1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımın 106 ili tamam olur. Tarix boyu dəfələrlə ermənilər azərbaycanlılara qarşı qırğınlar törədiblər. Bunların sırasında miqyasına görə 1918-ci ilin mart ayında törədilmiş qətliyam daha böyükdür. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 31 mart tarixi hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Ulu Öndər vurğulayırdı ki, Azərbaycan xalqı müstəqilliyini qazandıqdan sonra öz keçmişini öyrənmək, tarixini araşdırmaq, üzləşdiyi faciələri unutmamaq və onlara işıq salmaq imkanı əldə edib. Bu mənada XX əsrin 18-20-ci illərində yaşanmış faciələrə də siyasi, elmi və tarixi nöqteyi-nəzərdən işıq salmaq imkanı yarandı. Xüsusilə Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman bu sahədə tədqiqat işi aparan tarixçilər üçün hüquqi əsas yaratdı. Bu, gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin obyektiv öyrənilməsi üçün çox mühüm bir sənəd oldu. Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı imzaladığı 18 yanvar 2018-ci il tarixli Sərəncam isə bu siyasətin ən bariz davamı oldu.
İstər 1918-ci il 31 mart soyqırımı, istərsə də 1992-ci il fevralın 26-da törədilmiş Xocalı qətliamı ermənilərin xarici havadarları tərəfindən dəstəklənərək, maliyyələşdirilərək, hərbiləşdirilərək həyata keçirilib. Bu prosesin tarixinə gəldikdə isə qeyd etmək lazımdır ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsindən sonra Azərbaycan torpaqlarında yerləşdirilən ermənilərin iştirakı ilə XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı soyqırımlar törədilib. Yəni bu dövrdən etibarən, hadisələr etnik təmizləmə, deportasiya mərhələsindən soyqırım mərhələsinə keçib. İlk növbədə, azərbaycanlıların sahib olduqları ərazilər əllərindən alınmağa başlandı. Konkret olaraq, ermənilərin köçürülməsi ilk olaraq İrəvan quberniyası ərazisində başlandı, oraya Naxçıvan qəzasının ərazisi, Zəngəzur qəzasının, Qarabağ xanlığının ərazisi daxil idi. Hətta 1828-ci ildə Türkmənçay sülh müqaviləsi imzalandıqdan sonra 1829-cu ilin 21 martında bu ərazidə erməni vilayəti yaratdılar. Bu hadisələr isə ona gətirib çıxartdı ki, həmin ərazilərdə ermənilərin sayı 1 milyon 300 mindən nəfərdən çox oldu. Baxmayaraq ki, Gülüstan sülh müqaviləsinə qədər bu ərazidə 1 nəfər də olsun erməni yaşamayıb.
1918-ci ilin martın 30-dan aprelin 2-dək Bakı və onun ətraf kəndlərində müsəlman əhalisi məqsədli şəkildə soyqırıma və talanlara məruz qalaraq 11 mindən artıq günahsız insan qətlə yetirildi. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Talançılar Bakıda «Kaspi» qəzeti redaksiyasını, «Dağıstan», «İsgəndəriyyə» və «İsmailiyyə»ni yandırmışdılar. «Kaspi» qəzeti redaksiyasında "Quran-Kərim"in yenicə çap edilmiş 5 min nüsxəsi də yandırıldı. 1918-1920-ci illərdə Zəngəzur qəzasında 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb. 1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92, İrəvan şəhəri və onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdi. Lənkəran və Astarada 1000 nəfərdən çox, Salyan və Hacıqabulda 2000 nəfərdən çox, Kürdəmirdə 2000, ümumilikdə 6 minə qədər müsəlman qətlə yetirildi, evləri yandırıldı, əmlakları talan olundu. 1918-ci ilin aprel-may aylarında Şamaxı qəzası dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. S.Lalayanın rəhbərliyi ilə təkcə Şamaxı şəhərində bir neçə gündə 8 minə qədər müsəlman qətlə yetirilmiş, 13 məscid, eyni zamanda, səkkiz əsrlik tarixi olan Cümə məscidi yandırılmışdı. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən ermənilər Şamaxı şəhərində 8100, Şamaxı qozasının 53 kəndində isə 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Vhşilik nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdi. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hal-hazırda mövcud deyildir. Cənubi Azərbaycanın Urmiya, Xoy, Maku, Səlmas, Təbriz şəhərlərində 100 minə qədər türk-müsəlman qətlə yetirilib. Bütövlükdə, qəddarlığı baxımından ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindən biridir.
Tarix boyu erməni düşüncəsində türk-müsəlmana düşmənçilik təbliğ olunub. Qaragen Njde özünün «Qaragen Njde və onun təlimi» kitabında türk-müsəlmana münasibətini belə bildirir: «Vaxtilə 1919-cu ildə italyanlar Mussolinin simasında faşizmi yaratdılar, amma onlar bir şey edə bilmədilər. 1933-cü ildə Hitler almanların simasında nasizmi yaratdı, o da bir şey edə bilmədi. Amma biz nə istəyirik? Dünyada sonuncu türk lal-kar, kor olsa belə, biz onu öldürməliyik». Yəni erməni ideologiyasında rəhm deyilən bir şey yoxdur. Necə ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı qətliyamı buna əyani misaldır. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.
Ən böyük müəllim tarixdir, zamandır. Ondan dərs götürməyəndə qisası amansız olur. Dövlətimizin başçısı İlham Əliyev azərbaycanlıların soyqırımı haqqında bunları qeyd edib: “XIX əsrin əvvəllərində Qarabağa və Zəngəzura İrandan və Osmanlı imperiyasından çoxlu sayda erməni ailələrinin köçürülməsi, 1905-ci və 1918-ci illərdə erməni hərbi dəstələrinin Qafqazın müxtəlif bölgələrində həyata keçirdiyi kütləvi qətllər və talanlar, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistan Respublikası ərazisindəki ata-baba yurdlarından deportasiya edilməsi, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi güdən genişmiqyaslı müharibə və 1992-ci ilin Xocalı faciəsi – bunlar təcavüzkar erməni millətçilərinin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin qanlı səhifələridir”.
Ermənilərin nifrət doğuran hərəkətləri XX əsr boyu aşkar və gizlin tərəfləri ilə daim funksional oldu. Türkə qarşı içlərində açdıqları savaş, məkrli planları, qəzəb və həsəd hissləri bir an belə səngimədi. Əsrin sonunda alovlanan Qarabağ münaqişəsi bu qəzəbin sonuncusu kimi meydana çıxdı. Bütün bu kimi çətinliklərin qarşısında başı uca dayanan Azərbaycan Ordusunun gücü, qüdrəti İkinci Qarabağ savaşında özünü bir daha göstərdi. Eyni zamanda, dünya mənfur düşmənimizin insanlıqdan kənar yırtıcı obrazına bir daha şahid oldu. Tərtər, Bərdə, Gəncəyə atılan mərmilər, dinc əhalinin, məsum körpələrin qanında boğulması özünü bəşəriyyətə əzabkeş xalq olaraq tanıtmağa çalışan ermənilərin əslində humanist dəyərlərdən, sivilizasiya anlayışından nə qədər uzaq olduğunu sübut etdi. Ermənilərin Qarabağın hər kəndində sərgilədiyi vandalizm, yerlə-yeksan etdiyi abidələr, dağıtdığı qəbirlər, işğal etdiyi hər ərazidə törətdiyi cinayət əməlləri onların yüz il ərzində heç dəyişmədiklərinə, xislətlərini qorumaqlarına əyani nümunə idi.
Sevinc Azadi, “İki sahil”