05 aprel 2024 16:39
623

"Azəriqaz" 255 minə yaxın mənzil və obyektlərdə müayinələr aparıb VİDEO/FOTO

İlkin Behbudov: Xüsusi təhlükəli vəziyyətlə əlaqədar xeyli abonetin qaz təchizatı məcburi qaydada dayandırılıb

Aprelin 5-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) növbəti «Açıq qapı» aksiyası keçirilib.

Tədbirdə Birliyin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib ki, «Azəriqaz» İB  «Qaz təsərrüfatı haqqında» qanuna edilən dəyişikliklərin tələblərinə uyğun olaraq bu ilin yanvar-mart aylarında 255 minə yaxın mənzil və obyektlərdə müayinələr aparıb.

Onun sözlərinə görə, mənzil və obyektlərdə müayinələrə bu ilin yanvarından başlanılıb: «Keçirilən müayinələr nəticəsində 70 %-ə qədər mənzillərdə bu və ya digər formada nöqsanlar qeydə alınıb. Bu səbəbdən də xüsusi təhlükəli vəziyyəti nəzərə alaraq qaz cihazlarının qaz təchizatı məcburi qaydada dayandırılıb».

İ. Behbudov vurğulayıb ki, «Azəriqaz» mənzillərdə və obyektlərdə müayinələri bu ilin noyabrın 1-nə qədər yekunlaşdırmalıdır.

Birliyin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bildbrib ki, bu ilin yanvar-mart aylarında «Azəriqaz» İstehsalat Birliyinə 81 330 müraciət daxil olub. Onun sözlərinə görə, daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19 829 müraciət azalıb.

X.Şimşək bildirib ki, bu il ərzində qaz təzyiqi ilə bağlı 3 734 müraciət daxil olub: «Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 473 müraciət azdır: “Bu müddət ərzində qaz təchizatı ilə bağlı müraciətlərdə 3 653 azalma mövcuddur. Bu il daxil olan müraciətlər arasında sızma ilə bağlı müraciətlərin sayı 469 ədəd azalıb».

X.Şimşək vurğulayıb ki, müraciətlərin azalmasına səbəb bu müddət ərzində aparılan maarifləndirmə, yenidənqurma işləri olub: «Aparılan yenidənqurma və bərpa, həmçinin sayğacların dəyişdirilməsi işləri sayəsində qaz təzyiqi və sayğacların istismarı ilə bağlı müraciətlərin sayı azalıb».

Elçin Zaman, «İki sahil»