24 aprel 2024 01:15
283

Yağ alarkən nələrə diqqət edək ki?..

Gündəlik qida rasionumuzda istifadə etdiyimiz məhsullardan biri də yağdır. Bu gün hər birimizi maraqlandıran məsələlərdən biri məhz ailələrimizə, uşaqlarımıza yedirdiyimiz yağların keyfiyyəti ilə bağlıdır. Mətbəximizi, süfrələrimizi bəzəyən, damaq dadımıza oxşayan bu məhsulu alarkən nələrə diqqət etməliyik ki, sağlamlığımıza mənfi  təsir göstərməsin?

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Aynur Həsənova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, heyvan mənşəli yağlar orqanizmə çox lazımlıdır. Lakin heyvan mənşəli yağlardan həddindən artıq istifadə qanda xolesterinin səviyyəsinin artmasına, bu isə öz növbəsində ürək-damar xəstəlikləri riskinin yaranmasına səbəb ola bilər. Bitki mənşəli yağların da tərkibində vitaminlər (xüsusən E vitamini) və digər faydalı maddələr var. Bu məhsulların ən çox yayılmış növləri zeytun, günəbaxan, qarğıdalı, pambıq və xardal yağlarıdır. Heyvan mənşəli yağlardan fərqli olaraq, bu  yağlar duru halda olur ki, bu da orqanizm tərəfindən yaxşı sorulur, qan damarlarının yolunu bağlamır və xolesterinlə də əla mübarizə aparır. Buna görə də bitki mənşəli yağlar sağlamlıq üçün daha faydalı hesab olunur. Təbii ki, zeytun yağı, qarğıdalı, günəbaxan kimi otaq temperaturunda təbii maye olan bitki yağları ilk seçimimiz olmalıdır.

Aynur Həsənovanın sözlərinə görə, ümumiyyətlə, yağın keyfiyyəti ilə bağlı istehlakçılar onun dadına, iyinə, rəngi və kimyəvi göstəricilərinə görə özləri də ilkin qiymətləndirmə apara bilərlər: “Digər müayinələri isə laboratoriya şəraitində müəyyən edilir. Bunun üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müasir tələblərə cavab verən laboratoriyaları fəaliyyət göstərir. Bu laboratoriyalarda müvafiq parametrlər üzrə analizlər aparılır. Keyfiyyətli kərə yağı xarakterik təmiz dada və qoxuya malik olmalıdır. Kənar dad və qoxu olmamalıdır. Bu qüsurların bəziləri istehsal prosesi zamanı, bəziləri isə saxlanma müddətində də yarana bilər. Bitki yağlarında da eyni - yağ iysiz və açıq rəngdə olmalıdır. Bu məlumatı da nəzərinizə çatdırmaq istəyirəm ki, 1 kq kərə yağı istehsal etmək üçün 22 litrə qədər süd lazımdır. Əslində kərə yağının tərkibi ən az 82,5% süd yağından ibarət olmalıdır və bu  keyfiyyətli yağ hesab olunur. Təbii ki, etiket məlumatları ilə mütləq tanış olmaq lazımdır. Agentlik olaraq, etiketləmə tələblərinin yerinə yetirilməsinə nəzarət edirik. Cəmiyyətimizin də etiketləməyə həssas yanaşmasını istəyirik. Bəzən yağlara kərə yağı olmadığı hallarda elə adlar qoyulur ki, bu istehlakçılarda kərə yağı təəssüratı yaratsın. Üzərində inək şəkli qoymaqla, sanki bu inək südündən hazırlanmışdır kimi fikir yaratmağa çalışırlar və bu dediyimiz məqamlara çox diqqətlə yanaşırıq”.

Həmsöhbətimiz vurğuladı ki, ictimai nəzarəti gücləndirməyə və istehlakçını belə hallarla rastlaşdıqda 1003 çağrı mərkəzinə bu barədə məlumat verməyə dəvət edirik. İstehlakçıların özlərinin də bu məsələdə fəal iştirakçı, yəni ictimai nəzarət də bu məsələdə öz rolunu oynamalıdır. Başqa sözlə istehlakçı da öz məsuliyyətini anlamalı və dövlətə bu sahədə öz dəstəyini göstərməlidir. Bununla istehlakçı həm də öz sağlamlığının qayğısına qalmış olacaq.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, yağ insan orqanizmi üçün  enerji mənbəyi hesab olunmaqla  yanaşı, eyni zamanda, vacib və kimyəvi tərkibi keyfiyyətli yağ turşularından və doymamış  yağlardan ibarət olan qida məhsuludur. Bu yağın insan orqanizminə təsiri, xüsusilə də yeniyetməlik və gənclik  dönəmində daha çox rol oynayır.

