27 mart 2024 01:51
324

NATO ilə aparılan dialoq nə vəd edir?

Hazırda dünya siyasi arenasının mühüm subyektlərindən biri NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) təşkilatıdır ki, dünyanın bir sıra güclü dövlətləri onun üzvüdür. Təşkilat sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı kimi yaradılmışdır. Hazırda da 30-dan çox üzvü vardır. Bu gün dünya siyasətinin  hansı istiqamətdə aparılması və nəticəsi bir çox halda NATO-nun fəaliyyətindən asılıdır.

NATO II Dünya müharibəsindən sonra  dünyada SSRİ və Qərb ölkələri arasında soyuq müharibənin başlanması zamanı, 4 aprel 1949-cu ildə təşkil edilmişdi. SSRİ 1991-ci ildə dağılsa da, NATO öz fəaliyyətini yenə davam etdirdi və hadisələrin gedişi onu göstərdi ki, SSRİ-nin əvəzinə NATO-nun təhlükə hesab etdiyi yeni dövlətlər mövcuddur. Bu rəsmən elan olunmasa da, NATO-nun fəaliyyəti Rusiya ilə ziddiyyətlərin artdığını göstərirdi. NATO-un öz sərhədlərini şərqə doğru genişləndirməyə can atması postsovet ölkələrin Rusiya ilə münasibətlərinə ciddi təsir edir  ki, Ukrayna ilə Rusiya arasındakı müharibədə buna bariz nümunədir.

Təbii ki, Cənubi Qafqaz da  NATO-nun maraq dairəsindədir. Azərbaycan da bu vəziyyəti düzgün qiymətləndirərək NATO- ilə münasibətlərini qurmağa cəhd etmişdir. Ümumiyyətlə Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu istiqamətdə əsaslı işlər görülmüşdür. Nəticədə Azərbaycan 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulmuşdur. Daha sonra isə 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Qeyd etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak etmişdir. 2018-ci ilin yanvar ayından Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyası üzrə Azərbaycan Ordusunun Sülhməramlı kontingentinin şəxsi heyətinin sayı 120 nəfərə çatdırılmışdır. Azərbaycan Ordusunun Sülhməramlı kontingenti Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra etmiş və 26 avqust 2021-ci ildə bu ölkədə olmuşdur.

2024-cü ilin martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz respublikalarına 3 günlük səfəri baş tutmuş və bu səfər ilk olaraq Azərbaycandan başlamışdır. Y.Stoltenberqlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş olmuş və sonradan və mətbuata bəyanatla çıxış etmişlər. İki il öncə isə Azərbaycan Prezidenti Brusseldə onunla görüşmüşdü və bu görüş Azərbaycanla NATO arasında dialoqun davam etdirilməsi idi. Prezident İlham Əliyev ölkənin Silahlı Qüvvələrində aparılan islahatların yaxşı nəticələr verdiyini və Azərbaycanın Ermənistanla sülh danışıqlarının fəal mərhələsində olduğunu diqqətə çatdırmışdır. Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadığını qeyd edən Prezident ümidvar olduğunu bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək və bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq. Görüşdə həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə edilmişdi. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Azərbaycan bunu artırmaq niyyətindədir.

Baş Yens Stoltenberq  buna qədər Norveçin energetika naziri kimi 1990-cı illərdə dəfələrlə Azərbaycanda olmuşdur. Stoltenberq bildirmişdir ki,  Azərbaycanla tərəfdaşlığın təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir və biz bunu alqışlayırıq və təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir. Sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir.

Qeyd etmək lazımdır ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bu səbəbdən də həm Prezident İlham Əliyev, həm də Y.Stoltenberq bu məsələnin mühümlüyünə də diqqət yetirmişlər. Y.Stoltenberq bu tədbiri səbirsizliklə gözlədiyini qeyd etmişdir. O bildirmişdir ki, iqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir.

Beləliklə, əminliklə bildirmək olar ki, NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri NATO ilə aparılan dialoqun uğurla davam etməsinin göstəricisidir.

Hicran Quliyeva,
Xətai rayonu, 138 saylı məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü