18 yanvar 2018 21:23
1506

20 Yanvar xalqımızın qan yaddaşıdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən Bakıda törədilmiş qanlı hadisələrin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, 20 Yanvar xalqımızın qan yaddaşıdır və hər il şəhidlərimizi anmaq borcumuzdur.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyi və bununla həmin hadisələrə ilk siyasi qiymətin verildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, xalqımıza qarşı törədilən bu qanlı hadisəyə ilk dəfə hüquqi qiymət də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra verilib.

Ənənəyə uyğun olaraq filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı “20 Yanvar hadisələri və Azərbaycan ədəbiyyatı” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə 20 Yanvar hadisələrinin Azərbaycan ədəbiyyatında əksi məsələləri ətraflı şərh edilib.