16 mart 2018 23:20
1546

“Tutar qatıq, tutmaz ayran”

Son illərdə  Azərbaycan müxalifətinin cilddən-cildə girərək dəyişdiyini, ermənilərlə əməkdaşlıq etdiyini, siyasi partiyaların kommersiya mərkəzinə çevrildiyini gözləri ilə görən heç bir kəs bu dəstənin ardınca getməz. Azərbaycan xalqının dağıdıcı müxalifət düşərgəsinə maraq göstərmədiyini və əhalisinin azı 90 faizinin hətta kimin müxalifətdə olduğunu bilmədiyini qeyd edən müxalifət yetkilisi bildirmişdi ki, nəinki regionlarda-heç Bakı şəhərində 10 nəfərdən biri özünü “ana müxalifət”” adlandıran partiyaların liderlərinin adlarını təhrif edilmiş şəkildə zorla yada salar. Belə olan halda, xalqın müxalifətə hansı dəstəyindən söhbət gedə bilər? 

Yəqin ki, elə bunları nəzərə alan dağıdıcı müxalifət həmişə Azərbaycan xalqına deyil, hansısa maraqlı dövlətlərə, xaricdəki antiazərbaycan dairələrə ümid bəsləyir. Son mitinq bir daha göstərdi ki,  leksikonlarını küçə söyüşləri üzərində quran dağıdıcı  müxalifətin siyasi səhnədən getmə vaxtıdır.

Ölkənin dağıdıcı müxalifəti nəinki prezident və parlament seçkilərində, hətta bələdiyyə sekilərində belə nəzərəçarpacaq nəticə göstərə bilməmələrini yenidən gözardı etmək qərarı verdi. Məğlubiyyətlərindən dərs götürməyən ac həriflər ölkədə reytinqlərinin az qala sıfır səviyyəsində olmasına baxmayaraq yenə də “tutar qatıq, tutmaz ayran” prinsipi ilə yollarına davam edirlər.

İstənilən çirkli yola baş vurmağa hazır olan dağıdıcı müxalifət həqiqətən də son aksiyaları ilə özlərini gülünc duruma saldı. Bir neçə radikal müxalifət partiyalarının birlikdə təşkil etdiyi mitinqə barmaqla sayılası insan toplaşdı. Bu aksiya da həmişəki kimi qeyri-müəyyənliyi və dağınıqlığı ilə yadda qaldı. Qonşudan gələn loxmaya göz dikən bu ünsürlər hələ də ölkəmizdə həyata keçirilən müasir inkişafla ayaqlaşa bilmirlər. Bu ünsürlər hələ də qəbul edə bilmirlər ki, Azərbaycan hakimiyyəti artıq bütün cəmiyyətin, xalqın güvənini qazanıb. Bu səbəbdən də onların ətrafında heç kim qalmayıb. Ölkəmiz demokratik respublika olduğu üçün sərbəst toplaşmaq hüququ hər bir vətəndaşa verilib. Bundan istifadə edən dağıdıcı müxalifət ölkədə keçiriləcək prezident seçkiləri öncəsi aksiyalar keçirməyə cəhd edirlər. Ancaq bu aksiyaları keçirmək üçün Azərbaycan cəmiyyətində sifariş yoxdur. Sifarişi ifrat radikal müxalifətə antiazərbaycan mövqeli məkrli xarici dairələr  verir.

Ölkə Prezidenti cənab İlham Əliyev dağıdıcı müxalifətin antimilli fəaliyyəti haqqında bildirib: “Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər.”

Bu, bir daha onu göstərir ki, ölkə vətəndaşları xaricdən idarə olunan ünsürlərin çirkli məqsədlərini anlayırlar. Onların şər-böhtandan ibarət olan sərsəmləmələrini ciddi qəbul etmirlər. Dağıdıcı müxalifət partiyaları və onların liderlərinə isə ictimai maraq və etimad sıfır səviyyəsindədir. Hər zaman olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır. Yəni, bu gün siyasi mübarizəni bu formada aparmaq istəyən dəstəyə heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaqda davam edirlər.

Şəmsiyyə Əliqızı, “İki sahil”