17 aprel 2024 15:13
348

Xalqımız anti-Azərbaycan dairələrin 21 aprel tarixinə planlaşdırdığı oyunda iştirak etməyəcək - EKSPERT/ÖZƏL

Məlum olduğu kimi, radikal müxalifət insanları mitinqə çağırır və bu çağırışı da  parlament seçkiləri ilə əlaqələndirir. Təzadlı və ziddiyyətli məqam odur ki, iki ay bundan öncə  ölkədə ən ciddi siyasi  prosesin prezident seçkilərinin keçirilməsi zamanı  vətəndaşları seçkiləri boykot etməyə çağıran radikal müxalifət  və onun rəhbərləri indi də tam əksinə insanları hələ təyin edilməmiş parlament seçkilərinə çağırır. Bununla bağlı  aprelin 21-də mitinq təşkil  etmək niyyətində olduqlarını qeyd edirlər. Yəni, xalqın  maraqlarına xidmət etməyən cəmi 2 ay müddətində bu dərəcədə mövqe dəyişən müxalifətdən, siyasətçi imitasiyasını edən şəxslərdən söhbət gedirsə təbii ki, bunu onlardan gözləmək olar. Nəyə görə? Ona görə ki, Prezident seçkiləri öncəsi vətəndaşlar arasında ciddi  təbliğat, maarifləndirmə işi aparıldı ki, hamı seçkiyə getsin. İnsanlar konstitusion hüququndan, aktiv seçki hüququndan istifadə  etsinlər.  Həmin o radikal müxalifət əlindən  gələni edirdi ki, insanlar seçkilərdə iştirak etməsinlər.

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirdi.

Ölkəmizin daxilində onların maraqlarına xidmət edən qüvvələri aktiv fəaliyyətə keçiriblər

Siyasi şərhçinin sözlərinə görə, indi isə radikallar insanları guya seçkiyə çağırış etməklə bağlı mitinq təşkil edirlər. Bunu da əsassız arqumentlərlə əlaqələndirirlər. Hesab  edirəm ki, bu, ilk öncə xaricdən qaynaqlanan, xarici  qrantlar verən qüvvələrin atdığı  addımlarla bağlı olan  məqamlardır. Çünki son zamanlar  Azərbaycanın sülh prosesində olduğu dönəmdə ölkəmizə qarşı səfərbər olunanlar var. Azərbaycanın mövqeyinin zəiflədilməsinə, sülh prosesində ölkəmizin prinsipial  və qətiyyətli mövqeyindən geri çəkilməsinə, güzəştə getməyə məcbur edilməsinə cəhdlər edilir. Bunun  başında duran Fransa kimi dövlətlərdir. Həmin o dövlətlər öz ərazilərində, həm də dünyanın ayrı-ayrı regionlarında,  o cümlədən də  Azərbaycanın özündə onların maraqlarına  xidmət edən qüvvələri saxlayırlar. Bunu da müxtəlif  yollarla, o cümlədən də qrantlar vermək yolu  ilə həyata keçirirlər. Fransanın  ovqatını təlx edən, onun yuxusuna  haram qatan məqamlardan biri də Azərbaycanın Ermənistanla yanaşı, Fransanın özünü də siyasi və diplomatik  baxımından  məğlubiyyət uğratmasıdır. Azərbaycanın  Qoşulmama Hərəkatında  Fransanın neokolonialist siyasətinə qarşı apardığı  uğurlu mübarizədir. Qoşulmama Hərəkatından sonra  Bakı Təşəbbüs Qrupunun yaradılması və Fransanın dünyanın səviyyəsində neokolonialist siyasəti və onun izləri ilə bağlı ifşaedici məqamları ortaya qoyması ilə bağlıdır. Fransanın Yeni Kaledonyada insanların seçki hüquqlarını pozmaqla bağlı atdığı addımlara qarşı etiraz aksiyalarında Azərbaycan bayrağının dalğalanmasıdır. Zənnimcə, bütün bu məqamları nəzərə alan Fransa artıq bütün istiqamətlərdə BMT Təhlükəsizlik Şurasında, Avropa Şurası Parlament Assambleyasında, Beynəlxalq Frankofoniya Təşkilatında və digər əli çata biləcək platformalarda Azərbaycana qarşı hücuma keçib, o cümlədən də bu  hücum platformalarından biri də Azərbaycanın daxilində onların maraqlarına xidmət edən qüvvələrin aktiv fəaliyyətə keçirilməsi ilə bağlıdır.

Radikalların 21 aprelə təyin etdiyi mitinq hansı məqamlara xidmət edir?

Politoloq vurğuladı ki, bu gün Azərbaycan sülh və sabitlik adasını xatırladır. Cənubi Qafqaz ətrafına nəzər yetirsək, Ermənistan barıt çəlləyinə bənzəyir. 29 min kvadratkilometr ərazisi olan Ermənistanda dünyanın bütün qlobal səviyyəli platformalarında bir-biriləri ilə qanlı müharibə və mübarizə aparan Rusiyanın, ABŞ-ın, Fransanın, Avropa İttifaqının, NATO-nun qüvvələri yerləşir. Yəni, bunların fonunda Azərbaycanda baş verən prosesləri, ölkəmizdə olan sakitliyi, stabilliyi görməmək mümkün deyil. Bunu görmək istəməmək mümkündür. Bu gerçəklikləri görmək istəməyən qüvvələr və onlara xidmət edən adamlar var. Radikalların 21 aprelə təyin etdiyi mitinq məhz o məqamlara xidmət edir. Ən azından hazırkı həsas dönəmdə Azərbaycanın keçdiyi keşməkeşli sülh prosesində hər birimiz dövlətimizin və dövlətçiliyimizin yanında olmalıdır. Çünki biz bu yerlərə minlərlə şəhid və qazimizin həyatı və qanı hesabına gəlib çatmışıq. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq üçün  bir nəfər kimi dövlətimizin və dövlətçiliyimizin ətrafında birləşməliyik.

Bu prosesdə iştirak etmək dövlətə, xalqa və dövlətçiliyə xəyanətdir

Xəyal Bəşirov diqqətə çatdırdı ki, son zamanlar Azərbaycana qarşı Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizə qarşı atılan o addım daha sonra 5 aprel tarixində Brüsseldə konkret olaraq antiazərbaycan mövqeli görüşün keçirilməsindən sonra bizim daxilimizdə olan radikallar sifariş aldıqları üçün ürəkləniblər, ruhlanıblar. Məhz bu proseslərdən sonra belə mitinqlərin təşkil edilməsi bir daha ondan xəbər verir ki, əslində kənardan düyməyə basılıb. Basılan o düyməyə görə, ölkədə xaos, qarşıdurma, vətəndaş-dövlət uçurumu  yaratmaq lazımdır. Təbii ki, bu prosesdə iştirak etmək əslində dövlətinə, xalqına və dövlətçiliyinə xəyanət deməkdir. Zənnimcə, etiraz etmək konstitusion hüquqdur. Bu hüquqdan istifadə etmək olar, amma dövlət və dövlətçilik,  Azərbaycanın  suverenliyi, ərazi bütövlüyü və qələbəsi bizim üçün hər şeydən öndə olmalıdır. 21 aprel tarixində və bundan sonra planlaşdırılan oyunlarda Azərbaycan xalqı iştirak etməyəcək. Çünki Azərbaycan xalqı çox böyük çətinlik və məhrumiyyətlərlə əldə etdiyi o qələbənin qorunmasını daha çətin olduğunu çox gözəl bilir.

Yaqut Ağaşahqızı, “İki sahil”