21 fevral 2024 10:08
369

Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidir

Rusiya imperiyası XIX əsrin əvvəllərində Cənubi Qafqazda, xüsusən də tarixi Azərbaycan torpaqlarında erməniləri kütləvi məskunlaşdırmaq istəyirdi. Ona görə də Qacarlarla bağlanmış Türkmənçay (1828) və Osmanlı dövləti ilə bağlanmış Ədirnə (1829) müqavilələrinə əsasən həmin dövlətlərin ərazisində yaşayan ermənilər kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürüldü. Rusiya imperiyası erməniləri əsasən keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərində və Borçalıda məskunlaşdırmaq siyasəti yeridirdi. Qısa müddət ərzində bu bölgələrə 130 minə qədər erməni köçürüldü. Sonrakı dövrdə bu proses davam etdirildi. İrəvan və Naxçıvan ərazisində “Erməni vilayəti” quruldu.

XX əsrin əvvəllərində xalqımızın milli oyanışı Rusiya hökumətini bərk qorxuya saldı. 1905 – ci ildə Azərbaycan xalqının kütləvi şəkildə inqilabı hərəkata qoşulması hökuməti çıxış yolu axtarmağa vadar etdi. Hakimiyyət ermənilərin əli ilə türk – müsəlman əhaliyə qarşı milli qırğın törətməyə qərar verdi. Çar hökuməti öz mənfur siyasətində ermənilərdən bir alət kimi istifadə etdi.

Çar hökuməti erməni dəstələrinin əli ilə ilk milli qırğını Bakı şəhərində törətdi. 1905 – ci il fevralın 6 – dan 9 – na qədər davam edən milli qırğın zamanı Bakıda xeyli azərbaycanlı qətlə yetirildi.

1905 – ci ilin avqust və 1906 – cı ilin iyulunda ermənilər Şuşada azərbaycanlılara qarşı qırğın törətdilər. Birləşmiş rus – erməni hərbi qüvvələrindən qat – qat az olan və pis silahlanmış azərbaycanlı könüllülər düşməni rüsvayçılıqla qaçmağa məcbur etsələr də, hər yerdə erməni vəhşiliklərinin qarşısını almaq mümkün olmurdu. Ermənilər öz xislətlərinə uyğun olaraq azərbaycanlıların etibarından və mərhəmətli olmasından məharətlə istifadə edirdilər. Onlar danışıqlarına girərək bir kəndin sakinləri ilə sülh bağlayır, digər kənddə isə qırğın törədirdilər. Qarabağın Xankəndi və Malıbəyli kəndlərində çar hökumətinin asayişi qorumalı olan qoşunlarının gözü qarşısında azərbaycanlı qadın və uşaqlar qətlə yetirilmişdi.

Sovet hakimiyyəti dövründə Moskvanın təzyiqi altında 1923 – cü il iyulun 7 – də Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Xankəndi vilayətin inzibati mərkəzi seçildi. İki ay sonra ermənilər Azərbaycan hökumətinin razılığını almadan Xankəndinin adını dəyişdirərək xalqımızın qəddar  düşməni Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldılar.

1950 – ci illərin sonunda Ermənistanda azərbaycanlı əhaliyə qarşı təzyiqlər gücləndi. Ermənistanda əhalinin çoxu azərbaycanlılar yaşayan rayonlarda Azərbaycan dilində qəzet çıxarılması dayandırıldı. İrəvanda Azərbaycan məktəbləri üçün müəllim kadrları hazırlayan Pedaqoji texnikum bağlandı. 1988 – ci ildə Ermənistan rəhbərliyi və onların Moskvadakı havadarları Dağlıq Qarabağ məsələsini qaldırmaqla yanaşı, paralel şəkildə azərbaycanlı əhalini ermənistandan ata – baba torpaqlarından tamamilə qovmağa başladılar. İlk qaçqınlar ermənistanın Qafan və Mehri qayonlarında yaşayan azərbaycanlılar oldu. 1988 – ci ilin yanvar ayında bu rayonların yerli əhalisini erməni rəsmi nümayəndələri ata – baba torpaqlarından zorla çıxardı.

1991-ci il avqustun 8-də Ermənistanda azərbaycanlılar yaşayan sonuncu  - Nüvədi kəndi də rus əsgərlərinin iştirakı ilə boşaldıldı. 1992-ci il fevralın 25 – dən 26-na keçən gecə sovet ordusunun Xankəndi şəhərində yerləşən 366 – cı alayı və erməni silahlı dəstələri Xocalıya hücum etdilər. Şəhər əhalisinə qanlı divan tutuldu. Xocalı faciəsinin soyqırım kimi dəyərləndirilməsi və dünya içtimaiyyətinə təqdim edilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev ardıcıl və sistemli tədbirlər həyata keçirir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Məhz bu kampaniya sayəsində dünyada Xocalı hadisələrini soyqırım kimi tanıyan ölkələrin sayı ildən-ilə artmaqdadır.

Hüseyn İbrahimov,
Bakı şəhəri, Xətai rayonu, 245 saylı tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının “Cavanşir 11” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü