17 aprel 2024 11:55
363

Uğurun SİRRİ: Özünə inanmaq, məsuliyyətli olmaq və öz potensialının fərqində olmaq

300 bal toplayan abituriyent: Dərslərinə məsuliyyətli yanaşsınlar, onları məcburiyyət kimi görməsinlər, sevməyə çalışsınlar

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, Bakı məktəblərindən 14, region məktəblərindən isə 25 şagird buraxılış imtahanında maksimum nəticə göstərib.

”İki sahil” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin buraxılış imtahanlarında maksimum nəticə göstərən şagirdləri ilə həmsöhbət olub.

300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən olan Nizami rayonundakı 238 nömrəli tam orta məktəbin şagirdi Nərmin Cəfərova da  buraxılış imtahanından maksimum bal toplayacağına inanırmış: “11-ci sinfə başlayarkən özümə maksimum nəticə göstərməyi  qarşıma məqsəd qoydum və daimi bunun uğrunda çalışdım. Nəticədə məqsədimə nail oldum. İmtahan nəticələrimə anamla birlikdə baxdım. Xəbəri və bu xəbərin mənə bəxş etdiyi sevinci ilk olaraq ailə üzvlərimlə bölüşdüm. Üzərimdə əziyyəti olan, 238 saylı tam orta məktəbə, bütün müəllimlərimə, ən əsası ailəmə, anama, atama təşəkkürlərimi bildirirəm.

Nərmin uğurun sirrini özünə inamda, məsuliyyətli olmaqda və öz potensialının fərqində olmaqda görür: "Zənnimcə, imtahan zamanı diqqətli olmaq ən önəmli faktorlardan biridir. Buna görə də imtahanlara hazırlaşanlara ilk öncə diqqətli olmağı tövsiyə edirəm. Ən əsası da dərslərinə məsuliyyətli yanaşsınlar, onları məcburiyyət kimi görməsinlər, sevməyə çalışsınlar”.

Həmsöhbətimiz birinci ixtisas qrupu üzrə ali məktəbə qəbul imtahanına hazırlaşır və Bakı Ali Neft Məktəbində təhsil almaq istəyir: “Arzu edirəm ki, digər imtahanlardan da maksimum nəticə göstərim. Gələcəklə bağlı hədəflərimi bölüşməyi sevməyən biriyəm. Ümid edirəm ki, gələcəkdə istədiyim yerdə olub ölkəmi qürurla təmsil edəcəyəm”.

Yaqut Ağaşahqızı, “İki sahil”