KÖŞƏ

Zahid Rza

Ağası gülüm olanların...

27 fevral 2018 23:59
9016

Bir müddətdir ki, antiazərbaycan şəbəkə və ermənipərəst qüvvələrin əlində oyuncağa çevrilən bəzi antimilli ünsürlər sosial şəbəkələrdə fəallaşaraq ölkəmiz əleyhinə kin-kudürət, nifrət qusmaqda davam edirlər. Bu üzdəniraq marginallar Azərbaycan əleydarlarının beş-üç qəpik tulapayına şirniklənərək  var gücləri ilə ölkəmizin beynəlxalq aləmdəki imicinə ləkə yaxmaq üçün min bir oyundan çıxır, ürəkbulandırıcı bəyanatlar səsləndirir, özlərini haqq-ədalət carçısı, fəaliyyətlərini isə guya hansısa “ali dəyərlər uğrunda mücadilə” nümunəsi kimi cəmiyyətə sırımaq istəyirlər. Əslində  bu qaragüruhçu dəstə bütün bunlarla ermənipərəst qüvvələrin əlində  maşa olduqlarını pərdələməyə çalışsalar da heç nəyə nail ola bilmirlər. Onların sosial şəbəkələrdə, xüsusilə “You Toube”dakı  “şoularını” seyr etdikcə insanda ikrah hissi yaranır.

Son zamanlar Avropanın müxtəlif ölkələrində yaşayan, adını azərbaycanlı qoyan bəzi savadsız, cahil, milli mənlik şüurundan mərhum Orduxan Teymurxan, Tural Sadıqlı, Qənimət Zahid və s. kimi məxluqatların hərəkətləri cəmiyyətimiz tərəfindən birmənalı olaraq rədd edilir. İctimaiyyətimiz onların ölkəmiz barədəki kin-küdurətlərini, ayrı-ayrı şəxslər barədəki şər-böhtanlarını, heç bir əndəzayə, məntiqə və həqiqətə uyğun olmayan mülahizələrini diqqətə almayaraq bu hərəkətləri  qərəzdən doğan mərəz kimi dəyərləndirir. Antiazərbaycan qüvvələrin dilənçi payını Vətən çörəyindən üstün tutan bu yal xəstələrinin bir vaxtlar özünü həm cəmiyyətimizə, həm də avropalılara bir nömrəli “hüquq müdafiəçisi” kimi sırımağa cəhd edən ermənipərəst Leyla və Arif yunusların başına yığışması da əslində bəzi qaranlıq mətləblərə işıq tutmağa imkan verir. Bu yunusların uzunmüddətli  mürtəce, antimilli fəaliyyələrini hamımız çox yaxşı xatırlayrırıq.

Şübhəsiz, bu gün Azərbaycanın inkişaf, tərəqqi yolunda inamla irəliləməsi, regional və qlobal layihələri uğurla reallaşdıraraq işğalçı Ermənistanı bu layihələrdən təcrid etməsi təbii ki, erməni lobbisini və Qərbdəki  antiazərbaycan  dairələri bərk narahat edir. Buna görə də bu qüvvələr  ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyaları aparırlar. Bu kampaniyaların pradiqmalarına diqqət edəndə aydın görünür ki,  Azərbaycan əleyhinə çağırışların, qara piar kampaniyasının arxasında Qərbdəki antitürk, ermənipərəst dairələr dayanır.

 Bir müddət əvvəl, “Eurovision-2012” və birinci Avropa Oyunları ərəfəsində və bu tədbirlərin davam etdiyi vaxtlarda da erməni diasporu və antiazərbaycan qüvvələr, onların təsiri altında olan media qrupları,  onların “sapı özümüzdən olan baltaları”- trolları fəallaşaraq Azərbaycana qarşı qarayaxma kampaniyasının miqyasını genişləndirmişdilər.  Bu üzdəniraq qüvvələr o zaman da respublikamızla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında həqiqətdən uzaq, şər-böhtan dolu fikirlər formalaşdırmaq üçün ən çirkin vasitələrdən istifadə edirlər.

Təbii ki, onların belə üzdəniraq fəaliyyətləri heç bir nəticə verməyəcək. Öz havadarlarının dəstəyi ilə torpaqlarımızın iyirmi faizini işğal edən, Xocalı soyqırımını törədən ermənilərin və ermənipərəst qüvvələrin kuklasına çevrilən belə  ləyaqətsizlərin, antimilli ünsürlərin ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsindəki antiazərbaycan fəaliyyətləri əvvəllər olduğu kimi, iflasa uğrayacaq. Yaşadığı coğrafiyadan asılı olamayaraq əslində doğma Vətəninin bir parçası olduğunu unudanlar,  öz mənfur əməlləri ilə düşmən dəyirmanına su tökərək elinə-obasına dönük çıxanlar, millətinə nakorluq edənlər xalqımızın və tarixin yaddaşında milli satqın kimi qalaraq lənət ünvanına çevriləcəklər.