28 mart 2018 14:56
2822

2003-2018: Bütün vədlər real həyatda öz əksini tapıb

Dövlətimizin başçısı İlham Əliyevin təkmil islahatları nəticəsində artan iqtisadi qüdrətimiz siyasi mövqeyimizin də möhkəmlənməsini təmin edir

“Bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik. Növbəti illərdə bu istiqamətdə əlavə addımlar atılacaq. Deyə bilərəm ki, son iki il ərzində çox ciddi iqtisadi islahatlar aparılmışdır... Növbəti illərdə islahatlar mütləq davam etdiriləcəkdir. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaqdır. Deyə bilərəm ki, bu siyasət artıq öz nəticəsini vermişdir.” Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə  2003-cü ildə jurnalistlərə verdiyi ilk müsahibəsini bizlərə xatırladır: “Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcəkdir. Sahibkarlar  sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaqdır, iş yerləri də  açılacaqdır. Yəni hesab edirəm ki, indi qlobal şəkildə bu istiqamət də Azərbaycan üçün lazımdır.”

Göründüyü kimi, ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur və dövlətimizin  siyasətinin əsasında dayanır. Neft gəlirlərinin idarə  olunmasında şəffaflığın yüksək səviyyədə qorunması  iqtisadiyyatın şaxələndirilməsi istiqamətində  addımlara stimul oldu. 2003-cü ildə xalqın  böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən iqtisadi  artımın qeyri-neft sektorunun hesabına olmasını prioritet məsələ kimi öndə saxladı.  Bu günədək iqtisadiyyatımızın üç dəfədən çox artması təkmil islahatların nəticəsidir. Yoxsulluq kimi bəlanın aradan qaldırılmasının prioritetliyi  atılan addımlardan  daha aydın görünür.  Məhz bunun nəticəsidir ki, son 14 ildə yoxsulluq  50 faizdən 5 faizə enib.  İşsizlik də 5 faiz səviyyəsindədir.  Bu illər ərzində bir milyon  900 mindən artıq yeni iş yeri yaradılıb. 2004-cü ildən regionların malik olduğu potensialdan səmərəli istifadə  etmək məqsədilə regional inkişaf proqramları uğurla icra edilir. Ölkəmizdə  sosial məsələlərin həllinə çox böyük diqqət  göstərilir. Maaşlar, pensiyalar son 14 ildə dəfələrlə artmışdır. Sosial infrastruktur layihələri icra edilir. Bütün bunlar son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Qeyri-neft sektorunun inkişafının qarşıdakı illərdə də əsas olacağı bildirilir.   Bu gün iqtisadiyyatımızın təxminən 75 faizi qeyri-neft sektorunda formalaşır. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, elə etməliyik ki, neftdən, qazdan asılılıq minimum səviyyəyə endirilsin. Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır.  Biz artıq dünyaya intellektual məhsul təqdim edirik.  “ASAN xidmət” bizim məhsulumuzdur. Bütün bu addımlar bir məqsədə xidmət edir: Azərbaycanın hərtərəfli inkişafını təmin etmək, sosial müdafiəni gücləndirmək.

Cənab İlham Əliyev bu əminliyi ifadə edir  ki,  ölkəmizdə iqtisadi artım bu il də dünya miqyasında  nümunə ola bilər. “Əlbəttə ki, bizim iqtisadi addımlarımız bir-biri ilə bağlıdır və biz gələcəkdə xarici  bazarlara nə qədər çox investisiya qoysaq, bölgədə və dünyada  siyasi çəkimiz də o qədər artacaqdır... Deyə bilərəm ki, dünyanın ancaq inkişaf etmiş  ölkələri başqa ölkələrin iqtisadiyyatına böyük həcmdə  sərmayə qoyurlar. Azərbaycan inkişafda olan  bir ölkədir. Vaxt gələcək biz də inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik.”

Xarici siyasəti daxili siyasətin məntiqi davamı kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev  çevik və məqsədyönlü siyasətin  ölkəmizin daha da güclənməsinə yönəldildiyini bildirir: “Biz bu gün qlobal problemlərin həlli ilə məşğuluq. Bizim mövqeyimiz, səsimiz böyük əhəmiyyətə malikdir... Biz üzv olduğumuz təşkilatlarda  maraqlarımızı müdafiə edirik, eyni zamanda, həm siyasi cəhətdən, həm də bütün başqa cəhətlərdən o təşkilatların inkişafına böyük töhfə veririk.”

