat aləminə təqdim etdiyi istedadlı gənclərdən biri də görkəmli tarixi roman ustası M.S.Ordubadi olmuşdur.Şair Hacağa Fəqir Ordubadinin ailəsində yetişmiş Məmməd Səid uşaqlıqdan poeziya həvəskarı idi.M.Sidqinin yetirməsi olan Məmməd Səidin təbrik mövzusunda ilk mətbu şeiri də  “Şərqi-Rus”da işıq üzü görmüşdü.”Ədəbiyyat” rubrikası ilə verilən həmin şeir  qəzetdə Məhəmməd Hacıağazadə, təxəllüs Səid Ordubadi imzası ilə nəşr olunmuşdur.Ordubadi sonralar elə bu təxəllüslə məşhurlaşmışdı.

Gözüm,dur,xabi-qəflətdən çıxıb gün aşkar oldu
Behəmdullah şəbi -yelda gedib nisfü-nahar oldu

mətləli qəzəli ilə başlayan bu şeirdən sonra müəllifin  elə həmin ilin son nömrələrindən birində “Xabi-qəflət” adlanan geniş həcmli bir əsəri nəşr olundu.Qeyd etmək lazımdır  ki, şairin “Şərqi-Rus” qəzeti ilə əməkdaşlığı onun yaradıcılığına  müsbət təsir göstərmişdi. Səid bu illərdə mütaliəyə böyük həvəs göstərir, özünün göstərdiyi kimi, şeirə və yazıçılığa marağı gündən-günə artırdı, 1904-cü ildə “Qəflət” əsərini yazıb bitirmişdi.

Şeirdəki xabi-qəflətdən qurtuluşa çağırış sədaları, “etməz tərəqqi elmsiz millət” nidası M.Səidin  artıq tədricən yeni əsrin şeir ənənələri üstündə kökləndiyini nümayiş etdirir. Az sonra müəllif qəzetdə çap etdirdiyi həmin şeiri genişləndirmiş, poemaya çevirmiş və bu əsər 1906-cı ildə “Qəflət” adı ilə Məhəmməd ağa Şahtaxtlının C.Məmmədquluzadəyə  satdığı “Qeyrət” nəşriyyatında işıq üzü görmüşdür.

Naxçıvanın tanınmış ziyalılarından Əyyub ağa Kəngərlinski də “Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq edirdi. Səbur təxəllüsü ilə şeirlər yazan Ə.Kəngərlinski qəzetə  şeiri ilə yanaşı göndərdiyi təbriknaməsində bildirirdi: “Müddətlərcə intizarını çəkdiyimiz “Şərqi-Rus” qəzetəsi şükr olsun ki, mətbuat aləminə qədəm qoydu və bu səadətli gündə bizim ana dilimizdə və milli lisanımızda nəşr olunan ruznaməyə həsrət olan gözlərimiz onun mütaliəsi ilə işıqlandı. Şad ol gözüm həmişə ki, şad eylədin məni! Ümidvarəm ki inşəallahi-təala bu qəzetə illərcə davam edib  bizim əfkarımızın vüsətinə və türk qövmünün maarif və mədəniyyətinə və bəlkə ümum müsəlmanların tərəqqi və tərbiyətinə xeyir vasitəsi və mənfəət rəhnüması olacaqdır” .

Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biri kimi şair-dramturq Hüseyn Cavid də XX əsrin ilk qəzetinin nəşrini alqışlayanlardan biri olmuşdur. Qəzetin nəşr olunduğu illərdə Cənubi Azərbaycanda-Urmiyədə müvəqqəti yaşayan görkəmli sənətkar Tiflisdən uzaqlarda olmasına baxmayaraq, qəzetin ən fəal oxucularından biri idi və bu mətbuat orqanında üç publisistik məqalə ilə çıxış etrmişdir. Qəzetin 23.01.1904-cü il tarixdə çap olunan nömrəsində şairin “Ürmiyədən məktub” adlı bir yazısı çap olunmuşdur. M.T.Sidqinin vəfatı ilə əlaqədar qələmə alınmış bu yazıda şair ustadı, ona əlifbanı öyrədən, elm yolunu göstərən, Gülçin təxəllüsünü verən əziz müəlliminin vəfatından dərindən kədərləndiyini qəzet vasitəsilə oxuculara çatdırmağa çalışır. Sidqinin bir maarif xadimi kimi islam dünyasında bir işıq olduğunu qeyd edir və “filhəqiqə o günə ərbabi-kəmal və əshabi-məqal şəxslərə Qafqaz toprağı bu az zamanda çətin pərvəriş vermiş olur”- deyə yazırdı.

