1988-ci il fevralın 27-29-da keçmiş SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən törədilən Sumqayıt hadisələri erməni məkrinin ilk ssenariləri olsa da, səbəblər də bəllidir. Ümummilli Lider Heydər Əliyev Kremldəki vəzifəsindən ayrılandan 3 ay sonra baş verən Sumqayıt hadisələri erməni millətçilərinin Qarabağa yönələn məkrli siyasətinin ilk ssenarisi idi. Bunu sübut edən kifayət qədər faktlar da var.
Belə ki, Qarabağı Azərbaycandan ayırmaq üçün həlqə kimi Sumqayıtı hədəf seçən ermənilər Kremlin razılığı və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) dəstəyi ilə bu şəhərdə təxribat törətdilər. Ermənipərəst M.Qorbaçovun razılığını alan, 19 fevral 1988-ci ildə Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi ilə bağlı Xankəndidə “miatsum” çağırışlar səsləndirən, aramsız mitinqlər təşkil edən Zori Balayan, Silva Kapitukyan kimi ideoloqlarının planlarını həyata keçirən ermənilərin Sumqayıt hadisələri zamanı törətdikləri təxribatlar nəticəsində müxtəlif millətlərdən olan 32 nəfər həlak olub, 400 nəfər xəsarət alıb, 200-dən artıq mənzil talan olunub, 50-yə qədər mədəni-məişət obyekti edilib, 40 maşın zədələnib.
Azərbaycanın ozamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, həm də ədalətsiz qərara imza atıb. Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini zindanlara doldurulub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, böyük bir qismi rüşvət verməklə canını qurtarıb, 94 nəfər barəsində isə cinayət işi açılıb.
İstintaq qrupu hadisənin səbəblərini, cinayətin törədilməsinə yaradılmış şəraiti, əsl təşkilatçıları və qatilləri müəyyənləşdirməyib. Həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum ediliblər. Sumqayıtda baş vermiş kütləvi iğtişaşlar 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunub üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan “Paşa” ləqəbli Eduard Qriqoryan, onun Albert və Ernis adlı daha iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunmaqla bilavasitə icra edilib. Qarabağdan olan emissarlar Eduard Qriqoryanı ətraflı təlimatlandırıb, ona Sumqayıtda yaşayan və separatçıların yaratdıqları “Qarabağ” və “Krunk” təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını verib, aqressivliyi artırmaq məqsədi ilə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə təmin edib. Hadisələr zamanı isə Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryanla birlikdə camaata soyuq silah kimi istifadə olunan armatur parçaları paylayıblar.
Eduard Qriqoryan ətrafına topladığı özü kimi cinayətə meyilli qonşuları ilə ümumi dil taparaq, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər paylayıb, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını deyib və onları öz arxasınca Qarabağla bağlı erməni iddialarına qarşı keçirilən dinc mitinqin keçirildiyi meydana aparıb. Orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq, ermənilərdən intiqam almağa çağırıb. Onda burada yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyərək, ona qoşulmuş 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri “Qarabağ bizimdir!”, “Erməniləri qırın!” kimi şüar və çağırışlarla “Qarabağ” (komitəsi) və “Krunk” (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirib, talan və digər cinayətlərdə fəal iştirak edib və şəxsən özü 6 nəfər ermənini qətlə yetirib. O, hətta hadisələr zamanı Marina və Karina Mejlumyanlar adlı erməni qızlarını da zorlayıb.
Bütün bunlar məhkəmə istintaqı zamanı sübut olunsa da, SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır edib. Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriqoryana cəmi 12 il cəza verilib. 6 nəfərin qətlində iştirak etmiş Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatçıları və xüsusi xidmət orqanları çox çalışıblar. Təsadüfi deyil ki, bu qədər cinayət törətməsinə baxmayaraq, E.Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb.
Dövlət Təhlükəsizlik Komitəsinin açılmış arxiv materiallarından məlum olub ki, Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak edib və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunublar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunub. Bu fakt Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər yerlərində baş vermiş təxribatların bir mərkəzdən təşkil və idarə edildiyini birmənalı təsdiq edir.
DTK-nın arxiv materiallarından, həmçinin görünür ki, Sumqayıtda separatçı “Qarabağ” komitəsinin fəalı olan Konstantin Pxakadze adlı-soyadlı şəxs, həmin komitənin, habelə “Krunk” cəmiyyətinin digər fəalları da təxribat xarakterli fəaliyyətlə məşğul olublar. İstintaq materiallarına əsasən, Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər.
İstintaqla tam müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti ozamankı Dağlıq Qarabağ vilayətində fəaliyyət göstərən ekstremist “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlərdir. E.Qriqoryan əsl qatil olsa da, baş verənlərin əsl mahiyyətini dərk etməyərək ümumi axına qoşulan Əhməd Əhmədov mühakimə olunaraq rus hakimlərin əlüstü keçirdikləri məhkəmənin hökmü ilə güllələnməyə məhkum edilib. Heç bir günahı olmayan Taleh İsmayılov 15 il azadlıqdan məhrum olundu. Digər sumqayıtlı Elçin Gəncəliyev istintaq zamanı verilən işğəncələrə tab gətirməyərək intihar edib.
Sual yaranır: Bu erməni kim idi? Nəyə görə o, millətinə qarşı cinayətdə iştirak edirdi? Bu şəxsin kim olduğunu öyrənmək üçün SSRİ istintaq qrupu tərəfindən hazırlanmış ittiham aktlarına nəzər yetirmək kifayətdir. Həmin aktlar E.Qriqoryanın kimliyi barədə aydın təsəvvür yaradır. Əvvəllər müxtəlif cinayətlərə görə dəfələrlə məhkum olunmuş E.Qriqoryan 1988-ci il fevralın 28-də Sumqayıt şəhərinin mikrorayonlarında və məhəllələrində talanlar, dağıntılar, qəsdən yandırmalar və başqa oxşar əməllərlə müşayiət olunan kütləvi iğtişaşlarda bilavasitə iştirak etməkdə, bu iğtişaşların gedişində erməni millətindən olan vətəndaşların şəxsiyyəti və şəxsi mülkiyyəti əleyhinə bir sıra cinayətlər, eləcə də milli düşmənçiliyin və ayrı-seçkiliyin qızışdırılmasına yönəlmiş əməllər törədib.
E.Qriqoryanın özünə arxayınlığı o qədər çox olub ki, təqsirləndirilən şəxsləri təkcə təklikdə, üzləşmələrdə deyil, məhkəmə prosesində də açıq-aşkar təhdid edib. Qalib Məmmədov ifadə verərkən E.Qriqoryan bir neçə dəfə heç kimdən çəkinmədən ona “sən prosesdən sonra baş verəcəkləri düşünmürsən?” – deyərək, hədə-qorxu da gəlib. Bu cür hədə-qorxular tez-tez bütün təqsirləndirilən şəxslərə qarşı olub. 1991-ci ildə cəza müddətinin çəkilməsi üçün Ermənistana göndərilən E.Qriqoryan az sonra həbsdən azad olunur və o, Ermənistanda bir müddət qaldıqdan sonra Rusiyaya yollanır. Lakin çox təəssüflər olsun ki, bu cəllad hələ də layiqli cəzasını almayıb.
Çox təəssüf ki, həmin dövrdə Azərbaycan rəhbərliyi Kremlin göstərişlərini əsas tutaraq Sumqayıt hadisələrinin guya bir qrup xuliqan ünsürlər tərəfindən törədilməsi faktı ilə razılaşdı. Sumqayıt hadisələri Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulması prosesini daha da sürətləndirdi. Azğınlaşmış ermənilər kəndlilərə hücum edir, azərbaycanlı əhalini öz dədə-baba torpaqlarından didərgin salırdılar. Sonralar məlum oldu ki, bu zaman 400 nəfərdən çox azərbaycanlı müxtəlif işgəncələrlə öldürülüb, 230 min soydaşımız doğma Vətənindən qovulub. Heç şübhəsiz ki, planlı şəkildə hazırlanan Sumqayıt hadisələri ilə Azərbaycan xalqının heç bir əlaqəsi yoxdur. Sumqayıt sadəcə olaraq əlverişli bir yer kimi seçilib. Xalqımız bütün dövrlərdə, eləcə də bu gün hər cür irqi ayrı-seçkiliyi, qatı şovinizmi rədd edir, öz ərazisində yaşayan bütün xalqlara və millətlərə qayğı ilə yanaşı, tolerantlıq nümayiş etdirir.
Cavid Əkbərov, “İki sahil”