Azərbaycanın 2011-ci ildə 193 ölkədən  155-nin dəstəyini qazanaraq  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurların təqdimatı olmaqla yanaşı, həm də ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bugünkü səviyyəsinə işıq saldı. Təbii ki, 155 ölkənin dəstəyi, eyni zamanda, bu sayda dövlətin  Azərbaycanla əməkdaşlığın inkişaf etməsində  maraqlı olmasına  işarədir. Bu fikir Qərb və Avropa ölkələrinin təmsilçiləri tərəfindən də qeyd olunur ki, Azərbaycanla dostluq münasibətləri tərəfdaşlığa doğru inkişaf edir.  Bu inamın əsasında ölkəmizin  müstəqillik tarixində keçdiyi uğurlu yol, əldə etdiyi təcrübə, bir sözlə, beynəlxalq səviyyədə təsdiqlənən və yüksək dəyərləndirilən inkişaf modeli dayanır.

Ölkə Prezidenti  İlham Əliyev daim vurğulayır ki,  dünya dəyişir, cərəyan edən  proseslər müxtəlif istiqamətdə inkişaf edir. Ancaq təbiətin  ümumi qanunları dəyişmir. Müstəqil ölkə kimi Azərbaycan bu gün də  müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır: “Bizim bu illər ərzindəki ən böyük uğurumuz  ondan ibarətdir ki,  müstəqillik yolundan dönməmişik. Müstəqillik sadəcə olaraq  dövlət  atributları deyildir.  Müstəqillik o deməkdir ki,  ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil  siyasət aparır və aparacaqdır.”

Ölkəmizin bu gün dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da bu gerçəkliyi təsdiqləyir ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır: “Müstəqilliyi qoruyacağıq və möhkəmləndirəcəyik. Bunu etmək üçün bizim güclü iqtisadiyyatımız olmalıdır.” Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ötən dövr ərzində  iqtisadi sahədə  inqilabi islahatlar aparılıb. Bunu sosial-iqtisadi göstəricilər də təsdiqləyir. Təkcə ötən ilin və  cari ilin  arxada qalan dövrünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir ki, qarşıdakı illərin aydın mənzərəsi yaransın. “Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq” söyləyən cənab İlham Əliyev bu inkişafı statistik rəqəmlərlə açıqlayır.  Qeyri-neft sektorumuz 2,7 faiz, sənayedə qeyri-neft sektorunun artımı 3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır.

Bu ilin  yanvar ayında  ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən 4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. İnflyasiya birinci ayda 5,5 faizdir, əhalinin pul gəlirləri 11 faizdən çoxdur. Yəni, əhalinin gəlirləri inflyasiyanı iki dəfə üstələyir. Valyuta ehtiyatlarımız 2 milyard dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 milyard dollar təşkil edir. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün ölkəmizdə işsizlik 5 faiz səviyyəsinədidir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu rəqəm istənilən ölkə üçün arzu olunan rəqəmdir.  Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm  10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxır.  İşsizliyin aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı  14 il bundan öncə  qarşıya qoyulmuş əsas vəzifələrdən biri idi.   Ölkəmizdə  aparılan iqtisadi islahatlar, iqtisadi liderallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasəti  sərmayə qoyuluşuna öz müsbət təsirini göstərir. Ötən 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollardan artıq investisiya qoyulub.  Cənab İlham Əliyev bildirir: “Baxmayaraq ki, özümüzün də  indi kifayət qədər böyük maddi imkanlarımız var, yenə də xarici investorların Azərbaycana olan inamı  və xarici investisiyaların qoyuluşu  ölkənin ümumi inkişafını əks etdirir.”   Ölkədə həyata keçirilən  uğurlu investisiya layihələri valyuta ehtiyatlarının artmasında mühüm rol oynayır. Bir çox ölkələrdə Azərbaycanın təcrübəsinin öyrənilməsi və tətbiqi artıq bu reallığı təsdiqləyir ki, inkişafın Azərbaycan modeli mövcuddur və dəstəklənir.