Qida mütəxəssisinin sözlərinə görə, bu gün satışda keyfiyyətsiz, kərə yağı  adı altında  satılan yağlar var ki, onlara  diqqət etməliyik. İlk olaraq, nəzərə almalıyıq ki, yağ mövsümünə görə  dəyişərək  20-25 litr süddən əldən olunur. Nəzərə  alsaq ki, südün qiymətini və bu yağın alınma prosesindəki çəkilən xərcləri yağın əmələ  gəlməsində və qiymətinin ucuz olması ilk növbədə şübhəli hal kimi dəyərləndirilməlidir. Digər məqam ondan ibarətdir ki, etiket qaydalarına  diqqət etməliyik. Yaxşı olar ki, risk mənbəyi olan markasız və çəki ilə  satılan  məhsulları almayaq. Bunun əvəzində mənşəyi və istehsal müəssisəsi bəlli olan qida məhsulu almaq lazımdır.

Məhsəti Hüseynova vurğuladı ki, ev şəraitində də yağın keyfiyyətli olub-olmamasını ayırd edə bilərik. Yağı isti suda az miqdarda əritdikdə bir parça halında dərhal əriyirsə bu, keyfiyyətli yağdır. Əgər hissələrə bölünərək gec əriyirsə və bəzən yumru və yaxud topa şəklində qalırsa bu, onun keyfiyyətsiz olduğunu göstərir. Təbii kərə yağı insanın bədən temperaturunda artıq əriməyə başlayır. Əl və ya dil üzərində qoyduqda dərhal əriyirsə, ağızda xoşagələn dad qalırsa bu, onun keyfiyyətli olduğunun göstəricisidir.  Əgər gec əriyirsə və ağızda xoşagələn daddan əlavə acılıq varsa bu, onun keyfiyyətsiz yağ olduğunu da göstərir. Kərə yağını tavada isidərkən köpüklənirsə, daha ağ rəng çalırsa bu, onun tərkibinin təbii südün ayranından olduğunu göstərir. Ancaq hər hansı bir köpüklənmə yoxdursa, olduğu kimi əriyirsə bu da onun keyfiyyətsiz trans və spred yağdan olduğunu göstərir. Xalis kərə yağını otaq temperaturunda uzun müddət saxladıqda o formasını uzun müddət saxlayır, sadəcə olaraq həmin formada yumşalır. Amma keyfiyyətsiz yağ isə ərimə başladığı andan ətrafa su şəklində ayrılırsa, bircinsli şəkildə deyil, fərqli rənglər ortaya çıxırsa bu da onun  keyfiyyətsiz yağ olduğunu göstərir.  

Həmsöhbətimiz bildirdi ki, saxta yağların hazırlanmasında spred, marqarindən istifadə olunur ki, bunlar insan bədən temperaturunda ərimədiyi və həzm olunmadığı üçün damarlarda yığılıb qalır ki, bu da ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır. Bir çox inkişaf etmiş ölkələr zərərlərinə görə marqarin  yağlarından istifadə və onun satışı qadağan olunub. Sağlamlığına dəyər verən insanlar gün ərzində 20-30 qram yağ qəbul etsə bu, onun üçün yetərlidir. Səhər yeməyi zamanı  keyfiyyətli yağ qəbul edərsə daha faydalı olar, nəinki, daha ucuz yağı alıb, ondan  daha çox istifadə etmək. Ona görə də keyfiyyətli və sağlam məhsuldan istifadə etmək lazımdır.

Müsahibimiz əlavə etdi ki, bir çox kərə yağları hazırlanarkən palma yağından istifadə olunur. İstehlakçılar  sağlamlığına diqqət etmək üçün etiket məlumatlarının doğruluğunu yoxlamalıdır. Belə olan halda da təbii ki, yaranan təhlükəli xəstəliklərdən özlərini xilas etmiş olarlar.

Yaqut Ağaşahqızı, “İki sahil”