22 yanvar 2018 18:36
1588

“Amazon” internet-riteyleri ilk offline supermarketini açır

Dünyanın ən böyük internet-riteyleri olan ABŞ-ın “Amazon.com Inc.” kompaniyası təxminən bir il davam edən testlərdən sonra yanvarın 22-də ilk kassasız supermarketinin açılışını edəcək.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniyanın ABŞ-ın Sietl şəhərindəki mənzil-qərargahının binasında yerləşən “Amazon Go” supermarketində çoxsaylı kamera və sensorlar insanların piştaxtalardan götürdüyü malları qeydə alacaq. Nəticədə alıcılar seçdikləri məhsulları səbətlərinə qoyaraq mağazadan çıxdıqdan sonra bazarlığın dəyəri avtomatik olaraq istifadəçinin “Amazon” hesabından silinəcək.

Mağazaya gəlməzdən öncə alıcı xüsusi mobil əlavəni yükləməli, alış-verişdən əvvəl və sonra telefon xüsusi turniketdə skaner olunmalıdır. Müştərinin seçildiyi malları kodhesablayıcı qurğunun qarşısında tutması vacib deyil.

Qeyd edək ki, offline supermarketin test sınaqları 2016-cı il dekabrın 5-dən başlayıb və “Amazon” kompaniyası əməkdaşlarının iştirakı ilə keçirilib.