Məhz yeni iqtisadi və sosial çağırışların müzakirəsinə həsr olunan beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi də bu reallığa əsaslanır. Bir sözlə, iqtisadi qüdrətini günbəgün artıran Azərbaycan regionda və dünyada söz sahibi olduğunu  təsdiqləyir. Hər zaman  Azərbaycanın beynəlxalq arenada  əldə etdiyi uğurlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini dünya tərəfindən ölkəmizə verilən qiymət kimi dəyərləndirir.    Dövlətimiz qurumda  bütün məsələlərlə bağlı  öz prinsipial sözünü deyir. Ötən il BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında cənab İlham Əliyevin çıxışı dünyaya ciddi mesaj kimi dəyərləndirildi. İkili siyasətə son qoymağın, beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlərə eyni tətbiq olunmasının vacibliyi bəyan edildi.  Xarici siyasətimizin  prioritet məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də  dəyişməz mövqe müstəqil siyasətin,  beynəlxalq hüquq normalarına hörmətlə yanaşmanın  təsdiqidir.  Rəsmi Bakı bəyan edir ki, bu mövqedən bir addım da geri çəkilməyəcəyik. Hər gün, hər ay Azərbaycanı qələbəyə yaxınlaşdırır.  Siyasi və diplomatik səylərlə yanaşı hərbi güc Dağlıq Qarabağ münaqişəsinin  həllində həlledici rol oynayır. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü orduya malik olmaq lazımdır.

İşğalçı Ermənistan heç bir sahədə  ölkəmizlə rəqabət aparmaq imkanında deyil. Ermənistanın əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən təcrid olunan Ermənistan iqtisadi böhran içərisində çabalayır. Ölkədən kütləvi tərketmələr intensiv xarakter alıb. Hakimiyyətin  fəaliyyəti nəticəsində hər il 100 minə qədər  erməni öz ölkəsini tərk edir. Proses bu şəkildə davam etsə,  5-6 ildən sonra  işğalçı ölkədə  bir milyondan az  əhali qalacaq. Ermənistanın zəifliyi Azərbaycanın uğurları fonunda daha aydın görünür. “Biz güclü dövlətik. Bizim gücümüz  getdikcə artmaqdadır. Bu gücü  daha da möhkəm etmək üçün biz daha da fəal işləməliyik.”

Ölkəmiz bu gün dünyada yeni tərəfdaşlar qazanır.  Azərbaycanın öz xarici siyasətində önəm verdiyi əsas  prinsip qarşılıqlı hörmət və maraqdır. Beynəlxalq aləmdə əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq  bildirilir ki, xarici siyasətlə bağlı prinsipial mövqeyimiz bütün istiqamətlər üzrə öz müsbət nəticələrini verir.  Ölkəmizin ötən dövr ərzində  diplomatik qələbəsi, eyni zamanda iqtisadi uğurlarına söykənərək möhkəmlənən Ordumuz  Dağlıq Qarabağ  probleminin də tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır. 2016-cı ilin   aprel döyüşləri, Cocuq Mərcanlı kəndinə qayıdış  Azərbaycanın işğal altında olan bütün torpaqlarının azad  olacağına, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağına böyük inam yaradır. Dövlətimizin başçısı İlham Əliyev  beynəlxalq təşkilatların tribunalarından Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, torpaqlarımızın bir qarışının belə düşmənə verilməyəcəyini bəyan edir.   Bu əminlik də   ifadə edilir ki, hər gün, hər ay bizi qələbəyə yaxınlaşdırır. Təbii ki, bu inam da düşünülmüş və məqsədyönlü siyasətə, bunun nəticəsi olaraq əldə olunan uğurlara əsaslanır. Ölkə Prezidenti  bildirir: “Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr  gələcəyə yönəlibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq.”

Artıq  11 aprel  prezident seçkilərinə az vaxt qalır. Dünənimizə nəzər salıb sabahımızı  düşünək.  Azərbaycanın son on beş ilə yaxın müddətdə qazandığı uğurlar gələcəyimiz barədə aydın təsəvvür yaratmaqla yanaşı, cənab İlham Əliyevin qələbəsini  də şərtləndirir.

Yeganə Əliyeva, “İki sahil”