KÖŞƏ

Vəli İlyasov

Erməni ordusunda biabırçılıq

26 yanvar 2018 14:03
3612

Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ torpaqlarında yerləşdirdiyi ordunu orada saxlamaqda çətinlik çəkir. Əsgərliyə çağırılan gənclər İrəvandan Xankəndinə gətirilərək guya burada hərbi xidmət keçmək üçün separatçı rejimin hərbi komandanlığı ilə müqavilə “imzalayırlar”. Elə bundan sonra da onların cəhənnəm əzabı başlayır. Belə ki, gün ərzində xidmətlə bərabər gənc əsgərlər gecə “otboy”dan sonra da “iş” görməyə məcbur edilirlər. Onlar “ded”lərin, yəni köhnə əsgərlərin paltarlarını yumalı, çəkmələrini təmizləməli, boyun ağı tikməli və tapşırılan digər işləri yerinə yetirməlidirlər. Qısaca desək, bütün çirkli işləri gənc əsgərlər həm özlərinin, həm də “ded”lərin əvəzinə görməlidirlər. Bəzən səhərə qədər çəkən bu “iş”lər hələ bərkə-boşa düşməmiş əsgərlərdə psixi pozuqluqlar və başqa xəstəliklər yaradır. Komandirlərin bütün bunlardan xəbərləri olsa da, lazımi tədbir görmürlər. Beləliklə, hərbi hissə qaydasız və nizamsız bir silahlı kütləyə çevrilib. Orduda hökm sürən ağır “dedovşina” qaydalarına dözməyən hərbi qulluqçular canlarını əzablardan qurtarmaq üçün ya intihar edir, ya ordudan qaçır, ya da cinayət törədirlər.

 İrəvanda yayımlanan “Forriqhts. arm” saytı yazır ki, gənc əsgər Edqar Akopyan Dağlıq Qarabağda hərbi xidmət keçmək üçün separatçı rejim tərəfindən dəfələrlə ona təklif olunan müqaviləni imzalamaqdan boyun qaçırıb. Burada xidmət etmək istəməyən əsgər əlacı fərarilikdə görüb və İrəvana qaçıb. Lakin hərbi polis onu taparaq yenidən Dağlıq Qarabağa gətirib və orada o işgəncələrə məruz qoyulub. Sonra Edqar Akopyan Ağdam-Əsgəran istiqamətində dislokasiya olunan hərbi hissələrdən birinə göndərilib və ciddi nəzarət altında saxlanılıb. O, ağır hərbi xidmətə dözməyərək böyrək xəstəliyinə tutulub və kiçik komandirlərinə müalicəyə ehtiyacı olduğunu bildirib. Lakin heç kəs ona əhəmiyyət verməyib. Xəstəlikdən əziyyət çəkən gənc əsgər soyuqda, şaxtada yaş səngərlərdə və açıq havada növbətçiliyə göndərilib. Akopyan bir neçə dəfə ərizə ilə hərbi hissənin komandirinə müraciət edərək xəstəliyinin dözülməz həddə çatdığını bildirib. Lakin hərbi hissə komandiri hər dəfə ərizəni onun əlindən alıb gözünün qarşısında cıraraq yerə atıb. Verilən işgəncələrə və xəstəlikdən çəkdiyi əzablara tab gətirməyən Akopyan hərbi hissəni tərk edərək yenidən valideynlərinin yanına-İrəvana qaçıb. Onu yenə tutaraq geri-xidmət yerinə qaytarıblar. Burada hərbi polisin istintaqçıları və komandirləri onu mütəmadi döyərək alçaldıcı vəziyyətə salıblar.

Ermənistan ordusunda bu, birinci və ya yüzüncü deyil, belə faktlar minlərlədir. Hakimiyyət, Müdafiə Nazirliyi gəncləri Dağlıq Qarabağda hərbi xidmətə zorla göndərir və orada onları qorxu altında saxlayırlar. Komandanlıq qeyri-döyüş şəraitində həlak olanların və intihar edənlərin guya döyüşdə öldürüldükləri barədə yalan məlumatlar yayır. Ancaq övladları ölən valideynlər keçirdikləri etiraz aksiyalarında Ermənistan Müdafiə Nazirliyinin yalan məlumatlarını ifşa edərək əsl həqiqəti bəyan edirlər. Valideynlər münaqişənin sülh yolu ilə həll olunmasını tələb edirlər. Əks təqdirdə, övladlarını Dağlıq Qarabağa hərbi xidmətə göndərməyəcəklərini bildirirlər. 2016-cı ilin aprel döyüşlərindən sonra belə aksiyalar davamlı şəkil alıb və orduya inam sürətlə əriyib. Əsgər valideynləri Ermənistan ordusunun gücü barədə yaradılan mifin Azərbaycan Ordusunun bir əks-həmləsi ilə darmadağın olunduğunu görəndən sonra daha heç bir təbliğata inanmırlar. Bütün bunlarla yanaşı, valideynlər orduda tüğyan edən “dedovşina”nın da aradan qaldırılmasını qətiyyətlə tələb edirlər.

 Şübhəsiz ki, Ermənistan ordusundakı problemlərin kökü dərindədir və onlar düzələn deyil. Ölkənin müstəqil olmaması, yəni öz taleyini özü həll edə bilməməsi, əhalinin güzəranının getdikcə pisləşməsi, gündən-günə dərinləşən iqtisadi böhran və işsizlik insanlarda sabaha olan inamı  öldürür. Cəmiyyətdəki həmin problemlər isə ordudakı “dedovşina”dan tutmuş öz gücünə inamsızlığa, ordunun müasir silahlardan məhrum olmasına, pis hərbi-texniki təchizata, əsgərlərin qida ilə yarıtmaz təminatına və ən adi təminatlara qədər uzanır.