Cavid əfəndinin “Naxçıvandan təbsirə” başlığı altında başqa bir publisistik məqaləsi qəzetin 27.VIII.1904-cü il tarixli nömrəsində dərc olunmuşdur. Müəllif əvvəlki məqaləsindəki fikirləri burada davam etdirir, islam tarixinə nəzər salır. Son dövrlərdə elmi və texniki inkişaf sahəsində Avropanın Şərqdən xeyli irəli getdiyini göstərir. Bu inkişaf oxumaq və maarif sayəsində həyata keçirilmişdir deyə yazır. Bu sahədə gənclərə dil öyrənməyin vacibliyini tövsiyyə edir. Hər kəs birinci, ana dilinə vaqif olmalıdır, ondan sonra dövlətin dili olan rus dilinə üstünlük verməlidir. Bisavad mollaların minbərdən nəql etdiyi zəif rəvayətlərin adamda istehza doğurduğunu qeyd edir.

Görkəmli satirik şair və jurnalist Əliqulu Qəmküsar məşhur Molla Nəsrəddinçilərdən biri kimi tanınır. Amma onun ilk mətbu əsərləri hələ 1903-cü ildə XX əsrin ilk azərbaycandilli mətbuat orqanında-”Şərqi-Rus”da işıq üzü görmüşdü.

Naxçıvanda yaşadığı dövrdə o, “Şərqi-Rus” qəzeti ilə sıx əlaqə saxlayırdı. Yaşadığı bölgədə rast gəldiyi hadisələri, təsadüf etdiyi problemləri qəzetdə işıqlandırırdı. Onun “Culfadan” sərlövhəli publisist yazılarında qəflət yuxusu, cəhalət, mövhumat, fanatizm qətiyyətlə tənqid olunurdu. “Şərqi-Rus”un təsirilə artıq qəflət əleyhinə mübarizə kütləvi və kəskin xarakter almış, qələm əhlinin mənəvi borcuna çevrilmişdi. Ə.Qəmküsarın “Culfadan” adlı silsilə publisistik məqalələrinin birində epiqraf kimi verilmiş “Dinəndə yandı dilim, dinməyəndə dil yandı; nə dərdi gizlədə bildim, nə aşikar elədim”  beyti təkcə bir müəllifin deyil, bütövlükdə qəzetin, ziyalıların ədəbi mövqeyini ifadə edirdi .

Həmin məqaləsində o yazır: “Həmin dekabrın 14-cü gecəsi bir dəstə zəvvar etibati-  Aliyədən qayıdıb biletsiz olduqları cəhətinə gecədən iki saat gedəndə (Ərəs) çayından gizlin keçdikləri zaman sərhəd qarovullarına düçar olub ikisi suda qərq və qalan 8 nəfəri də atları ilə giriftar olmuşlar. Əgərçi bu vücudu- mübarəklərin  yollarda çəkdikləri zəhmət və əziyyətlərdən başqa bu axırıncı mərhələdə bu minval ilə xar və zəlil olub gözlərinin qabağında atlarınının satılmasının təfsili özgələrə şayani- ibrətdir. Əmma çün bu ruznamə içrə ümum müsəlmanın nəfinə çox danışıqlar olub  kimsəyə təsir bağışlayıb bağışlamamağı da hənüz müəyyən deyil. Mən dəxi  istəmirəm  həmiyyət və qeyrət sahiblərinin dərdlərini artıram. Bu cür vaqiələr azından ildə 20 dəfə ittifaq düşür. Əgər ruhani alimlərimiz bu bibəsirət və nadan tayfanın Məşhədi- müqəddəs ziyarətinin savabından qabaq hifzi- bədən və hifzi- namus qaydalarını düşünsələr bu fəlakətli  hallar, bir sürü oğul-uşağı qanlı göz yaşlarına buraxan bu ağır müsibətlər meydana gəlməz”.

Ə.Qəmküsar qəzetdə nəşr olunmuş digər publisistik yazılarında da cəhalət və mövhumatı tənqid edir, mədəni tərəqqinin yayılması üçün qələmi ilə xalqa xidmət göstərirdi.

“Şərqi-Rus” və onun naşiri böyük maarif fədaisi M.Şahtaxtlının ədəbi-elmi yaradıcılığı, publisistik irsi sovet dövrü ədəbiyyatşünaslığında demək olar ki,öz layiqli qiymətini almamışdır.Mən deyərdim ki,M.Şahtaxtlı irsinə ən doğru qiyməti Naxçıvan Ali Məclisinin Sədri vermişdir.Belə ki,Ali Məclis Sədrinin 27 fevral 2006-cı il sərəncamı ilə böyük maarif fədaisinin anadan olmasının 160 illiyi qeyd olunmuş,Naxçıvan şəhərindəki kitab evinə adı verilmiş,adına küçə verilmiş,anadan olduğu Şahtaxtı kəndində Şahtaxtinskilərin ev muzeyi təşkil olunmuşdur.Bu sərəncamın işığında gərkəmli ədibin seçilmiş əsərləri ilk dəfə nəşr olunmuş, elmi irsi milli müstəqilliyimizin verdiyi imkanlar səviyyəsində tədqiq edilmişdir.

Əbülfəz Quliyev,

AMEA-nın müxbir üzvü